“Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsinin I mərhələsi tamamlanıb | |
Dövlət İmtahan Mərkəzinin (DİM) ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsinin I mərhələsi 24 avqust – 6 oktyabr tarixlərini əhatə edib və uğurla tamamlanıb.
Bu barədə DİM-dən məlumat verilib.
Üç mərhələli layihənin I mərhələsi çərçivəsində həyata keçirilən təlimə həm DİM, həm Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. Layihənin bu mərhələsi üzrə təlim və konsultativ sessiyalar dünyada hökm sürən pandemiya şərtlərinə uyğun olaraq onlayn təşkil edilib. 32 gün davam edən I mərhələ ərzində “Xarici dil fənni üzrə kurikulum” CEFR əsasında təhlil edilib, mövcud kurikulumun təkmilləşdirilməsi istiqamətində sənəd hazırlanıb, istifadədə olan ingilis dili fənni üzrə dərsliklər və dərsliklərin buraxılış imtahanlarının məzmunu ilə uyğunluğu təhlil edilib.
Bildirilib ki, layihənin əsas məqsədi Xarici dil fənni üzrə kurikulumun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.
Layihənin II mərhələsinin 2021-ci ilin yanvar ayında təşkil edilməsi planlaşdırılır.
Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır və DİM tərəfindən ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub. Neytn Kar DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı da Mərkəzə öz töhfəsini verib.
|
|
08.10.2020 | 12:00 | |
|
|
|