Məktəblər yenidən açıldıqdan sonra...

Dünyanı bürümüş COVID-19 böhranı ayrı-ayrı ölkələrdə təhsil sistemləri üçün bir sıra problemlər yaratmaqdadır. Sentyabrda  fərqli ölkələrdə məktəblərin yenidən açılması  təhsil  prosesinin iştirakçıları üçün heç də rəvan keçmədi. Özünün ikinci dalğasını gətirən gözəgörünməz pandemiya təhsil sistemlərini tədrisin müxtəlif formatlarını tətbiq etməyə, bu sahədə daha tədbirli olmağa, çevik addımlar atmağa səfərbər etdi.  Dünyanın ayrı-ayrı ölkələrində yenidən açılan təhsil  müəssisələrində tədrisin davamlılığına  nail olmaq mümkün oldumu? Məktəb sistemləri ikinci dalğaya necə cavab verir? Bu yazıda fərqli ölkələrdə məktəblərin yenidən açılmasından sonrakı vəziyyətə diqqət yetirməyə çalışdıq.

 

RUSİYA

 

Yeni tədris ilinə sentyabrın 1-də ənənəvi formatda başlayan Rusiya Federasiyasında koronavirusa yoluxma hallarının artması nəticəsində 100-dən çox məktəb distant təhsilə keçib. Maarif naziri Sergey Kravtsovun sözlərinə görə, “bu gün dərsləri distant texnologiyalarla təmin edən 108 məktəb var”.  Nazir son günlərdə müəyyən bölgələrdə xəstəliklərin dinamikası ilə bağlı hesabatların tez-tez artdığını qeyd edib. O, təhsil sistemindəki vəziyyətin hərtərəfli şəkildə izlənildiyini,  bunun hazırda bütün yerli təhsil orqanlarının əsas vəzifəsi olduğunu deyib. “Bu gün deyə bilərəm ki, təhsil sistemi bütün ölkədə tam işlək vəziyyətdədir. Bu prosesi heç bir şey təhdid etmir”.

 

S.Kravtsovun sözlərinə görə, regionlardakı təhsil müəssisələrində koronavirusa qarşı profilaktik tədbirlərə riayət olunmasına nəzarət gücləndirilməlidir. “Təhsilalanları, müəllimləri, təhsil sisteminin bütün iştirakçılarını bir daha səhiyyə orqanlarının müəyyən etdiyi bütün lazımi tədbirlərə riayət etməyə çağırıram”, - deyə nazir müəllim və şagirdlərə müraciət edib.  Nazir əlavə edib ki, narahatlıqları atmaq, gigiyena qaydalarına riayət etmək, məktəblər daxilində lazımi tədbirlərə diqqət yetirmək lazımdır.

 

Bu arada rusiyalı müəllimlər postpandemiya dövründə distant təlimin nəticələrini qiymətləndiriblər.  Aparılmış rəy sorğularına əsasən, müəllimlərin əksəriyyəti distant təhsilə keçidi yeni bacarıq və səlahiyyətlər əldə etmək məqsədilə özünütəhsil ilə məşğul olmağa səbəb kimi qiymətləndiriblər. Respondentlərin 77 faizi distant təhsilə keçidin nəticəsi kimi əlavə ixtisas və qeyri-ixtisas təhsili aldığını qeyd edib. Eyni zamanda, müəllimlərin  47 faizi mövcud reallıqlarda həqiqətən də yeni bilik və bacarıqlarının olmamasını hiss etdiyini bildirib.

 

Müəllimlərin daha 57 faizi etiraf edib ki, bu il bir il əvvəlkindən daha çox təhsil almalı olub. Respondentlərin yarıdan çoxu (53 faiz) üçün onların əsas peşə fəaliyyəti ilə birbaşa bağlı olmayan istiqamətləri mənimsəmək vacib idi. Belə ki, müəllimlərin 80 faizi rəqəmsal savadlılığını artırıb. 70 faizi isə video konfrans vasitələrindən istifadədə biliklərinin çatışmazlığı narahat edir.

