BMU-da Koreya dili kurslarına start verilib

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində yaradılan Xırdalan Seconq İnstitutunda Koreya dili kurslarına onlayn formada start verilib.

 

Universitetdən bildirilib ki, BMU və Koreyanın İnha Universiteti arasında icrasına başlanılan ikili diplom proqramı üzrə əməkdaşlığın digər istiqamətlərindən biri kimi cari ilin iyul ayında Xırdalan Seconq İnstitutu yaradılıb. Əsas məqsəd Koreya dilinin tədrisi, həmçinin müəllimlərin, tələbələrin hərtərəfli inteqrasiya olunmalarına kömək göstərməkdir.

 

Xırdalan Seconq İnstitutunun Koreya dili kursuna qeydiyyat müddəti ərzində 1500-dən çox müraciət daxil olub. İlk əvvəl 3 müəllim və 90 nəfərlik kursa dinləyici qəbul etmək nəzərdə tutulsa da, Koreya dilini öyrənmək istəyənlərin sayının çox olmasını nəzərə alaraq Seconq İnstitutunun rəhbərliyinə müraciət edilib. Bununla  da əlavə 2 müəllim işə cəlb edilərək dinləyicilərin sayı 210 nəfərə kimi artırılıb. Dərslər 30 nəfərdən ibarət 7 qrupda həftədə 2 gün olmaqla keçirilir. Digər müraciət edənlərin növbəti semestrlərdə yenidən təşkil olunacaq kurslara cəlb olunması nəzərdə tutulur.

 

Xırdalan Seconq İnstitutuna cəlb edilən və Koreya dilini tədris edən müəllimlərin (1 nəfər Koreya vətəndaşı və 4 nəfər Azərbaycan vətəndaşı) hər biri Koreya və Azərbaycan təhsil sisteminə yaxından bələddir. Dərslər Zoom proqramından istifadə edilərək 10 sentyabr - 30 dekabr (15 həftə) müddətində davam edəcək. Tədris proqramını müvəffəqiyyətlə bitirən tələbələrə Seconq İnstitutu tərəfindən sertifikat veriləcək. Sertifikatı yalnız dərslərin 70%-dən çoxunda iştirak etmiş və imtahan nəticəsi 60 baldan yüksək olan kursun dinləyicilərinə təqdim ediləcək. Sertifikat əldə edənlər isə onu gələcəkdə Koreyada təhsil almaq və ya işə düzəlməkdə istifadə etmək imkanı qazanacaqlar.

 

Hazırda mövcud pandemiya vəziyyətinə görə dərslər onlayn keçirilsə də, gələcəkdə dərslərin müvafiq sinif otaqlarında davam etdirilməsi nəzərdə tutulub. Gələn il üçün kursun növbəti mərhələsinə dinləyici seçimində sertifikat alanlara üstünlük veriləcək. Bu semestr dərslərdə davamlı iştirak etməyib sertifikat əldə edə bilməyənlər isə bundan sonra digər səviyyə kurslarında iştirak etmək şanslarını itirəcək. Qeydiyyatdan keçən, lakin bu semestr dərslərdə iştirak edə bilməyənlərə də şans bu yolla veriləcək. Bu səbəbdən kursun dinləyicilərindən dərslərdə davamlı iştirak etmək tələb olunur.

 

Qeyd edək ki, Koreya hökuməti tərəfindən Kinq Seconq İnstitutu (King Sejong Institute) Mədəniyyət, İdman və Turizm Nazirliyi nəzdində 2005-ci ildə yaradılıb və dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərir. İnstitutun məqsədi Koreya dilinin, mədəniyyətinin tədrisi və yayılmasıdır.

 



21.09.2020 | 13:39