“Bir baxışda təhsil”

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD ) 2020-ci il üzrə “Bir baxışda təhsil”  (Education at a Glance) adlı növbəti hesabatını dərc edib. Sentyabrın 8-də Parisdə OECD-nın  virtual iclasında təqdim olunmuş 486 səhifəlik hesabatda bir sıra ölkələrdə təhsil sistemlərinin strukturu, maliyyəsi və effektivliyi barədə məlumatlar verilir. Bu nəşrdə təqdim olunan 100-dən çox diaqram və cədvəl, həmçinin təhsil məlumat bazasında mövcud olan linklər təhsil müəssisələrinin fəaliyyətinin nəticələri haqqında əsas məlumatları - müxtəlif ölkələrdə təhsilin rolu, təhsildə iştirak və proqresin əldə olunması, təhsilə qoyulan maliyyə resursları, müəllimlərin durumu, tədris mühiti, məktəblərin təşkili kimi məsələləri ehtiva edir.

 

Hesabatda qeyd olunur ki, COVID-19-un yayılması dünyanın hər yerində ictimai səhiyyənin misli görünməmiş böhranı, ciddi insan əzab-əziyyətlərinə və tələfata yol açıb.Virusa yoluxanların sayının eksponent artması və xəstəliyin ciddi fəsadlarının dramatik nəticələri ona gətirib çıxardı ki, xəstəxanalar və tibb işçiləri həddindən artıq böyük bir yükün altına girdilər və səhiyyə sektoruna xeyli ağırlıq yarandı. Hökumətlər  bütün fəaliyyət sektorlarını bağlamaqla və geniş məhdudiyyətlər qoymaqla xəstəliyin yayılması ilə mübarizə apardıqca böhran ölkələrə uzun illər təsir göstərəcək ciddi iqtisadi problemə çevrilir. OECD-nin son iqtisadi proqnozuna görə, hətta ən nikbin ssenarilər belə, sərt tənəzzülün olacağını proqnozlaşdırır. İkinci infeksiya dalğasından qaçmaq mümkün olsa belə, qlobal iqtisadi fəallıq 2020-ci ildə 6%-ə düşəcək və OECD ölkələrində orta işsizlik 2019-cu ildəki 5,4%-dən  9,2%-ə qədər artacaq. İzolyasiya rejiminə qayıtmağa gətirib çıxaracaq təkrar yoluxma baş verərsə, vəziyyət daha da pisləşəcək.

 

İtirilmiş bacarıqlar

 

OECD-nin hesablamalarına əsasən, koronavirus nəticəsində  məktəblərin  bağlanması səbəbindən itirilmiş bacarıqlar dünya iqtisadiyyatının çökməsinə səbəb olacaq. Məktəb təhsilinin pozulması bacarıqların itirilməsinə gətirib çıxaracaq ki, bu da dünyada iqtisadi istehsalın həcmini əsrin sonuna qədər 1,5 faiz azaldacaq. ABŞ üçün bu, 15,3 trilyon dollar həcmində iqtisadi zərər təşkil edəcək. Növbəti tədris ilində təhsil sisteminin pozulması davam edərsə, bu rəqəm daha da artacaq. “Təlimdə itki, bacarıqların itirilməsinə gətirib çıxaracaq, insanların bacarıqları isə onların performansına bağlıdır”, - deyə hesabatda bildirilir.

 

Təhsilin həlledici əhəmiyyəti

 

