Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi “Qürurlu ol, əsgər anası!” layihəsində | |
Məlum olduğu kimi, hazırda Bakı Slavyan Universitetində (BSU) “Qürurlu ol, əsgər anası!” layihəsi həyata keçirilir.
Bu layihənin məqsədi BSU-nun hazırda ön cəbhədə hərbi xidmətdə olan və erməni işğalçıları ilə döyüşən məzun əsgərlərinin ailələrinə mənəvi dəstək vermək, onlarla həmrəylik nümayiş etdirməkdir. Layihə çərçivəsində BSU-nun beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin rəhbərliyi fakültənin məzunları Murad Sadiqov, Elvin Kazımlı və Rövşən Müslümzadənin valideynlərini ziyarət ediblər.
BSU-dan verilən məlumata görə, görüş zamanı adıçəkilən fakültənin dekanı, dosent Şirinbəy Əliyev, tədris işləri üzrə dekan müavini, dosent Sevil Bağırova, tərbiyə işləri üzrə dekan müavini Kəmalə Nəsirova və tyutor Leyla Həyatova məzun əsgərlərin valideynləri ilə həmrəy olduqlarını bildirərək məzunlarla qürur duyduqlarını xüsusi vurğulayıblar. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı, rəşadətli Azərbaycan Ordusu erməni təcavüzkarlarının yeni hərbi təxribatına cavab olaraq genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycan Ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Azərbaycan xalqı mühüm tarixi günlər yaşayır. Xalqımızın ürəyi ön cəbhədə mənfur düşmənə sarsıdıcı zərbələr endirən igid əsgər və zabitlərimizlə birgə döyünür.
Bütün xalqımız kimi, dövlət və ordu ilə birlik nümayiş etdirən BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri də düşmən üzərində tam, qəti qələbəni əminliklə gözləyir.
Görüş zamanı məzun əsgərlərin ailələrinə sovqat verilib, eləcə də onların universiteti bitirmələri haqqında diplomları valideynlərinə təqdim edilib. Görüş hamıda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaradıb.
|
|
06.10.2020 | 15:04 | |
|
|
|