Bacarıqlar həyatımızı dəyişir | |
Uşağın dizayner, proqramçı, mühəndis, ixtiraçı olmasına necə kömək etmək olar? Məşhur amerikalı rejissor Uolt Disney bu sualın cavabını yaxşı ifadə edib: “Əgər bir şey uydura bilərsənsə, bunu da edə bilərsən”. Çoxları bunu belə qəbul edir: məktəblilərdə nəinki bir şey icad etmək istəyini, həm də onu həyata keçirmək, praktiki həllinə nail olmaq bacarığını tərbiyə etmək lazımdır.
Bu mənada son illərdə bir sıra ölkələrdə geniş yayılan WorldSkills International (WSI) layihəsi müasir reallıqlar dövründə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın da bütün dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan WSI layihəsinə xüsusi həssaslıqla yanaşması və ölkəmizin sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi barədə Təhsil Nazirliyi və adıçəkilən qurum arasında aparılan danışıqlar bu istiqamətdə ciddi niyyətlərdən xəbər verir. Belə ki, Azərbaycanın təşkilatın cari ilin oktyabr ayında nəzərdə tutulan ümumi yığıncağına qatılması və beləliklə, üzvlüyün təsdiqlənməsi gözlənilir.
Səmərəli peşə təhsili sisteminin yaradılması
WorldSkills öz tarixini ötən əsrin 40-cı illərinin sonlarından götürür. 1947-ci ildə İspaniyada ilk dəfə olaraq peşə-texniki hazırlıq üzrə milli müsabiqə keçirilib. Müsabiqə peşə ixtisaslarının populyarlığını artırmaq və səmərəli peşə təhsili sisteminin yaradılmasına kömək etmək məqsədi daşıyırdı, çünki vətəndaş müharibəsindən sonra bərpa olunmağa başlayan ölkədə ixtisaslı işçilərin kəskin çatışmazlığı mövcud idi. Bu fikrin müəllifi İspaniya Gənclər Təşkilatının baş direktoru Jose Antonio Elola Olaso idi. Bu təşəbbüsü ilk dəfə Portuqaliya dəstəkləyib. Nəticədə, 1950-ci ildə hər iki ölkənin 12 nümayəndəsinin iştirak etdiyi ilk beynəlxalq Pireney yarışları keçirilib. Üç il sonra yarışlara Almaniya, Böyük Britaniya, Fransa, Mərakeş və İsveçrə təmsilçiləri də qatılıb. Beləliklə, 1953-cü ildə peşəkar usta müsabiqələrinin keçirilməsi üzrə Beynəlxalq Peşə Hazırlıq Təşkilatı (IVTO) yaradılıb. Müsabiqə ilk dəfə 1958-ci ildə Brüsseldə keçirilib. 2000-ci illərin əvvəllərində IVTO adını və simvolikasını dəyişib, o vaxtdan etibarən fəaliyyətini WorldSkills International adı altında həyata keçirir.
Məqsəd və missiyası
WorldSkills peşə bacarıqlarının prestijini, müasir səriştə və bacarıqların inkişafını təmin etmək məqsədi daşıyan beynəlxalq qeyri-kommersiya hərəkatıdır. Təşkilatın məqsədi bütün dünyada, eləcə də ayrıca götürülmüş hər bir ölkədə, peşəkar ustalıq müsabiqələrinin təşkili və keçirilməsi vasitəsilə ən yaxşı təcrübələrin və peşə standartlarının uyğunlaşdırılması yolu ilə işçi peşələrin nüfuzunun artırılması və peşə təhsilinin inkişafına nail olmaqdır. WorldSkills peşə səriştələrinin inkişaf etdirilməsi, yüksək ixtisaslı kadrların nüfuzunun artırılması, iqtisadi artım və şəxsi uğur üçün səriştələrin əhəmiyyətini nümayiş etdirir. WorldSkills beynəlxalq əməkdaşlıq və istehsal, hökumət, təşkilat və institutlar arasında əlaqələrin inkişafı sayəsində yarışların keçirilməsi, birgə layihələrin təşkili və təcrübə mübadiləsi vasitəsilə ixtisaslı mütəxəssis hazırlığının üstünlüyünü və vacibliyini göstərir. Bu qurum gənclər, sənaye və cəmiyyət üçün peşə hazırlığı və tədrisin vacibliyini vurğulayır, gənc mütəxəssislərin seçdikləri peşədə ən yaxşı olmalarına kömək edir.
Peşə, texniki və xidmət yönümlü təhsil və təlimi təşviq edən WorldSkills 84 ölkədə gənclərlə, pedaqoqlarla, hökumətlərlə və istehsalatlarla əlaqəli, gələcəkdə işlə məşğul olmağa kömək etmək üçün bu gün əmək resursları və işçi istedadları yaradan peşəkar hazırlıq standartlarının artırılmasına dəstək verir. Ənənəvi sənətkarlıqdan tutmuş sənaye və xidmət sahəsində çoxşaxəli peşələrə qədər tərəfdaşların, istehsalatın, hökumətlərin, könüllülərin və təhsil müəssisələrinin dəstəyi ilə WorldSkills bütün dünyada peşəkar bacarıqların artmasına birbaşa təsir göstərir.
