Avropa çempionatında yüksək nəticə | |
Respublikamızda idmanın bütün növləri kimi şahmatda da idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Rubrikamızın budəfəki qonaqları “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Ləman Hacıyeva və həmin mərkəzin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Əhməd Əhmədzadədir. Gənc şahmatçıların uğur hekayələri ilə tanış olaq.
Tanıtım. Hacıyeva Ləman Maqsud qızı 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. 6 yaşından şahmatla məşğul olmağa başlayıb. Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbin məzunudur. Uşaq yaşlarından şahmata böyük maraq göstərib. 2009-cu ildə “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təcrübəli şahmat müəllimlərindən bu idman növünün sirlərini öyrənməyə başlayıb. Dövlət İmtahan Mərkəzinin builki qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub.
Tanıtım. Əhmədzadə Əhməd Samir oğlu 2004-cü il dekabrın 13-də Bakıda anadan olub. 2010-cu ildən şahmatla məşğul olmağa başlayıb. Bakı şəhəri 6 nömrəli məktəb-liseyin X “k” sinfinin şagirdidir. Öz çalışqanlığı və istedadı ilə müəllimlərinin diqqətini cəlb edir və çox keçmir ki, uğurları hamını sevindirir. İstər təhsil aldığı 6 nömrəli məktəb-liseydə, istərsə də şahmat məktəbində nizam-intizamı və çalışqanlığı ilə yaşıdlarından fərqlənərək dünya çempionu olmağı, bayrağımızı beynəlxalq səviyyəli yarışlarda uca tutmağı öz qarşısına məqsəd qoyur və bu məqsədə doğru addım-addım irəliləyir.
“Ən böyük arzum qadınlar arasında tanınmış və güclü şahmatçı olmaqdır”
Ləman Hacıyeva söhbətimizə bu fikirlərilə başladı: “Şahmat mənim üçün çox vacib və dəyərlidir. Çox sevdiyim və həmişə arzusunda olduğum bir idman növüdür. Mənə elə gəlir ki, şahmatsız özümü və gələcəyimi düşünə bilmirəm. Şahmat digər idman növlərindən çox fərqlənir. Ən çox bir xanım üçün əlverişli və fiziki güc tələb olunmayan bir idmandır. İlk yarışım Neftçala şəhərində zona yarışlarında olub. Orada IV yeri tutduqdan sonra mənim növbəti iştirakım üçün şərait yarandı.Və bundan sonra dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak etdim. Sonuncu yarışım isə şahmat üzrə onlayn formatda Avropa çempionatı oldu. Mən bu yarışda III yeri tutmuşam. Oyunuma gəldikdə daha çox hücumda oynamağı xoşlayıram. Ən böyük arzum qadınlar arasında tanınmış və güclü şahmatçı olmaqdır. Əldə etdiyim uğurlarıma görə “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru başda olmaqla bütün kollektivə, müəllimlərimə təşəkkürümü bildirirəm. Onların mənim üzərimdə əziyyətləri çoxdur. Xüsusən də beynəlxalq qrossmeyster, əməkdar məşçi Fərid Abbasova minnətdaram”.
“Hər dəfə uğur əldə edəndə özümə inamım daha da artdı”
Əhməd Əhmədzadə şahmat üçün yaşın böyük fərqi olmadığını bildirərək dedi: “Hansı yaşda şahmata başlayırsan başla, əsas əzmkarlıqla, məqsədyönlü şəkildə məşğul olmaqdır. Özünə əmin olmalısan, uğursuzluqlardan ruhdan düşməyərək geriyə çəkilməməlisən. 5 yaşım olanda məndən 4 yaş böyük qardaşımla evdə şahmat oynamağa başladım. Belə desək, məndə bu idman növünə marağı da qardaşım yaratdı. 6 yaşımda valideynlərimin istəyi ilə “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə qəbul olundum. İdman məktəbində beynəlxalq məşqçi və əməkdar məşqçi Anar Allahverdiyevdən şahmat dərslərini almağa başladım. İlk dəfə şahmat məktəbinə gələndə buradakı ab-hava məni çox həvəsləndirdi və nədənsə məndə özümə qarşı böyük bir inam yaratdı. Həvəslə, yorulmadan məşqlər edirdim və çalışırdım həm müəllimlərimin, həm də valideynlərimin etimadını doğruldum. İlk illərdə yarışlara qatılsam da, elə böyük nəticələr əldə etməmişdim. Buraxdığım səhvlərdən nəticə çıxarmaq üçün var gücümlə çalışırdım. Mənimlə bərabər, deyərdim ki, məndən də çox əziyyət çəkən isə məşqçi-müəllimim Anar Allahverdiyevdir.
