Dərslik necə yazılmalıdır...

Məktəbdə sağlam və məhsuldar tədrisin həyata keçirilməsi üçün müasir tədris vəsaitlərinin rolu danılmazdır. Əsaslı biliklərin təmin edilməsində digər tədris vəsaitlərilə müqayisədə dərsliklər ən önəmli yerə sahibdir. Dərslik tədris prosesində istifadə edilən əsas tədris vəsaitlərindən biridir. Dərsliklər tədris baxımından istifadə asanlığı olan, hər şagirdin əldə edəcəyi, biliklərin bilavasitə olaraq verildiyi, davamlı istifadə olunan, hər an müraciət edilən, şifahi təhsilin boşluqlarını doldura bilən bir vasitədir.

 

“Dərslik necə yazılmalıdır” sualı yəqin ki, hamını maraqlandırır, əsasən də dərslik yazmaq istəyənləri. Dərslikləri həmin sahənin mütəxəssisləri - müəllifləri yazır. Dərsliklər yazılarkən ali və orta ixtisas təhsil müəssisələri üçün hazırlanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 və 76 nömrəli müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsilin dövlət standartı və proqramı”na və “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq ali təhsilin bakalavriat və magistratura səviyyələrinin ixtisasları, eləcə də orta ixtisas təhsilinin subbakalavr hazırlığı üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramlarında göstərilən fənlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”na uyğun olaraq ümumi təhsil üzrə Təhsil Nazirliyinin ən son təsdiq etdiyi təhsil proqramları (kurikulumları) əsasında yazılmalı, rəssam, korrektor, dil üzrə mütəxəssis, psixoloq tərəfindən baxılmalı, redaktor tərəfindən redaktə edilməlidir. Bəs müəllif (müəlliflər) dərslik yazarkən mövzuları necə seçməlidir?

 

Müəllif dərslik yazarkən ilk növbədə mövzuların yazılması üçün lazım olan statistik və akademik məlumatları və kitabları əldə etməli, istifadə edəcəyi resursların etibarlı olmasına diqqət yetirməlidir ki, gələcəkdə plagiat hallarına və elmi mübahisə doğuran məsələlərə yol verilməsin.

 

Daha sonra məlumatın elektron və ya yazılı qaynaqlarına daxil olmalı və onları kompüterdə bir qovluqda saxlamalıdır. Mövzuları yazmaq üçün lazım olan əsaslı qaynaqlar əldə edildikdən sonra ən azı bir həftə ərzində bu qaynaqları diqqətli bir şəkildə oxuyaraq mövzuları mənimsəməlidir. Fikirlərini yazmaq üçün motivasiya olan müəllif ilk növbədə bölmələri hazırlamalı, sonra mövzuları müəyyənləşdirməli, mövzularda istifadə ediləcək əsas anlayışları yazmalıdır. Mövzunun yazılmasında istifadə olunacaq məlumatlar diqqətlə yazılmalı, kitabın sonunda ədəbiyyat siyahısında göstərmək üçün lazımi qeydlər edilməlidir. Müəllif mövzu haqqında kifayət qədər biliklərə yiyələndikdən sonra yazma mərhələsinə keçə bilər. Yazı işin ən çətin hissəsidir. Müəllif təhsil prosesində iştirak edirsə, dərslik yazmaq daha asan və səmərəli olacaq. Dərsliklərin təlimdəki funksiyalarının ən yaxşı şəkildə yerinə yetirilməsi üçün kitabların bədii tərtibatı və məzmunu düzgün işlənməli, bütün mövzular eyni üslubda olmalıdır. İlk öncə mövzunun başlığında təhsilalanın diqqətini çəkəcək görüntüdən və ya şəkildən istifadə edilməli, mövzu dövrün maraqlarına uyğun işlənməlidir. Dərsliyin məzmunu düşündürücü, mövzuların həcmi, dil-üslub təhsilalanın yaş səviyyəsinə uyğun olmalı, sadədən mürəkkəbə, asandan çətinə doğru ardıcıllığa və müasirliyə diqqət edilməlidir. Ayrıca mövzuların davamında istifadə olunacaq rəsmlər üçün rəssam - dizayn ekspertindən kömək alaraq lisenziyalı və ya orijinal olaraq çəkilən rəsmlər seçilməlidir ki, irəlidə qarşısına lisenziya və müəllif problemi çıxmasın. Lazımlı olan statistik məlumatlar, şəkillər müəyyən edilməlidir.