Peşələrin çempionatı
WorldSkills bu gün bütün dünyada nüfuzlu və ən böyük yarışdır, burada gənc ixtisaslı işçilər, universitet və kollec tələbələri və tanınmış peşəkarlar, mütəxəssislər, istehsal təlimi ustaları və tapşırığın icrasını qiymətləndirən ekspert kimi təlimçilər iştirak edir. İki ildə bir dəfə üzv ölkələrdə keçirilən yarışları 100 minə yaxın tamaşaçı, dövlət nümayəndələri, işəgötürənlər, müəllimlər, məşqçilər, texniki ekspertlər və dünyanın hər yerindən dövlət qulluqçuları ziyarət edirlər. Peşə çemponatı dövlət orqanlarının və təhsil müəssisələrinin rəhbərlərinin, sənaye və ictimai təşkilatların nümayəndələrinin qarşılaşdığı, peşəkar bacarıqla bağlı ən vacib və aktual məsələlərin müzakirə olunduğu çoxşaxəli platformadır. WorldSkills çempionatları müxtəlif ölkələrdə keçirilir və sənayedən xidmət sahəsinə qədər peşəkar hazırlığın artırılması və bacarıqların təkmilləşdirilməsi sahəsində bütün istiqamətləri özündə əks etdirir. Müsabiqədə üzv ölkələrin milli peşə bacarığı çempionatlarının qalibləri iştirak edirlər. Onlar həm texniki hazırlıq səviyyələrini, həm də fərdi və kollektiv keyfiyyətlərini nümayiş etdirir, qarşılarına qoyulan vəzifələri öz iş yerlərində öyrənir və ya yerinə yetirirlər. Onların müvəffəqiyyəti və ya uğursuzluğu təkcə şəxsi peşə keyfiyyətlərindən deyil, həm də təmsil etdikləri ölkədə peşə hazırlığının və xidmətlərin ümumi keyfiyyət səviyyəsindən xəbər verir.
WorldSkills çempionatlarında səriştələr 6 mövzu blokunda birləşdirilib: tikinti sahəsi, IT, sənaye istehsalı, ictimai nəqliyyatına xidmət, xidmət sahəsi, yaradıcılıq və dizayn.
Qlobal peşə bacarıqları mərkəzi olaraq pedaqoqları, sənayeni, milli hökumətləri və beynəlxalq təşkilatları birləşdirən və onlara dəstək göstərən, əhəmiyyətli tədqiqatlara köməklik edən və peşə hazırlığı sistemləri üçün ən yaxşı qlobal istiqamət verən WorldSkills-in köməyindən milyonlarla gəncə yararlanıb. WorldSkills qeyd edir ki, “bacarıqlar həyatınızı dəyişə bilər. Öz ehtiraslarınıza əməl edin, iqtisadi perspektivlərinizi yaxşılaşdırın, cəmiyyəti daha yaxşı hala gətirin. Bacarıqlar imkanlar yaradır və cəmiyyəti birləşdirir. Onlar iqtisadi tərəqqinin əsasını təşkil edir, inamı gücləndirir, cəmiyyətlərin imkanlarını genişləndirir və iqtisadiyyatı dəstəkləməyə kömək edir”.
WorldSkills -in 3 mühüm devizi var
İlham ver Biz gəncləri rəqabət və reklam aksiyaları vasitəsilə bacarıq və mükəmməl olmaq istəyini inkişaf etdirməyə ruhlandırırıq. Bacarıq müsabiqələrimiz mükəmməlliyi ölçür, çempionları qeyd edir və yüz minlərlə gənci həvəslərini peşəyə çevirməyə təşviq edir. Yarışlar bütün dünyada bacarıqların inkişafının əsas yollarıdır.
İnkişaf et Biz qlobal təlim standartları, bençmarkinq sistemləri və sahənin cəlbediciliyini artırmaqla bacarıqlarımızı inkişaf etdiririk. Üzvlərimiz gənclərə təhsil almağa və yeni iş tapmağa kömək edirlər. WorldSkills standartlarının spesifikasiyaları bu təhsil sistemlərinin hazırlanması üçün təqdim etdiyimiz birinci dərəcəli vasitələrdən biridir.
Dəstək Biz hər kəs üçün qlobal bacarıq platforması yaradan əməkdaşlıq və tədqiqatlar vasitəsilə sənayeye, hökumətlərə və müəllimlərə dəstək göstəririk. WorldSkills qlobal peşə bacarıqları mərkəzidir. Biz əhəmiyyətli tədqiqatlara kömək edirik və peşə sistemləri üçün ən yaxşı qlobal istiqamət veririk. Biz üzv ölkələrlə yarışlar, layihələr, konfranslar və çempionatlar təşkil edirik.