 

Bununla yanaşı, distant tədris dövründə yeni rəqəmsal alətləri mənimsəyən müəllimlərin 83 faizi onları mütəmadi olaraq, o cümlədən gündəlik dərslərdə tətbiq etməyə davam etdiyini qeyd edib.

 

UKRAYNA

 

Ukraynada məktəblərin yenidən açılmasından sonra tədris prosesinin iştirakçıları arasında virusa yoluxma halları hər gün artıb, şagirdlər, tələbələr və müəllimlər arasında  kütləvi hallar müşahidə olunub.  Yerli ekspertlər qeyd  edirlər ki, artıq gözləmək olmaz, məktəblər və universitetlər onlayn təhsilə göndərilməlidir.

 

“24 kanal”  xəbər verir ki, Ukraynanın hər yerində məktəblər getdikcə bağlanır, paytaxtda isə Taras Şevçenko adına Universitet distant təhsilə keçirilib. Parlamentin milli sağlamlıq, tibbi yardım və tibbi sığorta komitəsinin sədri Mixail Radutski bildirib ki, bütün məktəblər və universitetlər onlayn təhsilə göndərilməlidir. Tezliklə hökumətin 22 iyul 2020-ci il tarixli 641 nömrəli “COVID-19 kəskin respirator xəstəliyinin geniş yayıldığı ərazilərdə karantin rejiminin müəyyən edilməsi və gücləndirilmiş epidemiya əleyhinə tədbirlərin tətbiqi haqqında” qərarını dəyişdirmək lazım olacaq, çünki Dünya Səhiyyə Təşkilatı artıq karantinin tətbiqi və zonalaşdırılması meyarlarını dəyişib. Ekspertlər qeyd edirlər ki,  xəstəliyin sürətlə yayılması tempinin qarşısını almaq üçün bütün şagirdləri onlayn təhsilə keçirmək lazımdır. Hesab olunur ki,  xəstəliyin simptomsuz daşıyıcısı olan şagirdlər və tələbələr üçün uzaqdan təlim tətbiq etmək lazımdır.

 

GÜRCÜSTAN

 

Gürcüstanda tədris ilinin başlanması ilə ölkədə şagirdlər və müəllimlər arasında koronavirus infeksiyasına tutulma halları daha da artıb. Bir çox təhsil müəssisələri yenidən distant tədris üsuluna qayıtmağa məcbur olub. Demək olar ki, yoluxma halı müşahidə olunan hər bir məktəb  tamamilə, Gürcüstanın paytaxtında  32 nömrəli şəhər məktəbinin 30 müəllimi və 900 şagirdi isə yoluxma ilə əlaqədar  yenidən distant iş rejiminə keçib.

 

Xatırladaq ki,  Gürcüstanın böyük şəhərlərində  oktyabrın 1-dən etibarən 1-6-ci sinif şagirdləri uzun fasilədən sonra məktəblərinə qayıdıblar. VII-XII sinif şagirdləri isə məsafədən tədrisi davam etdirirlər.

 

Məktəblərə gedən I-VI  sinif şagirdlərinin valideynlərinə övladlarının məsafədən tədrisi davam etdirmələri və gündəlik dərslərə getməmələrini istədikləri təqdirdə Təhsil Nazirliyinin saytında yerləşdirilmiş müraciəti doldurmaları və ya müvafiq təhsil müəssisəsinə sorğu göndərmələri tövsiyə olunub. 

