Məktəbdaxili qiymətləndirmə | |
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə təhsil nazirinin 02.09.2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş “Müvəqqəti təlimat” əsasında aparılır. Mövcud təlimatın təhsil prosesinə düzgün tətbiq olunmaması təhsilalanlar, təhsilverənlər, hətta valideynlər arasında fikir ayrılığına və narazılıqlara səbəb olur. Odur ki, tez-tez müzakirə obyekti olan qiymətləndirməyə münasibət bildirmək hər birimizin borcudur. Mənə gorə, məktəbdaxili qiymətləndirmənin hər hansı bir növünün ləğvi müzakirə obyekti olmamalıdır, ona görə ki, məqsədləri müxtəlifdir. İndi tətbiq edilən qiymətləndirmə mexanizmləri dünya təcrübəsindən bəhrələnməklə hazırlanmış və yəqin ki, asan başa gəlməmişdir. Dərsliklər və müəllim üçün metodik vəsaitlər də müasir qiymətləndirməyə uyğun yazılmışdır. Müəllimlərin məlum çətinlikləri isə göz qabağındadır. Bunu heç kim inkar etmir. Bəs, çıxış yolunu nədə axtarmalıyıq?
Diaqnostik qiymətləndirmədə müəllimlərin çətinliyi yoxdur.
Formativ qiymətləndirmədə müəllim səviyyələr üzrə rubriklər hazırlamalı, ona uyğun olaraq “Müəllimin qiymətləndirmə dəftəri”ndə rum rəqəmi ilə, məktəbli kitabçasında isə sözlə gündəlik qiymətləndirmə aparmalıdır. Məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, problemləri müəyyən edib aradan qaldırmaqdan ibarətdir.
Rubrikin hazırlanması müəllimdən xüsusi vaxt və yüksək elmi-metodiki hazırlıq tələb edir. Müəllim üçün metodik vəsaitlərdə mövzular üzrə rubriklər verildiyi halda, müəllim nə üçün onu təkrar hazırlamalıdır? Sinifdəki şagirdlərin səviyyəsini qiymətləndirmə apararkən də nəzərə ala bilər.
Standartların həm sinif jurnalında, həm də “Müəllimin qiymətləndirmə dəftəri”ndə təkrar yazılmasının mənası nədir?
Məlumdur ki, hər bir müəllimin fəaliyyətində başlıca yeri dərsə hazırlıq tutur. Bunun üçün müəllimlər gündəlik plan tərtib edirlər. Həmin planda dərsin mərhələlər üzrə təhlili verilir. Müəllim üçün metodik vəsaitlə həmin planı tutuşdursaq, təxminən, eyni məzmunun şahidi olarıq. Bu halda, yersiz əmək sərf etməyin nə mənası var? Müəllimin asudə vaxtı çox olmalıdır ki, o, öz əməyini resursların hazırlanmasına və ya internet vasitəsi ilə qabaqcıl təcrübədən istifadə etməklə öz dərsinə yeniliklərin gətirilməsinə sərf edə bilsin.
Rəsmi qiymətləndirmə olan, hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq aparılan kiçik summativ qiymətləndirmədə isə müəllimlər daha çox təminatdan şikayətçidir. İndiki qaydada işləmək üçün hər bir müəllimin iş otağında kompüter və printer olmalıdır. Bunu təmin etmək çox böyük vəsait tələb edir. Belə şəraitdə müəllimlərin bir qismi testlərin çoxaldılmasını şagirdlərə həvalə edir. Bu isə valideynlərin haqlı narazılığına səbəb olur. Bütün bunların yaranmasının başlıca səbəbi müəllimlərin, hətta məktəb rəhbərlərinin bütün üsul və vasitələrdən çox test üsuluna üstünlük verməsidir.
“Müvəqqəti təlimat”ın 4.3-cü maddəsində KSQ vasitələrinin fənni tədris edən müəllim tərəfindən hazırlandığı göstərilir. Şifahi sorğu və ya layihə summativ qiymətləndirmə üsulu deyilmi? Vasitələri uyğun olaraq şifahi sorğu üzrə qeydiyyat vərəqi və şagirdlərin təqdimatı, müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli ola bilər.
Müəllimlər nə üçün bu üsul və vasitələrdən istifadə etmirlər? Müəllimin testlə apardığı KSQ ilə şifahi apardığı KSQ-nin mahiyyətcə nə fərqi var? Hamımız müəllimik. Tutaq ki, apardığımız bir KSQ-də 5 nəfər şagird “qeyri-kafi” qiymət aldı. Həmin qiyməti olduğu kimi jurnala köçürəcəyikmi? İnanmıram, heç özümə də. Müxtəlif vasitələrlə həmin şagirdlərin nəticələrini ya onların layiq olduqları, ya da müəllimin onun üçün nəzərdə tutduğu qiymətə çatdırıb onu jurnala yazacağıq. Deməli, biz hansı qiymət meyarı tətbiq etsək də qiymətləndirmənin tənzimləyicisi, şkalası müəllimdir. Odur ki, Kiçik Summativ Qiymətləndirmələrin şifahi aparılmasını daha faydalı hesab edirəm.
Burada dərslik müəlliflərinin, metodik vəsaitləri hazırlayanların da üzərinə məsuliyyət düşür. Onlar müəllimlərə yalnız testlərin nümunələrini verməklə bu üsulu tövsiyə, məktəb rəhbərləri də göstərişlərə əsaslanıb tələb edirlər.
Mövcud “Qaydalar”a əsasən, müəllim bölmə və ya dərsə uyğun suallar, meyar cədvəli hazırlayıb həmin suallar əsasında şifahi sorğu və ya şagirdin təqdimatı ilə KSQ-lər apara bilər, sualları və cədvəli öz portfoliosunda saxlayar. Şifahi sorğuya aid cədvəli tərtib etmək üçün A-4 vərəqinin bir üzündə KSQ-nin nömrəsi, fənn və şagird haqqında məlumatlar, suallar, digər tərəfində isə bütün şagirdlərin soyadı və adı, hər sual üzrə qiymət yerləri cədvəlləşdirilir. Yekunda orta qiymət çıxarılır və həmin qiymət jurnala köçürülür.
Böyük summativ qiymətləndirmələrin aparılması isə məktəb rəhbərlərinə aiddir. Hətta, BSQ-nin özü də “kiçik imtahan” formasında komissiya tərəfindən verilmiş suallar əsasında, müəllim tərəfindən onların nəzarəti ilə şifahi sorğu və ya layihə üsulunda aparıla bilər.
Məsələnin maliyyə tərəfi də yetərincə dəyərlidir. Summativ qiymətləndirmələrin test üsulu ilə aparılması zamanı ölkə üzrə sərf olunan kağız, texniki xərclər, enerji sərfiyyatı və əməyi dəyərləndirsək, KSQ-lərin şifahi aparılması milyonlarla vəsaitə qənaət etmək deməkdir.
Xaləddin NİFTƏLİYEV, Yevlax Şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru |
|
01.06.2018 | 16:52 | |
|
|
|