Cəbrayıllı müəllimlərin qələbə sevinci | |
4 oktyabr 2020-ci il. Ali Baş Komandan İlham Əliyev 27 il əvvəl mənfur ermənilər tərəfindən işğal olunan Cəbrayılın azad olunduğunu elan edir. Necə də sevindirici, qürurverici xəbərdir. İllərdir vətən, torpaq həsrəti ilə yaşayan xalqımız üçün bundan gözəl müjdə ola bilərdimi? Əlbəttə ki, yox.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin başçılığı altında həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur düşməndən azad etməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaradır, Qarabağın hər bir qarışının azad olunacağına inamı daha da artırır.
Qeyd edək ki, bu günlərdə Təhsil Nazirliyi ictimaiyyətə işğaldan azad olunan Cəbrayıl rayonunun təhsil statistikasını təqdim edib. Statistikaya görə Cəbrayıl rayonunda işğaldan əvvəl, yəni 1992-1993-cü tədris ilində 72 məktəbdə 11020 şagirdin təlim-tərbiyyəsi ilə 1582 müəllim məşğul olub. 2020-2021-ci tədris ilində isə Cəbrayıl rayonunun 41 məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında ümumilikdə 1055 müəllim 9045 şagirdin təlim-tərbiyəsinə cəlb olunub.
Fürsətdən istifadə edib Cəbrayıl rayonunun təhsil işçiləri, şagirdlərlə söhbətləşdik. Onların bu sevinc dolu günlərində hansı hissləri keçirdiklərini öyrəndik.
“Bir vaxtlar şagird kimi təhsil aldığım məktəbdə bu gün müəllim kimi fəaliyyət göstərməyi səbirsizliklə gözləyirəm”
Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şahnazxanım Şükürzadə bildirir ki, Cəbrayıl işğal olunan zaman onun 11 yaşı hələ tamam deyilmiş. O, hər dəfə peyk vasitəsilə kəndlərinin xəritəsinə baxanda bağrının tikə-parça olduğunu, lakin həmin günlərin artıq arxada qaldığını deyir: “Şükürlər olsun ki, bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun yenilməz şücaətilə Cəbrayılımız işğaldan azad olunub. Zəfər bayrağımız doğma Cəbrayılımızda dalğalanır. Bir Azərbaycan müəllimi kimi mənim də üzərimə şərəfli vəzifələr düşür. Bir vaxtlar şagird kimi təhsil aldığım məktəbdə bu gün müəllim kimi fəaliyyət göstərməyi səbirsizliklə gözləyirəm”.
“Ata, gözlərin aydın, Cəbrayıl alındı”
Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbin müəllimi Mirzə Mirimli də sevinc dolu hisslərini bizimlə bölüşüb. Mirzə müəllim deyir ki, doğma torpağa, yurda çox bağlı adamdı. Məhz elə buna görə də o ali məktəbi bitirən kimi doğma kəndlərində işləməyə can atıb. Doğma yurdlarının işğal olduğu günləri isə belə xatırlayır: “1993-cü ilin avqustunda sonsuz ürək ağrısı ilə Cəbrayıldan ayrıldıq. Məskunlaşdığımız çadır şəhərciyində biz müəllimlər şəraitin dözülməz olduğuna baxmayaraq, bütün şagirdləri təhsilə cəlb etdik. İkiqat qüvvə ilə işləyərək, Cəbrayıl təhsilinin ənənələrini əzmlə davam etdirdik. O vaxtdan 27 il ötsə də, ümidlə yaşadıq, dövlətimizə, Prezidentimizə inamımız sonsuz oldu”. O, Cəbrayılın işğaldan azad olunduğu xəbərini oğlundan aldığını da sözlərinə əlavə edib: “27 sentyabrdan başlamış Vətən Müharibəsinin səkkizinci günü idi. Azərbaycan ordusunun zabiti olan oğlumdan bir zəng gəldi: “Ata, gözlərin aydın, Cəbrayıl alındı”… Bu bənzərsiz anları bizə bəxş edən Ali Baş Komandanımıza, Müzəffər Ordumuza dərin minnətdarlığımı bildirirəm”.