Hesabatın təqdimat mərasimində çıxış edən OECD-nin baş katibi Anxel Qurria qeyd edib ki, COVID-19 böhranı bütün dünyada təhsil sistemlərində çoxsaylı çatışmazlıqları və qeyri-bərabərliyi ortaya qoydu. Hökumətlər öz iqtisadiyyatlarını və insanların həyatını yenidən  bərpa etməyə başladıqca, hər bir gəncin təhsilini davam etdirə bilməsi, məktəbdə uğur qazanması və  cəmiyyətə töhfə verməsi məqsədilə təhsilə uzunmüddətli dövlət yatırımlarının prioritet olaraq qalması vacibdir. 2017-ci ildə OECD ölkələrində ibtidai və ali təhsilə ayrılan xərclər ümumi  dövlət xərclərinin orta hesabla 11%-ni təşkil edib, bu rəqəm Yunanıstanda təxminən 7%, Çilidə 17%-ə qədər olub. “Təhsil sistemlərinin gücləndirilməsi bu böhrandan çıxmağı və gəncləri uğur qazanmaq üçün lazım olan bacarıq və səriştələrlə təmin etməyi planlaşdıran hökumətin diqqət mərkəzində olmalıdır. Böhranın bir çox ölkələrdə təhsildə aşkar edilmiş qeyri-bərabərliyi dərinləşdirməməsi üçün hər cür səy göstərilməlidir. Hazırkı böhran irimiqyaslı dağıntıların öhdəsindən gəlmək bacarığımızı yoxlayıb. İndi biz miras olaraq daha davamlı bir cəmiyyət qurmalıyıq”, - deyə baş katib bildirib.

 

Böhran  peşə təhsili sektoruna ciddi zərbə vurub

 

Hesabata görə, böhran xüsusilə texniki peşə təhsili sektoruna ciddi zərbə vurub. Təcrid dövründə iqtisadi və sosial həyatın əsasını təşkil edən bir çox fəaliyyətlər peşə təhsili ixtisaslarından asılı olduğu üçün bu, ciddi narahatlıq doğurur. Orta hesabla bu gün OECD ölkələrində gənclərin valideynlərindən daha yüksək orta peşə təhsil və akademik universitet dərəcəsi almaq şansı daha azdır. Qazanc da aşağıdır: yüksəkdərəcəli  peşə təhsili olan böyüklər orta ixtisas səviyyəsinə malik olanlar kimi eyni qazanc əldə edirlər, lakin onlar OECD ölkələrində orta hesabla ali təhsilli yaşlılardan 34% az qazanırlar. Hökumətlər gənclərə daha cəlbedici peşə təhsili və bacarıqları vermək üçün səylərini artırmalıdır.  Buraya işəsaslı öyrənmənin gücləndirilməsi və özəl sektorla əlaqələrin genişləndirilməsi daxil olmalıdır. Hazırda OECD ölkələrində orta peşə təhsili müəssisələrinin şagirdlərinin yalnız üçdə biri kombinə olunmuş məktəb və iş proqramlarında iştirak edir.

 

Tələbələrin peşə təhsilindən ali məktəbə keçidinin sadələşdirilməsi də əsas amildir və təhsilin nəticələrini yaxşılaşdıra bilər. Bu gün peşə təhsili məktəblərində 10 tələbədən təxminən 7-si nəzəri cəhətdən daha yüksək dərəcələrə doğru irəliləməyə imkan verən proqramlar üzrə təhsil alır.

 

Universitetlər yeni gerçəkliyə sərt bir nəzər salmalıdırlar

 

Virtual forumda çıxış edən OECD-nin təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer bildirib ki, beynəlxalq tələbələr kilitlənmənin başlanğıcında xüsusilə ağır şəkildə zərər çəkiblər.  Növbəti tədris ili üçün xarici tələbə sayındakı hər hansı bir azalma, universitetlərin təklif etdiyi təməl təhsil xidmətlərinə zərbə vuracaq, eyni zamanda yerli tələbələrə göstərilən maddi dəstəyə, elmi-tədqiqat və inkişaf fəaliyyətlərinə dolayı yolla təsir edəcək. 

