Müəllimin parkı

Məktəb sadəcə universitetlərə tələbə, ya da orduya qəhrəman hazırlamır. Məktəb gələcəyə insan, dövlətə vətəndaş yetişdirir. Bu da bir həqiqətdir ki, vətən təəssübü çəkən oğul, vətəndaş mövqeyi nümayiş etdirən ziyalı, lazım gələrsə, əlinə silah alıb torpaqlarını qoruyan əsgər, lazım gələndə də bel-kürək götürüb torpağa can verən zəhmətkeş olmağı bacaran insan yetişdirmək sadəcə dərs proqramları, dərsliklərlə olmur. Yazılanlar, onları təsdiq edən nümunələr varsa, qüvvətli olur. Həmin örnək bir müəllimdir.

 

O, öz davranışı ilə şagirdlərinə, həmkarlarına, qonum-qonşularına, hətta həmvətənlərinə nümunədir. İllər öncə Qarabağın işğaldan azad olunması üçün canını ortaya qoyan, indi isə vətənin bataqlığını qurutmaq, boz çöllərini yaşıllaşdırmaq üçün qolunu çirməyən, maaşını belə əsirgəməyən birindən söhbət gedir. Yəqin fikirləşəcəksiniz ki, vətən üçün canından keçməyə hazır birinin pul xərcləməsi fədakarlıq kimi niyə təqdim olunsun? Ancaq nəzərə alanda ki, barəsində danışdığımız şəxs gündəlik gəliri olan biri deyil, ayda bir dəfə ailə büdcəsinə daxil olan maaşla dolanan müəllimdir, o zaman bu təəssübkeşliyin miqyasını təsəvvür etmək elə də çətin olmaz.

 

Bir müəllim şagirdlərinə göstərməlidir ki...

 

Hərbi Dəniz Akademiyasından məzun olan leytenant Qoşqar Qarayev ehtiyatda olan zabitdir, Qarabağ müharibəsi veteranıdır. 2000-ci ildən Goranboy rayon Borsunlu kənd 2 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edir. Həyata keçirdiyi təşəbbüslə nəinki məktəbində, rayonunda, hətta bütün ölkədə nümunə ola bilər: “Uzun illərdir ki, təhsil sistemində çalışıram. Bu müddət ərzində təlim-tərbiyəsində iştirak etdiyim şagirdlərin ölkəmiz üçün faydalı insan kimi böyüməsinə yardımçı olmağa çalışdım. Sağlam gələcək haqqında düşünürsüzsə, buna sadəcə məktəbdəki təhsillə nail olmaq çətindir. Onlara nümunə olmaq lazımdır. Bir müəllim şagirdlərinə göstərməlidir ki, insan hər vəziyyətdə vətəninə, dövlətinə, millətinə faydalı olmağa çalışmalıdır. Kimin nəyə gücü çatırsa, bir işin qulpundan yapışmalıdır. Mən də qulpundan yapışa biləcəyim bu fikri reallaşdırmaq qərarına gəldim”.

 

Bataqlıqda gül bitirən müəllim

 

Beləliklə, Qoşqar müəllim öz şəxsi imkanları hesabına yaşadığı kənddə park salıb. Özü də 10 sot ərazini əhatə edən yararsız torpaq sahəsində. Düşünüb ki, həmkəndliləri asudə vaxtlarında gəlib onun saldığı yaşıllıqda dincəlsinlər: “Parkın ərazisi əvvələr bataqlıq idi. Ərazini mənə vermələri üçün bələdiyyəyə müraciət etdim. O gündən gecəmi gündüzümə qatdım. Əvvəl bataqlığı qurutmaq üçün bura təxminən 140 ton torpaq tökdürdüm. Daha sonra parkda dekorativ güllər və həmişəyaşıl ağaclar əkdirdim. Parkın mərkəzində 14 metrlik bayraq ucaltdıq. Bir insan əli ilə çölü gülüstana çevirmək olar, bunun üçün sadəcə istəmək və işləmək lazımdır”.

 

Ağılda fikir, ürəkdə təpər varsa, cib boş olsa...

 

İş görmək, vətəninə faydalı insan olmaq üçün qəlbində istək vardı. Ağlına gələn fikri reallaşdırmaq üçün təşəbbüs göstərdi. İnsanın düşünən beyni, iş görmək həvəsi ilə çırpınan ürəyi varsa, qollarında gücü, dizlərində taqəti qalırsa, fikri qətidirsə, cibdə nə qədər pul olmasının elə bir əhəmiyyəti qalmır. Qoşqar müəllim məhz bunu sübut etdi: “Əlbəttə, çətinliklər çox oldu. Həm maddi cəhətdən çətinlik çəkdim, həm də kömək edəcək insanlar baxımından. Bütün çətinliklərin öhdəsindən tək gəldim. Qarşılaşdığım çətinliklər məni fikrimdən daşındırmadı, əksinə, qətiyyətimi artırdı. Gündən-günə daha da əzmlə çalışaraq istəyimi həyata keçirə bildim”.

 

Müəllimin xəyalları qanadlananda

 

Park yaşıllaşdıqca, Qoşqar müəllimin xəyalları da qanadlanır. Onun düşüncələrindəki parkın ərazisi indikindən dəfələrlə böyükdür: “Gələcəkdə parkın ərazisini daha da genişləndirmək istəyirəm. Çoxlu planım var. Təməlini qoyduğumuz fəvvarə meydanını başa çatdırmaq, həmişəyaşıl ağacların və güllərin sayını artırmaq istəyirəm”.

 

Sizcə, bir müəllimin qurduğu xəyallar, reallaşdırdığı layihə uşaqsız olarmı: “Parkın ərazisini genişləndirməyə nail olduqdan sonra isə uşaqların da əylənməsi üçün yelləncək və başqa avadanlıqlar quraşdırılmasını istəyirəm”.

 

Beləliklə, Qoşqar müəllim tədris etdiyi fənlə qəhrəman, seçdiyi həyat tərzi ilə layiqli vətəndaş yetişdirməyə xidmət edir. Yolun açıq, təşəbbüslərin real olsun, ey hörmətli müəllim!

 

Kənan İBRAHİMOV,

Nurəddin BABAYEV



01.06.2018 | 17:23