2011-ci ildə ilk dəfə respublika çempionatında uğurla çıxış edəndə çəkdiyimiz əziyyətlərin hədər getmədiyini anladım. Sevincimin həddi-hüdudu yox idi. Bundan sonra uğurlarımı təkrarlamağı və daha böyük nailiyyətlər əldə etməyi qarşıma məqsəd qoydum. Bu işdə məktəbimizin direktoru Cəmil Fətullayev bizə hər bir şəraitdə köməklik göstərir, problemlərimizlə maraqlanırdı. Çox keçmədi ki, qələbələr qazandım və hər dəfə uğur əldə edəndə özümə inamım daha da artdı. Artıq uduzmağı qəbul etmək istəmirdim, çalışırdım adi oyunlarda belə heç kimə məğlub olmayım. Qarşıma məqsəd qoydum, daha yaxşı oynayaraq həmişə rəqiblərimi udmaq, istənilən yarışa hazırlıqlı çıxmaq, rəqibin olduqca güclü olmasından qorxmamaq. Elə yarışlar və turnirlər olur ki, özümdən yaşca böyük və güclü şahmatçılarla oynayıram.
2011-ci ildən bu günə kimi kifayət qədər yarışlarda olmuşam. Onlar arasından ən önəmlisi 2012-ci ilin 6-13 iyul tarixlərində Gürcüstanın Kutaisi şəhərində 8 yaşlılar arasında keçirilən Avropa kuboku yarışıdır. Həmin yarışda II yeri, Serbiyanın Novi-Sad şəhərində 2013-cü ilin 20-28 iyun tarixlərində 9 yaşlı şahmatçılar arasında keçirilən məktəblilər arasında Avropa çempionatında II, 2014-cü ilin iyun ayının 13-dən 27-nə kimi Yunanıstanın Kavala şəhərində keçirilən 11 yaşlı məktəblilər arasında sürətli şahmat üzrə dünya çempionatında II, 2015-ci ilin iyun ayının 13-dən 23-nə kimi və həmin ilin dekabrında kişilər arasında keçirilən Azərbaycan çempionatlarında I yerə layiq görülmüşəm. Digər yaddaqalan yarışım ötən ilin noyabr ayında Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasında Azərbaycan yığma komandasının tərkibində olimpiya çempionu adını qazanmaqdır. Sonuncu yarışım - onlayn formatda Avropa çempionatında IV yeri qazanmışam. Qarşıma tanınmış qrossmeyster olmağı məqsəd qoymuşam”.
“Böyük ümidlərimiz var”
3 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin direktoru Cəmil Fətullayev: “Əhməd Əhmədzadə kiçik yaşlarından məktəbimizdə məşğul olur. Əhməd özünü yaxşı şahmatçı kimi elə 6 yaşından dərəcə yarışları keçirilən zaman sübut etdi. Qısa vaxt ərzində vacib yarışlarda iştirak edərək yüksək nailiyyətlər qazandı. O, 2015-ci ildə çox yüksək bir nailiyyət göstərərək kişilər arasında Bakı çempionu olaraq bu il keçiriləcək Azərbaycan çempionatına birinci dəstəyə vəsiqə qazanıb. Bu yarış onun üçün ən böyük bir uğur və nailiyyətdir. Bunu xüsusilə qeyd etmək istərdim ki, 12 yaşlı bir yeniyetmənin kişilər arasında Azərbaycan çempionatına vəsiqə əldə etməsi sevindirici hadisədir. Valideynləri, müəllimı və məktəb tərəfindən Əhmədə böyük ümidlərimiz var. Əhmədə bu yolda uğurlar arzulayırıq”.
Qeyd edək ki, sentyabrın 18-20 tarixlərində şahmat üzrə onlayn formatda Avropa çempionatı keçirilib. Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə keçirilən və 40 ölkədən 750-ə yaxın şahmatçının qatıldığı çempionatda məktəblilərimiz uğurlu nəticə göstəriblər.
Belə ki, şahmatın rapid növü üzrə 18 yaşadək qızların mübarizəsində Təhsil Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Ləman Hacıyeva 9 oyundan 7 xalla III, 16 yaşadək oğlanların mübarizəsində “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Əhməd Əhmədzadə IV yerə layiq görülüb.
Avropa Şahmat Birliyi tərəfindən gənclər arasında təşkil olunan çempionat 4 yaş qrupu üzrə 8 kateqoriyada (12, 14, 16, 18 yaşadək oğlanlar və qızlar) keçirilib. Onlayn formatda 25 dəqiqə + 10 saniyə/hər gedişə - nəzarət vaxtı ilə təşkil olunan yarış yerli federasiyaların müəyyən etdiyi oyun zonalarında hakim və kamera nəzarəti altında baş tutub.
Rəşad ZİYADOV |
|
25.09.2020 | 15:30 | |
|
|
|