Mingəçevir Dövlət Universiteti Elmi Şurasının iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Zoom platforması üzərindən online formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov son günlər rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından informasiya cəbhəsində universitet kollektivinin üzərinə düşən vəzifələrdən danışıb.

 

Sonra 2019/2020-ci tədris ilinin yaz və yay imtahan sessiyalarının yekunları haqqında hesabat dinlənilib. Hesabatda müvafiq hazırlıq işləri, eləcə də professor-müəllim və inzibati-texniki heyət üzvlərinin səyləri sayəsində hər iki sessiyanın uğurla sona yetməsi, əvvəlki dövrlərlə müqayisədə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətə çatdırılıb. Məsələ ətrafında müzakirələr aparılıb və təqdim edilən hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

 

2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında hesabat da dinlənilib.

 

Hesabatda cari tədris ili üçün MDU-da tələbə qəbulu planının bakalavriat səviyyəsi üzrə 92%, magistratura üzrə isə 88% dolduğu bildirilib. MDU tərəfindən aparılmış təbliğat işləri, mövcud dövrün reallıqlarından irəli gələrək universitetə qəbul olunanların qeydiyyatdan keçməsi durumu, bir sıra ixtisaslar üzrə subbakalavrların üstünlük təşkil etməsi və digər məsələlər barədə məlumat verilib.

 

Müzakirələrdən sonra  hesabat Elmi Şura tərəfindən qəbul edilib.

 

İclasda 2020/2021-ci tədris ili üçün MDU Elmi Şurasının iş planı layihəsi də müzakirə olunub və təsdiq edilib.

 

Elmi Şura iclasının gündəliyinə uyğun olaraq, rektor Ş.Bayramov cari tədris ilində qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verib. Bütün istiqamətlər üzrə fəaliyyətin xüsusi karantin rejiminin və mövcud hərbi vəziyyətin reallıqları nəzərə alınmaqla həyata keçirilməli olduğunu qeyd edən rektor hazırda bütün təhsil müəssisələrində iki həftəlik tətilin elan edildiyini xatırladıb.

 

Məsəfədən təhsilin təşkili istiqamətində görülməli olan işlər barədə danışan Ş.Bayramov elektron tədris resursları (sillabuslar, mühazirə mətnləri, təqdimatlar, dərsliklər, videodərslər) bazasının genişləndirilməsi və tələbələrə çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Tədris ili ərzində elmi fəaliyyətin təşkilindən bəhs edən rektor əməkdaşların MDU-da və digər ali təhsil müəssisələrində keçiriləcək elmi konfranslarda fəal iştirakının təmin olunmasının vacibliyini bildirib.

 

İclas digər cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.



22.10.2020 | 14:16