 

BÖYÜK BRİTANİYA

 

Böyük Britaniyanın Təhsil Nazirliyinin son məlumatlarına əsasən, ölkədə şagirdlər və müəllim heyəti,  işçilər arasında yayılan  infeksiya səbəbindən qismən bağlanmaq məcburiyyətində qalan dövlət məktəblərinin sayı ötən həftələr ərzində yenidən artıb. Koronavirusla bağlı kifayət qədər şagird kontingenti olmayan  məktəblərin sayı  6%-dən 7%-ə qədər  artıb və ya ümumilikdə 1500-dən çox məktəbi əhatə edib.  Baş nazir Boris Conson mühafizəkarlar partiyasının konfransındakı çıxışında  hazırda şagirdlərin koronavirus səbəbindən itirdiklərinin kompensasiya olunmasına kömək etmək üçün planlaşdırılan fərdi təlimdən istifadəni genişləndirməyə çağırıb: “Biz hamımız çətinlikləri görürük, amma hesab edirəm ki, bu cür intensiv təlim transformasiya oluna və valideynlər üçün böyük əhəmiyyət kəsb edə bilər”.

 

COVID-19  pandemiyasına yoluxma hallarının artması ilə əlaqədar Böyük Britaniyanın ali təhsil müəssisələri də əyani təhsili  dayandırmağa məcbur olub. “The Guardian” qəzetinin yazdığına əsasən, Böyük Britaniyanın 80-dən çox universitetində tələbə və əməkdaşlar arasında ən azı 5000 təsdiqlənmiş COVID -19 xəstəliyinə yoluxma halı qeydə alınıb. İlk növbədə 600 tələbəsində virusa yoluxma halı təsdiqlənmiş  Şeffild Universiteti klinik kurslardan başqa, 19 oktyabra qədər gündəlik əyani təhsili  dayandırmağa qərar verib.  Mançester Universitetində 1000-dən çox tələbə əyani  təhsili  dayandırıb.

 

Digər universitetlər də bildiriblər ki, tələbələr yeni tədris ilinin əvvəlində kampuslara köçdükdən iki həftə sonra onlarda artan yoluxma halları müşahidə olunub. Mançester Metropolitan Universiteti (MMU) də  bir neçə ixtisaslaşdırılmış kurs istisna olmaqla dərs və seminarların  dayandırılacağını və ən azı oktyabrın sonuna qədər onlayn təhsilə keçəcəklərini bildirib. Oktyabrın əvvəllərinə bu ali məktəbdə 500 virusa yoluxma halı təsdiqlənib. Universitet rəhbərliyi 1700-dən artıq tələbəyə özünütəcrid rejiminə keçmək barədə göstəriş verib. 91 tələbə  50 funt-sterlinq cərimə olunub və sosial məsafə qaydalarını pozduqlarına və ya tələbə yataqxanalarında kütləvi tədbirlərə qatılan 39 tələbəyə isə xəbərdarlıq olunub.

 

Beləliklə də, məktəblər yenidən açıldıqdan sonra pandemiyanın ikinci dalğası səbəbindən təhsil müəssisələrinin distant tədrisə keçməsinin özündə bir sıra müsbət transformasiyaları da ehtiva etdiyini görə bilirik. Ümumdünya İqtisadi Forumun açıqlamasına əsasən, pandemiya göstərdi ki, virtual təhsil təlim və peşə hazırlığı prosesini sürətləndirmək üçün uğurla istifadə edilə bilər. COVID-19 dünyamızı daha da virtual etdi. Bunun niyə yaxşı olduğunu göstərən üç səbəb var:

 

  • - Pandemiya rəqəmsal texnologiyaların tətbiqini təsəvvür etdiyimizdən daha tez sürətləndirdi.
  • - Şirkətlər dağınıq halda olan qlobal istedadları birləşdirmək üçün texnologiyanın gücünü  dərk edirlər.
  • - Virtual təhsil getdikcə daha da inkişaf edir və bütün dünyada fayda verə bilər. 

 

Bu yaxınlarda Cognizant Gələcək İş Mərkəzinin həmtəsisçisi futuroloq Ben Prinqin dediyi kimi: “COVID-19 gələcəyi sürətlə bu günə daşıyır”.

 

Oruc MUSTAFAYEV



16.10.2020 | 12:00