Məktəb direktoru olmaq istəyənlərin nəzərinə! | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək.
İdarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.
İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.
Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.
Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur.
Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
|
|
22.09.2020 | 13:28 | |
|
|
|