Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” | |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Oxucu günü” keçirilib.
Tədbirdə kitabxananın direktoru Sahab Əliyeva kitabxanaların önəmli rolundan söz açaraq qeyd edib ki, muxtar respublikada həyatın digər sahələri ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti üçün də hərtərəfli şərait yaradılıb. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və oxucularla əlaqələri barədə məlumat verərək bildirib ki, bu gün “oxucu və kitab” daha çox aktuallıq kəsb etdiyindən kitabxana işçilərinin də üzərinə böyük vəzifələr düşür.
S.Əliyevanın sözlərinə görə, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olması nəticəsində oxucuların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. O bildirib ki, mütaliəyə marağın artırılması, oxuculara kitabların sevdirilməsi üçün kitabxana öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır:” Tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsini keçirir, oxuculara belə kitablardan yararlanmağı məsləhət görürük. Məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir. “Oxucu günü”nün təşkil edilməsində də məqsəd xidmət işinin daha da yaxşılaşdırılmasıdır”.
Tədbir çərçivəsində sorğu anketləri paylanılıb. Oxucular kitabxananın xidmətlərindən razı qaldıqlarını və öz təkliflərini də qeyd ediblər.
|
|
08.10.2020 | 13:28 | |
|
|
|