Ana dilində ilk orta məktəb | |
1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının həyatında çox mühüm bir hadisə baş verdi. Şərqdə ilk müstəqil, demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlal Bəyannaməsi elan edildi.
Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli məktəblər şəbəkəsi yaradan, ümumi icbari təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasını qoyan, dövlət səviyyəsində 100 nəfər azərbaycanlı gənci xarici ölkələrin ali təhsil müəssisələrinə oxumağa göndərən, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addımlar atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu. Elə buna görə də AXC hökumətinin tarixini tədqiq edən Qərb tədqiqatçıları o dövrün milli hökumətini “maarifçi hökumət” kimi dəyərləndirirdilər.
Vətənini, xalqını, doğma dilini məhəbbətlə sevən Abdulla Şaiq “Xatirələrim”də yazırdı: “Milli vicdan milli məktəblərdə doğar. Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan bir cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz.
Cocuqlara özünü tanıdan, milli hisslərini, ruhlarını yüksəldən, onların dağ çeşmələri qədər saf və təmiz ürəklərində böyük bir məfkurə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvət hazırlayan məktəblərdir. Məktəblər millətin nur və səadət çırağıdır. Bəli, iqrar etməliyik ki, indiyədək milli məktəblərimiz olmadığından xalqımız naminə heç bir şeyimiz yox idi”.
Yazıçılığından artıq müəllimliyi ilə iftixar edən maarif fədaisi Abdulla Şaiq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin bir-birinin ardınca mədəni tədbirlər həyata keçirdiyi bir zamanda məktəblərin milliləşməsi üçün ilk addımı atdı. Onun təşəbbüsü ilə bütün fənlərin rus dilində tədris edildiyi Bakı I realnı məktəbin nəzdində Azərbaycan dili üzrə üç aylıq kurs açıldı. Bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün fənlərin Azərbaycan dilində tədris edildiyi bir sinif (üçüncü sinif) açıldı. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Ədib öz xatirələrində yazırdı ki, Cümhuriyyət dövründə siniflərin milliləşdirilməsi ilə bilavasitə özü məşğul olmuş, valideynləri yığaraq onların bir-bir razılığını almış, çarizm havası ilə hərəkət edən bəzi rus pedaqoqları ilə mübarizə aparmışdır.
Azərbaycan maarifi tarixində ana dilində ilk təhsil almış şagirdlər, sonralar görkəmli elm, mədəniyyət xadimləri olaraq, həmin məktəbin müəllimlərindən Abdulla Şaiq Talıbzadəni, Camo Cəbrayılbəylini, Qafur Rəşad Mirzəzadəni, Xudaverdi Kələntərlini və başqalarını həmişə böyük məhəbbətlə yad edirdilər. Məktəbi bitirən tələbələr ali məktəblərə imtahansız qəbul olundular ki, bu da öz növbəsində sonralar sovet respublikasında kadr məsələsinin həllinə böyük kömək göstərmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda milli kadrların yetişdirilməsində A.Şaiq tərəfindən milliləşdirilmiş siniflərin əsasında 20-ci illərin əvvəllərində yaradılan “Şaiq adına nümunə məktəbi” böyük iş görmüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Abdulla Şaiq tərəfindən orta məktəb siniflərinin milliləşdirilməsi təhsil tariximizə mühüm hadisələrdən biri kimi daxil olmuşdur.
Qaratel QAFAROVA, Xalq Təhsili Muzeyi ekspozisiya şöbəsinin müdiri |
|
01.06.2018 | 11:01 | |
|
|
|