“Müəllimlik fəaliyyətimi doğma kəndimizdə davam etdirəcəyəm”
Cəbrayıl rayonu İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin müəllimi, “Qabaqcıl təhsil işçisi” döş nişanlı Hidayət Səfərli keçirdiyi sevinc dolu hissləri sözlə ifadə etməyin çox çətin olduğunu deyir. O, çətin, ağır günlərin artıq geridə qaldığını və bu hissləri onlara yaşatdığına görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirir: “Səksəninci illərin sonlarında kəndimizdəki doğma məktəbə böyük arzu və ümidlərlə gəldim. Az müddətdə şagirdlərimə özümü sevdirdim, kollektivin hörmətini qazandım. Heç ağlıma gəlməzdi ki, dərs ilinin sonunda vidalaşdığım şagirdlərimi yeni dərs ilində bir daha doğma sinfimizdə görə bilməyəcəyəm. Bədxah qonşularımız neçə-neçə arzularımı yarımçıq qoydu. O illərdən mənə acılı-şirinli xatirələrlər qaldı. Çətinliklərlə dolu köçkünlük illərində də çadır düşərgəsində, sonralar məcburi köçkün qəsəbəsində müəllimlik fəaliyyətimi davam etdirdim, vətənpərvər və hərtərəfli biliyə malik gənclərin hazırlanmasında qüvvə və bacarığımı əsirgəmədim. Harada oldumsa, doğma yurd yerlərimizə dönəcəyimizə olan inamımı itirmədim, bu arzu, istəklə yaşayıb müəllim olaraq fəaliyyət göstərdim.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Cəbrayıl şəhərinin və bir sıra kəndlərimizin işğaldan azad olunması bu inamımda yanılmadığımı göstərdi. Sevincimin hədd-hüdudu yoxdur, sadəcə olaraq bunu sözlə ifadə etmək olduqca çətindir. Doğma yurd yerlərimizə dönəcəyim və müəllimlik fəaliyyətimi doğma kəndimizdə davam etdirəcəyim günün çox yaxın olduğunu hiss edirəm, o günü səbirsizliklə gözləyirəm”.
“Bilirdik ki, gec-tez torpaqlarımız işğaldan azad olunacaq”
Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbinin müəllimi Zəfər Məmmədov ağrılı, acılı uşaqlıq və gənclik illərindən söhbət açdı. O, bu çətinliklərə sinə gərdiklərini və doğma yurdlarının azad olacağına ümidlərini heç vaxt itirmədiklərini sözlərinə əlavə etdi: “ Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevə həmişə inanmışıq. Bilirdik ki, gec-tez torpaqlarımız işğaldan azad olunacaq. Bu günü yaşamaq çox gözəl duyğu, çox qəribə hissdir.
İnsan həyatı boyu xoş, sevindirici anlarla yanaşı, ağır günlərin vurduğu silinməz yaraları da xatırlayır. Bu gün müstəqil dövlətimizin uğurları fonunda ağrılı, acılı uşaqlıq, yeniyetməlik, gənclik illərini canlandırıram. Doxsanıncı illərin amansız dalğasını yaşamış bir şagird kimi bütün çətinlikləri geridə qoya bildik. Məcburi köçkün həyatı yaşayan, doğmalarını itirmiş on səkkiz yaşlı uşaq üçün ali məktəbə daxil olmaq sevinci həyatda qazandığım uğurların başlanğıcı idi. O illərdə gələcəkdə öz şagirdlərimə xalqımızın tarixini, ədəbiyyatını, coğrafiyasını daha dərindən öyrətmək üçün var qüvvəm ilə elmi biliklərə yiyələnirdim. Qarşımda bir məqsəd var idi. Müəllim olmaq və doğma torpaqlarımızda şagirdlərə dərs demək. Şükürlər olsun ki, arzuma çatdım”.
“İndi səbirsizliklə görmədiyim ata yurduma gedəcəyim günü gözləyirəm”
Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbinin IX sinif şagirdi Atilla Əliyev də öz hisslərini bizimlə bölüşüb. O, heç vaxt görmədiyi doğma dədə-baba yurduna gedəcəyi günü səbirsizliklə gözlədiyini deyir: “Həmişə düşünürdüm ki, rayonumuz işğaldan azad olunsun, mən də tətilləri rayonumuzda keçirərəm. Ancaq dərhal düşündüm ki, yox, onsuz da bizim rayonumuz işğaldan azad olunan kimi öz rayonumuza köçəcəyik və orda yaşayacağıq. Valideynlərim həmişə “CƏNNƏT QARABAĞ” deyir. Həmişə düşünürəm ki, ilk gedəcəyim yer indi oxuduğum məktəbin oradakı binasının yerini ziyarət etmək olacaq. Artıq o gün gəlib çatıb. Müzəffər ordumuz Cəbrayıl şəhərini və bir sıra yaşayış məntəqələrini işğaldan azad edib. İndi səbirsizliklə görmədiyim ata yurduma gedəcəyim günü gözləyirəm”.
Niyazi RƏHİMOV
|
|
16.10.2020 | 11:19 | |
|
|
|