Səriştələr həyatı xilas edir
Beynəlxalq tədqiqatlar göstərir ki, yeni texnologiyaların ortaya çıxması və sosial proseslərdə baş verən dəyişikliklər dizayn, istehsal, idarəetmə və texniki xidmət sahələrində bir dəyişiklik yaradıb. Və bu, xüsusən iş yerinin, məşğulluq tərzinin, yeni bilik və bacarıqlara olan tələblərin dəyişməsinə, yəni, yeni peşələrin ortaya çıxmasına səbəb olur. Eyni zamanda, bütün sahələrdə yeni peşələr yaranmır və bütün peşələr eyni dərəcədə sürətlə inkişaf etmir. Sənayenin yeni və bilik tələb edən sahələri dinamik, ənənəvi sahələr, məsələn, kənd təsərrüfatı, tikinti, enerji, dağ-mədən və nəqliyyat daha yavaş inkişaf edir. Beləliklə, birinci vəziyyətdə yeni peşələrin ortaya çıxmasını, ikinci halda isə köhnələrin qorunub saxlanılmasını müşahidə edirik. Yeni peşələrin yaranmasının ən güclü mənbəyi yeni elmi və texnoloji nailiyyətlərdir, məsələn, tibbdə 3D çap, qida sənayesində biotexnologiya, yeni bioloji materiallar, süni qida, kiber implantlar, robototexnika və s.
Bu mənada WorldSkills International əmək bazarının tələblərinə uyğun olaraq hazırda 3D rəqəmsal oyun sənəti, təyyarələrə qulluq, tikinti və tikinti texnologiyaları, nəqliyyat və logistika, avtomobil mühəndisliyi, kosmetologiya, mebel istehsalı, avtomobil rəssamlığı, dülgərlik, kimyəvi laboratoriya texnologiyası, bulud hesablama, istehsal və mühəndislik texnologiyası, inşaat polad konstruksiyaları, kiber təhlükəsizlik, informasiya və kommunikasiya texnologiyaları, elektrik quraşdırma, veb texnologiyası, su texnologiyası, vizual ticarət, restoran xidməti, prototip modelləşdirmə, plastik mühəndislik, mexanika və avtomatika, çap media texnologiyası, mobil robotlar, rəsm və bəzək, yaşıllaşdırma, səhiyyə və sosial yardım, qrafik dizayn texnologiyası, İT proqram təminatı və.s. kimi peşə sahələrində səriştələrin artırılmasını dəstəkləyir.
COVID-19 və WorldSkills
Dünyanı bürümüş COVID-19 digər fəaliyyət sahələri kimi WorldSkills International -ın səylərinə də ciddi təsir göstərib. Qurum qeyd edir ki, üzvlərimizin sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Bu səbəbdən WorldSkills bütün dünya üzrə təşkil olunan yerli, milli və regional peşə yarışlarını təxirə salıb. WorldSkills-ə qoşulmuş üzv ölkələr çox çevik surətdə onlayn təlimlərə uyğunlaşır, bəziləri isə səriştələrə dair virtual yarışları pilot olaraq təşkil edir. Qurum qlobal pandemiyanın inkişafı ilə əlaqədar tədbirlər planını daim gözdən keçirir. Hazırda təşkilatın rəhbər qurumu olan Baş Assambleyanın cari ildə keçirilməsi nəzərdə tutulan toplantısı və WorldSkills konfransı təxirə salınıb. Baş Assambleyanın alternativ iş mexanizmləri müəyyən edilir. Təşkilatın bir sıra beynəlxalq forumları gələn ilin sentyabrına təxirə salınıb.
Sonda qeyd edək ki, qloballaşan dünya reallıqları hər bir ölkədən müasir əmək bazarının tələblərinə uyğun, yüksək səriştə və bacarıqlara sahib insan potensialının yetişdirilməsini tələb edir. Ümumdünya İqtisadi Forumu da gələcək illərdə yüksək peşə səriştələrinə malik mütəxəssis hazırlığını nəzərdə tutan yenidənixtisaslaşma proqramını dəstəkləyir. Bu platformanın hədəfi 2030-cu ilə qədər dünyada 1 milyard insanın yenidən hazırlanması əsasında yeni bacarıq və səriştələr qazanmasını təmin etməkdir. Belə bir reallıqda ölkələrin müasir bacarıq və səriştələrə sahib ixtisaslı peşə sahiblərinin hazırlanmasını vəd edən WorldSkills layihəsinə ciddi və məsuliyyətli yanaşma tərzi başadüşüləndir.
Oruc MUSTAFAYEV
|
|
09.10.2020 | 13:40 | |
|
|
|