 

Beynəlxalq tələbələr OECD ölkələrində orta hesabla 6% təşkil etmələrinə baxmayaraq, Avstraliya, Lüksemburq və Yeni Zelandiyada ümumi tələbə  sayının 20 və ya daha çox faizini əhatə edir. Beynəlxalq tələbə mobilliyi doktorantura səviyyəsində xüsusilə yüksəkdir, burada orta hesabla hər beş tələbədən biri elmi dərəcə almaq üçün xaricə gedir.  Baxmayaraq ki, Kanada və ya Böyük Britaniya kimi ölkələr viza qaydalarını sadələşdirib və ya tələbələrə kampusda qalmağa icazə veriblər, “hər yerdə belə olmayıb”. Avstraliya Kanada, Böyük Britaniya və ABŞ potensial olaraq böyük itkilərə məruz qalıb. O, xəbərdarlıq edib ki, tələbələr “onlayn kurslar istehlak etmək üçün çox pul xərcləmək və öz vaxtlarını sərf etmək niyyətində deyillər. “Onlar öz professorları ilə müzakirələr aparmaq, laboratoriyalarda tədqiqatçılarla işləmək və kampus sosial həyatını yaşamaq, böyük insanlarla görüşmək üçün xarici universitetlərə gedirlər. Əgər bu şeylər baş vermirsə,  hesab edirəm ki, universitetlər çox çətin bir zamanla qarşılaşacaqlar. Qısa müddətdə, online dünya çox əhəmiyyətli olacaq. Amma əgər universitetlər sadəcə bilik yayırlarsa, onlar öz dəyərli təkliflərini itirirlər”,-deyə A.Şleyxer əlavə edib. 

 

A.Şleyxer hesab edir ki, “biliklərin çatdırılması və akkreditasiya  dəyişdirilməlidir, çünki insanların öyrənmə təcrübəsi qazanması üçün bir çox alternativlər olacaq. Buna görə də düşünürəm ki, universitetlər həqiqətən bu yeni reallığa sərt nəzər salmalıdırlar”.  

 

OECD hesabatında hansı məqamlara diqqət yetirilir?

 

1. OECD ölkələrində təhsilin dövlət maliyyələşdirilməsi

 

“Böhranın təhsilə təsiri” bölməsində qeyd olunur ki,  COVID-19-un yayılması dünyanın hər yerində şok dalğalanma yaradıb. Böhranın uzunmüddətli nəticələri aydın olmasa da, pandemiya dövlət təhsil xərclərinə təsir göstərə bilər, çünki vəsaitlər səhiyyə sektoruna və iqtisadiyyata yönəldilir.

 

  • - Pandemiyadan əvvəl, dövlət xərclərinin 11%-i təhsilə yönəldilib.
  • - 2020-ci ildə qlobal iqtisadi fəallığın ən azı 6% azalacağı gözlənilir.

 

Bəzi ölkələr qısamüddətli dəstək tədbirləri tətbiq ediblər:

  • - Rəqəmsal təlim cihazlarının çatdırılması;
  • - Tələbə və məktəblərə maliyyə dəstəyi;
  • - Avadanlıqların təhlükəsizliyini və təmizliyini təmin etmək üçün vasitələr.

 

2.  Beynəlxalq tələbə mobilliyi

  • - Bütün OECD ölkələrində  ali təhsil müəssisələrinin tələbələrinin 6%-i əcnəbilər və ya əcnəbi  tələbələrdir;
  • - Bu nisbət doktoranturada 22%-ə qədər artırılır;

 

Distant təhsil-xaricdə təhsil təcrübəsində ən pis əvəzdir.

 

Tələbələr aşağıdakıları əldən buraxırlar:

  • - xarici əmək bazarlarına çıxış və şəbəkələrin yaradılması;
  • - beynəlxalq əməkdaşlıq.

 

Az sayda əcnəbi tələbə kontingenti  bəzi ali təhsil müəssisələrinin maliyyələşdirilməsi modelinə əhəmiyyətli təsir göstərə bilər.  Əcnəbi tələbələr milli universitetlərlə müqayisədə xarici ali məktəblərdə daha artıq təhsil haqqı ödəyirlər.

 

Böhran  özünü nədə göstərdi:

 

  • - öyrənmə davamlılığında;
  • - beynəlxalq tələbələrin təhlükəsizliyi və hüquqi statusunda;
  • - tələbələr tərəfindən xaricdə təhsilin diplom almaq üçün dəyər kimi qəbul edilməsində.

