5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür | |
Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə tövsiyə xarakterli sənədin qəbulunun ildönümünün qeyd olunması ilə əlaqədar UNESCO-nun qərarı ilə 5 oktyabr 1994-cü ildən keçirilir. Tövsiyə müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, işə yerləşdirilməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, UNICEF-in icraçı direktoru Henrietta For və Beynəlxalq Təhsilin Baş katibi David Edvards Beynəlxalq Müəllimlər Günü münasibətilə ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə COVID-19 pandemiyası şəraitində müəllimlərin qarşılaşdıqları çətinliklər diqqətə çatdırılır.
Sənəddə qeyd olunur ki, Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin əhəmiyyətli rolunu xatırladır. Müəllimlər hamı üçün inklüziv və keyfiyyətli təhsilin təmin edilməsində mühüm rol oynayırlar. Bu il Beynəlxalq Müəllimlər Günü müəllimlərin böhran zamanı qarşılaşdıqları problemlər fonunda daha da əhəmiyyət kəsb edir. Pandemiyanın göstərdiyi kimi, müəllimlər təhsilin fasiləsizləyinin təmin edilməsinə və şagirdlərin psixi sağlamlığının, rifahının qorunmasına həlledici töhfələr verirlər.
COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin bağlanması problemi demək olar ki, 1,6 milyard şagird, yəni bütün dünyada şagirdlərin ümumi sayının 90% -dən çoxuna təsir edib. COVID-19-un səbəb olduğu böhran 63 milyondan çox müəllimə də təsir edib, bir çox təhsil sistemlərinin mövcud çatışmazlıqlarını ortaya qoyub və bərabərsizlik problemini daha da kəskinləşdirib ki, bu da ən həssas əhali qrupu üçün fəlakətli nəticələr doğurub. Bu böhran şəraitində müəllimlər təhsilin davamını təmin etmək, heç bir şagirdin diqqətdən kənarda qalmaması üçün yeni yanaşmalar hazırladılar.
İndi COVID-19 pandemiyasından sonra gələcəyimizi düşünmək, bu cür böhranlara tez və səmərəli reaksiya verə bilmək naminə təhsil sistemlərimizin dayanıqlılığı üçün çalışmaq lazımdır. Bu, təhsilin maliyyələşdirilməsinin qorunmasını, yüksək keyfiyyətli pedaqoji hazırlığa investisiya qoyulmasını, həmçinin artıq mövcud olan müəllim heyətinin peşə təhsilinin davam etdirilməsini nəzərdə tutur. Təcili tədbirlər görülməsə və investisiya həcmi artırılmasa, təhsil sahəsində böhran fəlakət doğura bilər.
Sənəddə 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin 4-cü hədəfinə nail olmaq istiqamətində, habelə pandemiyanın nəticələrinin aradan qaldırılmasında müəllimlərin rolu yüksək qiymətləndirilir. Vurğulanır ki, təhsil konsepsiyasını yenidən nəzərdən keçirməyin və hər bir uşaq üçün keyfiyyətli tədrisə bərabər giriş təmin etməyin vaxtıdır.
Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər: böhran dövründə aparıcı rol və gələcəyin yenidən düşünülməsi” mövzusuna həsr olunub. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, tədrisdən geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
Oruc MUSTAFAYEV
|
|
05.10.2020 | 15:12 | |
|
|
|