Müharibə dövrünün məktəbi
  • * İndiki həssas məqamda müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
  • * Təhsil nümayəndələri arasında da döyüşə könüllü yollananlar var.
  • * 11-ci sinif şagirdi Həmzə Yunusov: “Dostum şəhid oldu”.
  • * “Dərs vaxtı” teledərsləri hazırda şagirdlər üçün ən effektiv və əlçatan öyrətmə mənbəyidir.

 

Sentyabrın 27-dən başlayaraq ölkəmizdə  yeni ab-hava yarandı. Qarabağ münaqişəsinin həllinə yönəlmiş ədalətli zəfər savaşının başlandığı bu gün gözlənilən idi. Artıq 30 ilə yaxındır ki, təhsil ocaqlarında düşmən tərəfindən zəbt olunan tarixi torpaqlarımızın işğal günlərini, bu mübarizənin qəhrəmanlarının adlarını əzbərləyən Vətənpərvər gənc nəsil yetişmişdi.  İndi mübariz ruhlu bu gənclər kitablardan oxuduqları, valideynlərindən, müəllimlərindən eşitdikləri haqq mübarizəsinin canlı şahidinə çevrildilər. Vətənpərvərlik ruhu, xarakteri genetik mirasdır. Təbii ki, bu hissi düzgün formalaşdırmaq əsasən təhsil camiəsinin üzərinə düşür.

 

Psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı bildirir ki, istər valideynlər, istərsə də pedaqoqlar vətənpərvəlikdən, işğal olunmuş torpaqlarımızdan, şəhidlərimizdən, qəhrəmanlarımızdan söhbət açarkən ruh yüksəkliyi, böyük fərəh hissi, sevgi ilə danışmalıdırlar: “Xüsusən məktəblərdə, təhsil ocaqlarında vətən uğrunda igidlik göstərən şəxsiyyətlərin həyatı, döyüş tarixçəsi haqqında şagirdlərini məlumatlandırmalı, onlarla müzakirə təşkil edilməlidir. “Şəhidlər ölməz, vətən bölünməz” anlayışı erkən yaşlardan ailədə, sonra məktəbdə aşılanmalıdır. Birlik, həmrəylik, xalqın milli kimliyinin əhəmiyyəti, vacibliyi izah edilməlidir. Eyni zamanda, övladlarımız düşmənin yerləşdiyi coğrafi məkana, mədəniyyətinə, iqtisadi vəziyyətinə, xislətinə də bələd olmalıdır. Bu, onlarda hadisələrə məntiqli yanaşma, araşdırma qabiliyyətini formalaşdırır”.

 

 

 

Cəhbəyə yollanan mübariz müəllimlər

 

İxtisasından, peşəsindən asılı olmayaraq indi hamı eyni cəbhədədir. Təhsil sahəsinin nümayəndələri, müəllimlər arasında da könüllü olaraq döyüşə yollanan insanlar var. Şabran Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov, Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev və onlarla müəllim döyüşə yollanıb.

 

Həmin məktəbin tarix müəllimi Mehriban Abdullayeva “ölkəmizin indiki həssas məqamında hər bir insanın üzərində böyük məsuliyyət, öhdəlik var”, - deyir. Mehriban xanım bildirir ki, bu günün yetişəcəyini gözləyirdilər. “Həmişə həm aşağı, həm də yuxarı sinif şagirdləri ilə yaş səviyyəsinə uyğun olaraq, ölkəmizin tarixi torpaqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr təşkil edirəm. Müəllim kimi bizim borcumuzdur ki, hər bir şagirdimizə ölkəmizin tarixini dərindən öyrədək, vətənpərvərlik hissini aşılayaq, düşmənlə savaşın mahiyyətini anladaq.  İndi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaşanır.  Hətta yuxarı sinifdə təhsil alan şagirdlərimiz arasında təəssüflə döyüşdə iştirak üçün yaşlarının çatmadığını deyənlər var”.

 

 

 

Şagirdlərin dərsə hazırlıq motivasiyası

 

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həmzə Yunusov deyir ki, baxmayaraq müvəqqəti çətinlik yaşayırlar, məktəbdən uzaq qalıblar, dərslərə hazırlığa məsuliyyətlə yanaşır. “Çox böyük kədər hissi ilə deyim ki, bu döyüşdə dostum, təhsil aldığım məktəbin 2019-cu il məzunu Xaləddin Cəlilov şəhid oldu. Biz dostlarım, sinif yoldaşlarımla da söhbətimizdə danışırıq ki, indi hər birimiz öz yerimizdə, məktəbimizdə vətən üçün əsgər sayılırıq. Biz anlayırıq ki, ölkəmizə həm də savadlı, ziyalı insanlar lazımdır. Səsimizi dünyaya çatdırmaq üçün əlimizdən gəldiyi qədər informasiya müharibəsinə də qatılırıq. Savadlı gənclərimiz çox olsa, ağılla, biliklə də ölkəmizin inkişafına töhfə verə bilərik”.

 

Şagirdlər “Dərs vaxtı”nda

 

Goranboy rayonu Qızılhacılı qəsəbəsi şəhid Dilbazi Qasımov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Zeynalova bildirir ki, hətta indiyədək ermənilər tərəfindən törədilən təxribatlar, atəşkəsin pozulması zamanı aldığımız xəbərlər, eşitdiyimiz atəş səsləri nə şagirdlərimizin, müəllimlərimizin əhvalına zərrə qədər təsir edib, nə də onları qorxudub: “Şagirdlərimiz tez-tez əlaqə saxlayır, qorxmadıqlarını, məktəbə gəlmək istədiklərini deyirlər. “Dərs vaxtı” teledərsləri onlayn təhsil imkanlarının da məhdud olduğu bu məqamda həm müəllimlərə, həm də şagirdlərimizə çox kömək oldu. Onlara bu dərslərdən yararlanmağı tövsiyə edirəm”. 

 

Ağstafa rayonu Tatlı kənd məktəbinin ibtidai sinif müəllimi Elnarə İbrahimova Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Dərs vaxtı” teledərslərini indiki mürəkkəb şəraitdə rahat, əlçatan bilik mənbəyi hesab edir və bu dəstəyin məktəb mühiti üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayır. “Şagirdlərimizə “Mədəniyyət” və “Arb Günəş” telekanallarında yayımlanan dərsləri diqqətlə izləməyi tövsiyə edirəm”, - deyir.  Elnarə xanım Ermənistanla sərhəd zonasında yerləşən bu kənddə artıq 20 ilə yaxındır ki, çalışır. “Mən bu illər ərzində rayonun mərkəzindən işə gəlirəm. Atəş səslərinə vərdiş etmiş bir ərazinin sakinləri arasında mənim həm insanlıq, həm də müəllimlik təcrübəm püxtələşib. Şagirdlərə vətən, torpaq sevgisini aşılamaqda ilk müəllimin əvəzsiz xidməti var. Həm də müəllim kimi borcumuzdur ki, xüsusən belə çətin zamanda onlara psixoloji, mənəvi dəstək olaq”.

 

 

Qeyd edək ki, sentyabrın 27-dən cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriyadan atəş nəticəsində 40-a yaxın ümumi təhsil müəssisəsinə zərər dəyib.

 

Gülnarə İLHAM



16.10.2020 | 15:41