Emin ƏMRULLAYEV: “Öz Vətənini sevən vətəndaşlar Azərbaycan üçün ən vacib aktivlər, dəyər olacaq”

Xəbər verildiyi kimi, Təhsil naziri Emin Əmrullayev avqustun 30-da Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub. Müsahibəsində səsləndirdiyi  bir çox fikirlərin bu gün də aktuallıq kəsb etdiyini nəzərə alaraq bir daha oxucuların diqqətinə çatdırırıq.

 

* Daha çevik, daha  yaradıcı,  dəyişikliyə  tez uyğunlaşa bilən  vətəndaşlar,  o cümlədən də təbii ki,  milli-mənəvi  dəyərlərini  itirməyən,  öz Vətənini,  öz ölkəsini sevən  vətəndaşlar Azərbaycan üçün  birmənalı olaraq  ən vacib aktivlər,  dəyər olacaq.  Yəni, inkişaf  bu istiqamətdə  getməlidir.

 

* Biz müəllimi ümumi zaman oxuna qoysaq, Azərbaycan məktəbi tarixinə baxsaq, XIX əsrin sonu XX əsrin əvvəllərində, ümumiyyətlə, müəllim 100 il bundan əvvəl də verilmiş kənddə, qəsəbədə əsas informasiya daşıyıcısı idi... Müəllimin öyrədən olaraq, tərbiyəçi olaraq, nümunə olaraq  müqəddəsliyi daim qalmalıdır.

 

* Müəllimlərlə bağlı yaxşı xəbər ondan ibarətdir ki, son dövrlərdə müəllimlərin istər əməkhaqlarının artırılması, istər onların rəğbətləndirilməsi istiqamətində çox böyük addımlar  atılır, çox böyük işlər görülür. Fürsətdən istifadə edib ölkə rəhbərliyinə  təhsil işçiləri adından öz minnətdarlığımı bildirirəm. 

 

* Müəllimliyə gənclərin də gəlişi və yüksək bal toplayan,  müəllim olmaq istəyən və s. bu işlər onu göstərir ki, müəllim nüfuzu 10 il bundan əvvəlki dövrlərlə müqayisə edildikdə fərqli bir səviyyədədir. Bu, nailiyyətdir və buna sevinməliyik.

 

* Cənab Prezidentlə videokonfransda bir neçə  tapşırıqlar verildi. Ümumi fəlsəfi, konkret, uzunmüddətli hədəflər qeyd edildi. İlk növbədə, təhsilin məzmunu,  yəni, biz uşaqlarımıza nə öyrədirik və niyə öyrədirik  sualı önəmli məsələdir.

 

* Olimpiadalar niyə uğurludur? Çünki hərə öz işini düzgün qurur, uşaqlar oxuyur, müəllimlər dərs keçir, valideynlər dəstəkləyir,  koordinatorlar olimpiadaların, müsabiqələrin dürüstlüyünu təmin edir.

 

* Nazirliyin öz işini düz görməyinə mən söz verirəm, qurumun rəhbəri olaraq. Amma ailələrdə ev mühitinin yaxşılaşdırılmasına biz dəstək göstərməyə hazırıq və bu işi etməliyik. Lakin hər birimiz, valideynlər öz məsuliyyətini başa düşməlidir ki, insanın yetişməsində onun çox böyük payı var. 

 



16.10.2020 | 10:30