Türkiyə-Azərbaycan üçün bir işıq yoludur - “Bir millət, iki dövlət”

* Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik.

 

* Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir.

 

* Bu gün Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur. Bu, videogörüntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunu görə bilir. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı döyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün də etmirik və etməyəcəyik.

 

* Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!

 

* Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni, mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz.

 

* Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir.

 

* Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm.

 

* Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

 

* Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda siz atamın çox məşhur kəlamını yada saldınız, Heydər Əliyevin sözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur - “Bir millət, iki dövlət”. Türkiyə-Azərbaycan - tək millət, iki dövlət.

 

Prezident İlham Əliyevin oktyabrın 5-də  TürkiyəninTRT Haberteleviziya kanalına verdiyi müsahibəsindən



09.10.2020 | 10:19