Biz öz doğma dədə-baba torpaqlarımıza qayıdacağıq | |
Sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı yenidən təxribat törədən Ermənistan ordusu bir sıra yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu təxribatın qarşısını almaq məqsədilə Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayaraq işğal altında olan bir sıra yaşayış məntəqələrini, strateji yüksəklikləri azad edib, düşmənin canlı qüvvəsinə sarsıdıcı zərbələr endirib.
Lakin irgənc əməllərindən yenə də əl çəkməyən ermənilər beynəlxalq prinsipləri pozaraq dinc əhalini hədəfə alır, onları qətlə yetirir. Təəssüf hissi və ürək yanğısı ilə qeyd edirik ki, həyatını itirənlər arasında iki azyaşlı məktəbli də var. Bütün bunlar ermənilərin nə qədər qəddar, amansız bir xalq olduğunu bir daha sübut edir.
Lakin ermənilər nə qədər təxribat törətməyə cəhd etsələr də ordumuz tərəfindən layiqli cəzalarını alırlar.
Cəbhəboyu ərazilərdəki təhsil işçiləri ordumuzun apardığı hərbi əməliyyatlara öz münasibətlərini bildirərək qələbə əzmini nümayiş etdirirlər. Onlar tezliklə torpaqlarımızın işğaldan azad olunacağına ümidvar olduqlarını deyirlər.
“Hər bir şagirdimizdə döyüş ruhu çox yüksəkdir”
Tərtər rayonu Umudlu kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, keçmiş döyüşçü Rəhman Paşayev xalqımızda olan ruh yüksəkliyindən danışıb. O, hər bir Azərbaycan vətəndaşının ordumuza güvəndiyini bildirib: “ Bildiyiniz kimi biz tərtərlilər uzun illərdir ki, müharibə şəraitində yaşayırıq. Şagirdlərimiz də məcburi olaraq bu mühitə adaptasiya olub. Təəssüflər olsun ki, onlar anadan olandan silah səsi ilə yatıb, silah səsi ilə oyanırlar. Ona görə də ermənilərin törətdikləri təxribatlar bizi qorxutmur. Əksinə, daha mətin, daha əzmli edir. Hər bir şagirdimizdə döyüş ruhu çox yüksəkdir. Yaşları az olmasına baxmayaraq torpaqlarımızın azad olması uğrunda döyüşə hər an qatılmağa hazırdırlar”. R.Paşayev son günlər ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə zəfər çalacağına inandığını deyir: “Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur. Bunu son günlər həyata keçirilən hərbi əməliyyatlar bir daha sübut etdi. Tezliklə bayrağımızın bütün işğal altında olan torpaqlarımızda dalğalanacağına inanıram”.
“Azad olunmuş torpaqlarımızda təmənnasız dərs deməyə hazıram”
Tərtər rayonu Köçərli kənd tam orta məktəbinin coğrafiya müəllimi Qaragöz Heydarlı təmas xəttinə yaxın ərazidə yaşayan əhalidəki ruh yüksəkliyindən danışıb. Tezliklə torpaqlarımızın azad olunması arzusunda olduğunu deyən Q.Heydarlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbələrə imza atan rəşadətli ordumuza çox güvəndiklərini bildirib. Goranboy rayonunun cəhbə bölgəsindən olan gənc müəllim MİQ müsabiqəsində 49 bal toplayaraq Tərtərdə çalışdığını, artıq neçə ildir ki, müharibə şəraitində yaşadıqlarını deyir. O, tezliklə qələbə qazanacağımızı sözlərinə əlavə edib: “Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlar hamı kimi biz müəllimləri də çox sevindirir. Əhvali-ruhiyyəmiz çox yaxşıdır. Cəbhədən sevindirici, xoş xəbərlər gəlir. Torpaqlarımızın tezliklə azad olunacağı günü səbirsizliklə gözləyirəm. Bir müəllim kimi azad olunmuş torpaqlarımızda təmənnasız dərs deməyə hazıram”.
“Ordumuza böyük güvənimiz var”
Ağdam rayonu Üçoğlan kənd tam orta məktəbinin direktoru Vaqif Quliyev də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi əməliyyatlardan qürurla söz açıb: “Xalqımızda çox böyük ruh yüksəkliyi var. İllərdir düşmənlə üz-üzə yaşayırıq və daim ordumuza böyük güvənimiz var. Bir təhsil işçisi kimi düşmən təxribatına qarşı aparılan hərbi əməliyyatlar məni çox sevindirir. İnanıram ki, qısa müddətdə ordumuz zəfər çalacaq. Biz öz doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olunacaq. Cənab İlham Əliyev qüdrətli Ali Baş Komandan kimi tarixin yaddaşında əbədi qalacaq. Qətiyyətlə demək istəyirəm ki, bir təhsil işçisi kimi hər an, hər zaman Ali Baş Komandanımızın əmrini gözləyirik”.
“Vətənimiz uğrunda mübarizəyə daim hazıram”
Ağdam rayonu Ayaqqərvənd kənd tam orta məktəbinin X sinif şagirdi İlahə Cəfərova da aparılan hərbi əməliyyatlardan məmmunluq hissi keçirdiyini deyir: “Hazırda bir məcburi köçkün kimi cəbhə xəttində olan məktəbdə təhsil alıram. Gözümüzü açandan top-tüfəng səsləri eşidirik. Bu, bizi qətiyyən qorxutmur. Bu günlərin tezliklə arxada qalacağına ümid edirəm. İnanıram ki, rəşadətli ordumuz düşmən tapdağı altında qalan bütün ərazilərimizi azad edəcək. Cəbhədən tez-tez xoş xəbərlər alırıq. Bu, bizi daha da ruhlandırır. Bütün yaşıdlarım kimi mən də vətənimizin müstəqilliyi, suverenliyi uğrunda mübarizəyə daim hazıram”.
Niyazi RƏHİMOV |
|
09.10.2020 | 12:16 | |
|
|
|