Məzunlar 40 ildən sonra ADPU-da görüşdülər

Mayın 26-da Azərbaycan  Dövlət Pedaqoji Universitetində filologiya fakültəsini 1978-ci ildə bitirmiş məzunların  görüşü keçirilib. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Dünyasını dəyişmiş professor-müəllim heyətinin və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq məzunları universitet rəhbərliyi adından salamlayıb, onları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edib. Universitetdə belə bir tədbir keçirmələrindən məmnun olduğunu bildirən A.Zamanov məzunlara və qonaqlara ADPU-nun son illərdəki fəaliyyəti və uğurları barədə məlumat verib. ADPU ilə məzunların sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

 

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov rəhbərlik etdiyi fakültədə tələbələrə yaxşı təhsil almaları üçün yaradılan şəraitdən danışıb.

 

Sonra söz məzunlara verilib. Məzunlardan - Bakı Slavyan Universitetinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Nuridə Novruzova, Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı, şair, filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı, ADPU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qüdrət Umudov, Masallı rayon Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbin  direktoru  Nurməmməd Ağayev, Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbinin direktoru Həmdulla İbayev və başqaları xoş xatirələrini danışıb, görüşün təşkilinə görə ADPU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Unudulmaz  görüş  xoş  xatirələrlə  məzunların  yaddaşına  həkk  olunub.

 

Şakir CƏFƏROV,

məzun, filologiya üzrə fəlsəfə doktoru



01.06.2018 | 15:07