 

Müəllif mövzunu formalaşdırdıqdan sonra ilk növbədə düşünməlidir: “Mən bu anda sinifdə olsam, bu mövzuya şagirdin diqqətini necə çəkə və necə təqdimat edə bilər, dərsi necə danışardım?”. Təqdimatı bir musiqiyləmi, bir plakat və ya fotoşəkilləmi, fərqli bir material və ya maraqlı bir obyektləmi etməli? Müəllif mövzunu yazarkən müəllimin sinifdə və ya sinifdənxaric etdirəcəyi fəaliyyətləri, cəlbedici sual və ifadələri səhifənin fərqli yerlərində xüsusi işarələr halında verməlidir.

 

Daxil olmaq üçün onlayn səhifələr varsa, onlar göstərilməlidir. Müəllif təhsilalanın yaddaşında psixolojik izlər buraxmaması üçün öz resurslarının təhlükəsizliyinə diqqət yetirməlidir. Bununla yanaşı, yazdıqlarının təhsil proqramında (kurikulumda) təyin olunmuş saatların uyğunluğuna diqqət etməli, müəllimin mövzunu sinifdə necə izah edəcəyinə və ya dərs saatında bitirib bitirməyəcəyinə nəzər yetirməlidir. Mövzuda izah ediləcək məsələlərdə bir axıcılıq və sxematiklik olmalıdır. Beləliklə, təhsilalanın mövzunu asanlıqla qavramasına zəmin hazırlanır. Mövzunun sonunda təhsilalana bu mövzudan öyrəndikləri barədə suallar və tədqiqat çalışmaları verilməli, suallar təhsilalanın qazandığı bilikləri özündə yoxlamaqla yanaşı, anlama və tətbiqetmə bacarığını da inkişaf etdirməlidir. Müəllif hər bir mövzu üzrə qoyacağı hədəfə çatmalıdır. Daxil edilmiş yeniliklər istifadəçilər tərəfindən başa düşüləcəkmi? İnformasiya təklifi ilə vərdiş qazanılması arasında tarazlıq gözlənilirmi? Metodoloji göstəricilər sinifdə dərsin təşkilinə dair tələblərə cavab verirmi? Dərsliyin dili anlaşıqlıdırmı və s (bax: “Dərslik necə olmalıdır?” Bakı-2003). Bu suallar hazırlanarkən ekspert köməyinə müraciət edilə bilər.

 

Hər bir dərs təhsilalanın bilmə, anlama, tətbiq və analiz etmə, həyati bacarıqlarını inkişaf etdirməli, mövzularda millilik, dünyəvilik, dəyəryönümlülük və gender bərabərliyi prinsipləri gözlənilməlidir.

 

Dərslikdə istifadə olunan şrift və ölçüləri, şərti işarələr dünyada qəbul edilmiş standartlara uyğun olmalıdır. Mövzular yazıldıqdan sonra redaktə olunmalı, mütəxəssis-ekspertlər tərəfindən qiymətləndirilməlidir. Yazılanlar səslə oxunub qiymətləndirilə, zəruri hallarda düzəlişlər oluna bilər. Son qiymətləndirmələr edildikdən sonra yazılan mövzular redaktor tərəfindən təkrar baxılmalı və düzəlişlər edilməlidir. Bununla da mövzuların yazılması tamamlanır. Bütün bölmələr və mövzular bu şəkildə yazıldıqdan sonra səhifələrin texniki tərtibat (səhifələrin sayı, format, rənglərin sayı və s.) və dizayn mərhələsinə keçilir. Müəllifin yazdıqları ilə əlaqədar qrafik-rəssamın təcrübəsinə əsasən daha gözəl illüstrasiyalar ortaya çıxa bilər. İllüstrasiyalar müəllif ilə rəssamın sıx əməkdaşlığı şəraitində hazırlanır. Beləliklə də dərsliyin yazılması bitdikdən sonra redaktor tərəfindən yekun olaraq redaktə olunur, mütəxəssislər tərəfindən qiymətləndirilir. Bir dərsliyin yazılma müddəti müəllif və ya müəllif qrupundan asılı olsa da, ideal olaraq 6 ay-1 il müddətinə yazıla bilər.

 

Günel SEYİDOVA,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi



01.06.2018 | 14:51