Şagirdlərdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi əsas hədəflərdəndir | |
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə müəllimlərin ən böyük və birinci dərəcəli vəzifəsi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onlara vətən üçün yaşayıram fikrini təlqin etməkdir. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşır. Azərbaycan xalqı bütün zamanlarda gələcəyimiz olan gənc nəslin öz vətəninə, xalqına, soykökünə, ata-babalarımızın bizə miras qoyduğu adət- ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmışdır. Danılmaz faktdır ki, ümumtəhsil məktəblərində təbliğ olunan vətənpərvərlik ideyaları şagirdlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslər yaradır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi, “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”. Bu gün məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək üçün muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılır, qədim və zəngin tarixi, mədəniyyəti özündə yaşadan yurd yerlərimizə, tarixi abidələrimizə ekskursiyalar təşkil olunur. Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin keçdiyi şərəfli döyüş yolları, dövlət atributlarımız - bayrağımız, gerbimiz, himnimiz şagirdlərə sevdirilir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimizin kadr potensialının artırılması və peşəkar zabitlərin yetişdirilməsi məqsədilə 1998-ci ildən muxtar respublikamızda fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialının bazasında 27 fevral 2004-cü il tarixdə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin yaradılması haqqında sərəncam imzalamışdır. Hərbi liseyin yaradılması tarixən Naxçıvan torpağının dünyaya bəxş etdiyi Kəngərlilər kimi peşəkar, təcrübəli, igid və qorxmaz generallar nəslinin davamçılarının yetişməsinə imkan yaratmışdır. Muxtar respublikamızda qədim hərb sənəti ənənələrini yaşatmaq, ixtisaslı və peşəkar kadr hazırlığını daha da təkmilləşdirmək məqsədi ilə yaradılmış Hərbi Lisey müasir informasiya texnologiyaları ilə təmin olunmuş, kursantların hərbi təhsilin sirlərinə dərindən yiyələnməsi üçün lazımi şərait yaradılmışdır. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin hərbi təhsilə marağını daha da artırmaq, onlarda stimul yaratmaq məqsədilə tərtib edilmiş qrafikə uyğun olaraq Hərbi Liseyə ekskursiyalar təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər liseydə yaradılmış şəraitlə əyani şəkildə tanış olmuş, kursantlarla birlikdə keçilən dərslərdə iştirak etmişlər.
Son illər muxtar republikamızda tikilib istifadəyə verilən yeni məktəb binaları laboratoriyalar, kitabxanalar, elektron lövhəli siniflərlə yanaşı, dünya standartlarına cavab verə biləcək hərbi kabinetlərlə daha da zənginləşdirilmişdir. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin yüksək səviyyədə təşkil edilməsi üçün ümumtəhsil məktəblərində hərbi kabinələri dövlət atributlarımız, milli qəhrəmanların portretləri, milli ordumuzda istifadə olunan silah və hərbi texnikanın sökülüb-yığılmasını və onlardan istifadə qaydalarını əks etdirən stend və güşələrlə, eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmişdir. Bu fənnin tədris olunmasının əsas məqsədi gəncləri ölkənin müdafiəsinə hazırlamaq, Azərbaycan Respublikası Konstitusiyasından və qanunlarından, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri öyrənməli, gələcəyin əsgərləri və peşəkar zabitləri olacaq şagirdlərin hərb sahəsi üzrə yüksək bilik və bacarıqlara yiyələnməsindən, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsindən ibarətdir.
Hər il mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir. Bu oyunlar gənclərin fiziki cəhətdən sağlam böyüməsinə, hərbi-vətənpərvərlik tərbiyəsinin geniş şəkildə təbliğ olunmasına, kütləvi şəkildə hərbi-idman oyunlarına cəlb edilməsinə, onlarda vətənə sevgi və məhəbbət hissinin aşılanmasına öz müsbət təsirini göstərir. Muxtar respublikamızın sərhədyanı bölgələrində yerləşən ümumtəhsil məktəblərində şagirdlərin vətənimizin tarixinə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında ümumtəhsil məktəblərimizin “Sərhəd” hərbi-idman oyunları sahəsində əldə olunan nailiyyətləri xüsusi yer tutur. 2017-ci ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin komandası Lənkəran rayonunda keçirilən “Sərhəd” hərbi-idman oyununun respublika mərhələsində muxtar respublikamızı uğurla təmsil etmiş və I yerə layiq görülmüşdür. Bu sahədə əldə olunan uğurlar davamlı xarakter almış, “Vətənin müdafiəsinə hazıram” poliatlon üzrə muxtar respublika birinciliyində qalib gələn Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası Xaçmaz rayonunda keçirilən yarışda respublika birincisi olmuşdur. Bununla yanaşı Şərur rayonunun Oğlanqala kənd tam orta məktəbinin komandası “Vətənin müdafiəsinə hazıram” poliatlon üzrə Mingəçevir şəhərində keçirilən yarışda uğurla iştirak etmiş və respublika ikincisi olmuşdur.
Bu gün məktəblərimizin qarşısında qoyulan ən ali məqsəd şagirdlərə hərbi vətənpərvərlik hissini aşılamaq, onları vətənimizin fəal müdafiəsinə hazırlamaq, həmişə ayıq-sayıq olmaq, daim öz üzərlərində çalışıb bilik və bacarıqlarını daha da artırmaq, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün məktəblə ailənin birliyi nəticəsində uşaqlarda vətənə, xalqa məhəbbət hissinin aşılanması davamlı olaraq həyata keçirilməlidir.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Fəaliyyət Planında qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar olaraq şagirdlərin kitabxanalara cəlb edilməsi, onların fiziki sağlamlığının daim nəzarətdə saxlanılması, şagirdlərə yüksək səviyyədə psixoloji xidmətin göstərilməsi, qloballaşan dünyamızda gənc nəslin xarici dil fənninə olan marağının daha da artırılması aktual məsələlər, dərslərin müasir təlim metodları ilə keçirilməsi və təhsil sahəsində qəbul edilmiş yeniliklər müzakirə olunur. Eyni zamanda nazirliyin əməkdaşları mütəmadi olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, çağırışaqədər hazırlıq rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi, onların ixtisasları üzrə bilik və bacarıqlarının daha da artırılması məqsədilə metodiki köməklik göstərir, məktəb kollektivinin, valideynlərin və şagirdlərin iştirakı ilə seminarlar təşkil edir, gənc nəslin torpağa və millətə sədaqət ruhunda tərbiyə olunması istiqamətində maarifləndirici tədbirlər həyata keçirirlər.
Kamal FƏRƏCOV, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı |
|
01.06.2018 | 17:09 | |
|
|
|