Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə olunub | |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbiri keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, elmi-təşkilati işlərdən danışıb.
Daha sonra Bölmənin Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin əsas nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bu dövrdə Bölmə əməkdaşlarının 14 monoqrafiyası, 10 kitabı, 1 metodik vəsaiti, 308 elmi məqaləsi, 164 konfrans materialı və 5 tezisi olmaqla 502 elmi əsəri nəşr edilib.
Əsərlərdən 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialı və 5 tezis xaricdə işıq üzü görüb. Bir xəritə, bir buklet tərtib edilib. 5 monoqrafiya, 2 kitab, 345 elmi məqalə hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Əməkdaşların 359 əsərinə istinadlar qeydə alınıb. Açıq dünya ensiklopediyası olan vikipediyada 14 yeni məqalə, 5 yeni şablon yaradılıb və 30-dan çox məqalə üzərində redaktə işləri aparılıb. “Elmi əsərlər” və “Axtarışlar” jurnalının 2 nömrəsi çapdan çıxıb.
Bundan başqa, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi, geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görüb.
Diqqətə çatdırılıb ki, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən geoparkın layihələndirilən ərazisinin geoloji, geomorfoloji, landşaft tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri, bu ərazidə yerləşən tarix-mədəniyyət, arxeoloji abidələr siyahısı qruplaşdırılıb, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Obyektlər barədə kompüter məlumat bazası yaradılıb.
Vurğulanıb ki, bu dövrdə, bölmədə Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibləri müəyyən edilib, yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. “Şorsu” müalicəvi palçığının həm krem, həm də quru toz formasında istehsalı işi, o cümlədən Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər davam etdirilir.
Həmçinin Bölmənin biokimyəvi tədqiqatlar laboratoriyasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq gülab istehsalına başlanılıb. Laboratoriyanın imkanlarından istifadə etməklə çaytikanı, kəklikotu, yovşan, raziyana, çöl nanəsi, üzərlik yağları, sarı çiçəkdən həm rəng, həm də toxumundan yağ, eyni zamanda itburnu doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulub.
Bildirilib ki, bölmənin 50 elmi dərəcəsi olan əməkdaşı hazırda 29 orta məktəbdə 8 fənn üzrə nümunəvi dərslər tədris edir. 3 elmi əməkdaşın interaktiv dərsi dinlənilib. Eyni zamanda Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi Bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Cari ildə əməkdaşların rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanıblar.
Bundan əlavə, Bölmənin 36 əməkdaşı 18 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib. Bölmə üzrə 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb.
|
|
14.10.2020 | 13:14 | |
|
|
|