Proses şəffaf, qərar ədalətli | |
Hər il olduğu kimi, bu il də tələbələrin köçürülməsi prosesi uğurla başa çatdı. Bu yaxınlarda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr artıq məlum olub.
Qeyd edək ki, bu il yay semestrində transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1070 nəfər müraciət edib. Onlardan 782 nəfərinin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 710 nəfərdən 671 nəfərini bakalavriatura, 39 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 92 nəfərdən 72-nin müraciətinə müsbət cavab verilib.
Nəzərə çatdıraq ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesini sadələşdirmək, şəffaflığı təmin etmək məqsədini daşıyır. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Köçürülən tələbələr prosesin şəffaf və obyektiv keçirildiyini deyir.
“Məqsədim dövlətimizi, xalqımızı xaricdə layiqincə təmsil etməkdir”
Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə köçürülən Rəvan Mehdiyev bu sistemdən razı qaldığını bildirir. O, ötən il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olunduğunu, lakin təhsilini başqa ixtisasda davam etdirməyi arzuladığını deyir: “Köçürülməkdə məqsədim dövlətimizi, xalqımızı xaricdə layiqincə təmsil etmək, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətə dəstək olmaqdır. Mən və mənim kimi yüzlərlə gəncə bu imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, sistemdən çox razıyam. Bu sistem çox rahat və ədalətli idi. Cavablar da tez məlum oldu. Proses zamanı heç bir maneə ilə rastlaşmadım.
“Doğmalarımdan uzaqda yaşamaq təhsilimi vətənimizdə davam etdirməyimə səbəb oldu”
İsmayıl Məmmədzadə transfer.edu.az saytı vasitəsilə xaricdən ölkəmizdəki universitetə köçürülənlərdəndir. O, bizimlə söhbətində bildirdi ki, Litvanın Kaunas şəhərində yerləşən Vitautas Maqnus Universitetində təhsil alırmış. İndi təhsilini doğma ölkəmizdə - Korporasiya Universitetində davam etdirəcək. O, köçürülməsinin səbəbini belə izah edir: “Həm doğmalarımdan uzaqda yaşamaq, həm də ailəmizdəki maddi çətinliklər təhsilimi vətənimizdə davam etdirməyimə səbəb oldu. Qərar verdim ki, ölkəmizdəki ali məktəblərdən birinə köçürülüm. Şükürlər olsun ki, arzuma çatdım. Özü də çox asanlıqla. Sayta daxil oldum və sorğunu göndərdim. Bir müddətdən sonra Təhsil Nazirliyindən müsbət cavab aldım. Bu sistem vasitəsilə ailəmiz həm maddi yükdən qurtardı, həm də mən təhsilimi əzizlərimin yanında davam etdirmək arzusuna çatdım”. İsmayıl Məmmədzadə belə bir imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkürünü bildirir.
“Milli Konservatoriyada təhsil almağı uşaqlıqdan arzulayırdım”
Səltənət Bağırova da köçürülən tələbələrdəndir. O, Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasından Azərbaycan Milli Konservatoriyasına köçürülüb. Konservatoriyada təhsil almağı uşaqlıqdan arzuladığını deyir: “Milli Konservatoriyada təhsil almağı uşaqlıqdan arzulayırdım. Bu gün arzuma çatdığım üçün özümü çox şanslı, xoşbəxt hiss edirəm. Mənə bu hissləri yaşatdığına görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Nazirlik mükəmməl bir sistem yaradıb. Heç bir əziyyət çəkmədən, şəffaf və obyektiv şəkildə köçürüldüm”. Səltənət Bağırova gənclərə yaradılan şəraitdən maksimum istifadə edəcəyini, etimadı doğruldacağını da sözlərinə əlavə edib.
“Proses çox şəffaf və operativ həyata keçirildi”
Xəzər Universitetindən İqtisad Universitetinə köçürülən İsmayıl Əliyev də proseslə bağlı öz fikirlərini bizimlə bölüşüb. Xəzər Universitetinin kompüter mühəndisliyi ixtisasında təhsil aldığını və builki köçürülmədə iştirak edərək Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüldüyünü deyir: “Xəzər Universitetində dərslərimiz ingilis dilində keçirilirdi. Bu, məndə müəyyən çətinliklər yaradırdı. Buna görə də qərar verdim ki, təhsil aldığım universiteti dəyişim. Bu məqsədlə transfer.edu.az saytına daxil oldum və müraciət etdim. Müraciətimə müsbət cavab verdilər. Proses çox şəffaf və operativ həyata keçirildi”.
Niyazi RƏHİMOV
|
|
25.09.2020 | 10:36 | |
|
|
|