Qələbəni öz yaradıcılıqlarında yaşadan istedadlı şagirdlər | |
Azərbaycan təhsil sisteminin gözəl cəhətlərindən biri də odur ki, şagirdlərə bilik verməklə yanaşı, onları həm də vətənpərvər ruhda yetişdirir. Ölkəmiz hazırda erməni işğalı altında olan torpaqlarını azad etmək uğrunda mübarizə aparır; hamı bu mübarizəyə müxtəlif formalarda səfərbər olur, istedadlı məktəblilərimizsə öz yaradıcı işləri ilə mətin, iradəli, qəhrəman əsgərlərimizə mənəvi dəstək göstərirlər. Onlardan bir neçəsini tanıyaq.
Ayaz Nəcəfli paytaxtdakı 220 nömrəli məktəb-liseyin şagirdi, beynəlxalq müsabiqələr qalibi, 3 nömrəli Uşaq Gənclər Mərkəzinin “Palitra” rəsm” dərnəyinin fəal üzvüdür. Rəsmlərinə həyəcansız baxmaq olmur. General Polad Həşimovun göstərdiyi şücaəti çəkdiyi portretdə təsvir edib. “Sülh istəyirik”, “Qarabağ Azərbaycandır!”, “Qələbə sorağı ilə” rəsmlərində isə Azərbaycan əsgərlərinin qəhrəmanlıqları göstərilib. Ayaz mərkəzdə keçirilən “Əziz əsgər” aksiyasına da qoşulub. Bu gün cəbhə bölgəsindən aldığımız qürurverici xəbərlər onu daha yaxşı oxumağa, əsərlər yaratmağa sövq edir.
Cəmilə Məmmədli 290 nömrəli məktəbin şagirdi, mərkəzin vokal dərnəyinin üzvüdür. “İgidlər yurdu Azərbaycan”, “Torpağın səsi”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” və sair mahnıları hazırladığını deyir. Şuşada konsert verəcəyini arzulayır. Səbirsizliklə torpaqlarımızın azğın düşmənlərdən azad olunacağı istəyi ilə yaşayır.Əsgərlərimizlə qürur duyur, onlara qələbə arzulayır.
Cavid Haqverdiyev 74 nömrəli məktəbin şagirdi, beynəlxalq müsabiqələr qalibi, mərkəzin vokal mahnı teatrının üzvüdür. Əsgərlərimizin qələbələrini alqışlayır və torpaqlarımızın işğaldan qurtarılmasını böyük ruh yüksəkliyi ilə qarşılayır. Dediyinə görə, bəstəkar Aygün Səmədzadə ilə “ Azərbaycan” mahnısı üzərində işləyir.
Sifai SƏFƏROVA
|
|
20.10.2020 | 15:06 | |
|
|
|