NDU –da tədrisi ingilis dilində aparılacaq İqtisadiyyat ixtisası açılıb

Naxçıvan Dövlət Universitetində (NDU) tədrisi ingilis dilində olacaq İqtisadiyyat  ixtisası açılıb. 2020-2021-ci tədris ilində ingilis dilli ixtisasa 12 yerli və 3 nəfər əcnəbi olmaqla 15 tələbə qəbul olub.

 

Tələbələrlə görüşən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında yeni yaradılmış və tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası iqtisadiyyat və idarəetmə  fakültəsinin bazasında yaradılıb. Vurğulanıb ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib.

 

Tədbirdə o da diqqətə çatdırılıb ki, ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə olan ixtisasların fəaliyyətə başlamasını zəruri edir.

 

Rektor tələbələrə uğurlar arzulayıb, onlara hədiyyələr təqdim edib.

 

Qeyd edək ki, gələcəkdə müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində Avropa Universitetləri ilə əməkdaşlığı əsas prioritet kimi müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də ali məktəbdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.

 

 

 



19.10.2020 | 11:27