Direktorluğa iddialıların çoxu qadınlardır

Azərbaycanın ümumi təhsil müəssisələrində hazırda mövcud olan 500-dən artıq vakant direktor vəzifəsi tutmağa 3251 iddialı var. Ancaq mübarizə elektron ərizəsini təsdiqləyərək iddiasında qərarlılıq nümayiş etdirən 2479 namizəd arasında gedəcək.

 

Beləliklə, ölkəmizdə sentyabrın 28-dən start götürən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə artıq test imtahanı mərhələsindədir. Oktyabrın 2-də başa çatan  ilk mərhələdə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçiblər. Onlar burada şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil edib, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq ediblər. Həmin namizədlər təhsil haqqında sənəd (diplom və ona əlavə) və əmək kitabçasını elektron ərizədə müvafiq xanalara yükləyiblər. Qeyd edək ki, bunun üçün əmək kitabçası və təhsil haqqında sənədin yazılı qeydlər olan bütün səhifələri skan edilərək ayrı-ayrılıqda vahid fayl formatında hazırlanır.

 

Namizədlər arasında fəlsəfə dokoru da, laborant və kitabxanaçı da var

 

Elektron sənəd qəbulunu əhatə edən ilk mərhələnin iştirakçılarının müraciətləri artıq emal olunub. Təhsil Nazirliyindən bildirilib ki, iddialıların əksəriyyəti, yəni 1350 nəfəri qadın, 1129 nəfəri kişidir. Onların çoxu  direktorluq üçün keçirilən bu müsabiqəyə təkrar qatılıb. Bu il ilk dəfə şansını sınayacaq namizədlərin sayı cəmi 1514 nəfərdir. Namizədlərdən 25 nəfər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alıb, 14 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.

 

Direktorluğa iddialı gənclər o qədər də çox deyil. Belə ki, 22-30 yaşlı namizədlərin sayı cəmi 275 nəfər təşkil edib. Rəqəmlərdən görünür ki, təhsil işçiləri direktorluq iddiasına daha çox  30-40 yaşlarında düşür. Bu il onların sayı 1192 nəfər olub. 558 nəfər 40-50, 346 nəfər 50-60 yaşlı direktorluğa namizəddir. Ən az iddialı 60-64 yaş aralığındadır, cəmi  108 nəfər.

 

İştirakçıların fəaliyyət sahəsi də fərqlidir. Müsabiqədə iştirak edən namizədlərin heç də hamısı müəllim deyil. İddialılar siyahısında 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçı var.

 

Tezliklə imtahan olacaq

 

Müsabiqənin növbəti - test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində təşkil ediləcək.  Nəticə etibarilə namizədlər bu mərhələdə iştirak zamanı yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəklər. Məhz bu səbəbdən də onlardan elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etmələri tələb edilirdi.

 

Bu imtahanların da müəllimlərin işə qəbulu imtahanlarında olduğu kimi, karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcəyi bildirilir. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

 

Bu dəfə də 4 mərhələdə

 

Onu da qeyd edək ki, müsabiqənin təşkilində hər hansı ciddi dəyişiklik yoxdur. Bu il də müsabiqə dörd mərhələdə keçirilir. Artıq qeyd etdiyimiz kimi, elektron ərizələrin qəbulu başa çatıb. Sırada test imtahanı mərhələsidir. Müsahibə və vakant yerlərə yerləşdirilmə ilə müsabiqə başa çatacaq. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

 

İmtahan mərhələsində namizədlərə əmək, təhsil qanunvericiliyi və məntiq  üzrə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

 

Test imtahanı mərhələsinin keçiriləcəyi tarix hələlik bəlli olmasa da, prosesin  təqvim ilinin sonunadək tamamlanması gözlənilir.  Direktor vəzifəsinə qalan boş yerlərə təyinatlar gələn il də davam edəcək.

 

Builki yenilik

 

Onu da nəzərinizə çatdıraq ki, direktorların işə qəbulu müsabiqəsinə qatılanlara kömək məqsədilə bu ildən bir sıra addımlar atılıb. Belə ki, Təhsil Nazirliyinin rəsmi internet səhifəsinə bu müsabiqədə istifadə ediləcək proqram və test nümunələri yerləşdirilib. Ən çox verilən suallar və cavabları, izahlı test tapşırığı nümunələri, test imtahanı və müsahibə mərhələsi üzrə müsabiqə proqramı genişləndirilərək sayta yerləşdirilib. Hər sual proqram üzrə bir və ya bir neçə ədəbiyyatı əhatə edir.

 

Ruhiyyə DAŞSALAHLI

 



09.10.2020 | 11:11