Ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair suallar və onların cavabları | |
Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər necə keçirilməlidir? Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri (bütöv qrup və yarımqruplar üçün) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib https://edu.gov.az/az/page/555. Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə keçirilir.
Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir.
Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.
Sual: Məktəbəhazırlıq qrupunda distant dərslər nəzərdə tutulurmu? Cavab: Xeyr, nəzərdə tutulmur.
Sual: Məktəbəhazırlıq qrupu 2 yarımqrupa bölündüyü halda uşaqlar yalnız 6 saat təlim keçirlər. Belə olan halda onların almadıqları biliklər necə kompensasiya ediləcək? Cavab: Qrupda uşaq sayı az olduğundan müəllimlər daha intensiv işləyərək 2 mövzunu əhatə edəcəklər. Həmçinin teledərslərdə məktəbəhazırlıq qrupu üçün məşğələ vardır. Həmin məşğələ həm də valideynlər üçün tövsiyələr təqdim edir.
Sual: I – IV siniflərin dərs cədvəlində hansı yeniliklər var? Cavab: Oktyabrın 1-dən I – IV sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərdə iştirak edəcək. Nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Şagird sayı 200-dən az olan məktəblərdə (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) sinifdə şagirdlərin sosial məsafə gözlənilməklə yerləşdirilməsi mümkün olduğu halda, ibtidai siniflər həftədə 5 dəfə ənənəvi qaydada dərsə gələ bilərlər. Bu zaman fiziki tərbiyə dərslərinin keçirilməsi tövsiyə edilmir.
Sual: V – IX siniflər nə zaman əyani dərslərə başlayacaq? Cavab: 1 oktyabr tarixindən V – IX sinif şagirdləri əyani dərslərə başlayıb. Bütün ölkə üzrə V – IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərdə iştirak edirlər.
Sual: V –IX siniflərin dərs cədvəli necə qurulmalıdır? Cavab: Dərs cədvəli nümunəsi (VII sinfin timsalında) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.
https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-yarimqrup.pdf https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-butov-sinif.pdf
Sual: Sinifdə şagird sayı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verirsə, V – IX siniflər 5 gün dərsə gələ bilərmi? Cavab: Xeyr. Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur. Epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.
Sual: Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə günləri dərs keçirilə bilərmi? Cavab: Xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.
Sual: Distant dərslər necə keçirilməlidir? Cavab: Ölkədə hərbi vəziyyət qüvvədə qaldığı müddətdə teledərslərdən yararlanmaq və şagirdlərdə müstəqil öyrənmə bacarıqları formalaşdırmaq tövsiyə edilir.
Sual: Əyani dərslərin gündəlik sayını artırmaq olarmı? Cavab: Tövsiyə edilən dərs cədvəllərində I – IV sinif şagirdləri üçün həftədə 10-11 saat, V – IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur. Şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil:
I səbəb – müəllimin izafi dərs yükü yaranır ki, bu da yolverilməzdir.
II səbəb – şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır.
Sual: X – XI sinif şagirdləri hazırda distant dərslərdə iştirak edə bilmirlər. Hansı tədbirlər görülür? Cavab: X – XI sinif şagirdləri teledərslərə baxmaqla yaranmış fasiləni kompensasiya etməlidirlər.
|
|
01.10.2020 | 17:08 | |
|
|
|