Daha bir müəllim 60 bal topladı
Biləsuvar rayonunun Yuxarı Cürəli kənd tam orta məktəbinin kimya müəllimi Ziyafət Məmmədov 60 bal toplayıb: “Ötən il biologiya üzrə diaqnostik qiymətləndirmədən keçərək 54 bal toplamışdım. Bu göstəricim məni qane etmirdi. Bu dəfə  kimyadan qatıldım. Həm həyəcanlı idim, həm də uzaq yol gəlmişdim, yorğundum. Buna baxmayaraq, imtahanda həyəcan da, yorğunluq da yaddan çıxdı. Orada şərait də çox yaxşıdır. Hər cür rahatlığımız təmin olunub”.
 
 
Ziyafət müəllim deyir ki, müəlimləri imtahanda ən çox narahat edən kurikulumdur: “Dərsi kurikulumun tələblərinə uyğun keçmək üçün şərait olmur. Ancaq mümkün qədər tətbiq etməyə çalışırıq”.
 
 
Ziyafət müəllimin də hədəfi 60 bal olub. Rayonda ən yüksək bal toplamağı qarşısına məqsəd qoyan 36 yaşlı müəllimin bu, ilk birinciliyi də deyil: “Tibb universitetinə daxil olmaq istəyirdim. Qəbul imtahanlarında 570 bal topladım. Bu balla həmin il rayondan ali məktəbə daxil olanlar arasında ən yüksək nəticə məndə idi. Ancaq həmin bal Tibb Universitetinin ödənişli ixtisaslarında oxumağıma imkan verirdi. Mən də ancaq dövlət sifarişli yerləri seçmişdim və Bakı Dövlət Universitetinə daxil oldum”.
Hazırda Biləsuvar rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən kənddə çalışan Ziyafət müəllim hədəfinə çatdı: “Ən yüksək bal toplamaqda qərarlı idim. Həmin yüksək bal 61 olsaydı, 60 bala yenə qane olmazdım”.  
Xatırladaq ki, may ayının 26-dan start götürən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi iyunun 2-də başa çatacaq. 
 


31.05.2018 | 21:25