 

3. Məktəbdə tədris vaxtının itirilməsi

 

OECD-nin 46 ölkəsində və tərəfdaş ölkələrdə COVID-19 nəticəsində təhsil müəssisələrində tədris vaxtının itirilməsi:

 

2020-ci il, fevral: - Çin məktəbləri bağlayan ilk ölkə oldu, tezliklə digər ölkələr də eyni addım atdılar; 

 

2020-ci il, mart: - Mart ayının sonuna qədər 46 ölkə bütün və ya bəzi məktəbləri  bağladı;

 

2020-ci il, iyun: - İyun ayının sonuna qədər OECD ölkələrində və tərəfdaş ölkələrdə məktəblərin bağlanma müddəti 7 həftədən 19 həftəyə qədər idi.

 

Bu dövrlərdən bəziləri məktəb tətillərini əhatə edirdi. Bəzi ölkələr hətta vaxt itkisini minimuma endirmək üçün məktəb illərini yenidən təşkil etdilər.

 

4. Məktəblərin bağlanması şəraitində şagirdlərin təhsillərini davam etdirməsi

 

Ölkələr müxtəlif uzaqdan öyrənmə resurslarından istifadə ediblər:

  • - tədris paketləri;
  • - radio və televiziya təhsili;
  • - online təlim resursları.

 

Online platformalardan,demək olar ki, bütün OECD ölkələrində və tərəfdaş ölkələrdə istifadə edilib. Bu alətlərə daxildir:

 

  • - Öyrənmək istədiyiniz halda təhsil məzmunu;
  • - Virtual konfrans meydançalarında real zaman rejimində dərslər;
  • - Valideynlər və öyrənənlər üçün online dəstək xidmətləri;
  • - Sərbəst formal dərslər.

 

5. Müəllimlərin rəqəmsal öyrənməni dəstəkləmək üçün hazırlıqları

 

Müəllimlər informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin öyrənilməsinə yüksək ehtiyac olduğunu bildirirlər:

  • - 60% müəllim İKT sahəsində ixtisasartırma keçib;
  • - 18% bu sahədə inkişaf üçün daha yüksək tələbat hiss etdiyini bildirib;
  • - Müəllimlər öz inkişafları üçün uzaqdan öyrənməyə çox da güvənmirlər;
  • - 36% onlayn kurslarda və ya seminarlarda iştirak etdiyini bildirib;
  • - Müəllimlərın yarıdan çoxu  kurslarda və ya seminarlarda şəxsi iştirakları barədə məlumat veriblər.

 

6. Məktəbləri nə zaman və necə açmalı?

 

Pandemiya şəraitində yenidən açılma risklərinin idarə olunması üzrə addımlar:

  • - kadr heyəti üçün risk qiymətləndirməsinin aparılması;
  • - aydın sosial məsafə protokollarının inkişaf etdirilməsi;
  • - sağlamlıq vəziyyəti nəzərə alınmaqla sinifdə iştirak siyasətinin yenidən nəzərdən keçirilməsi;
  • - müəllim və işçi heyətinin məktəblərin yenidən açılmasına hazırlığını təmin etmək.

 

Məktəblər açılarkən istifadə oluna biləcək iki mühüm imkan:

  • - uzaqdan təhsilin təhsilalanların səriştələrinə təsirini qiymətləndirmək;
  • - uzaqdan öyrənmə üçün infrastruktur və potensial yaratmaqda davam etmək.

 

7. Siniflərin ölçüsü məktəblərin yenidən açılması üçün kritik parametrdir

 

Təhsilalanlar və müəllim heyəti arasında təhlükəsiz məsafənin saxlanması aşağıdakılardan asılıdır:

  • - sinif ölçüsü və sərbəst siniflərin mövcudluğu;
  • - sinifdə tələbələrin sayı;
  • - Sinifdə sosial məsafə - 1-2 metr,  bu məsafə virusun qarşısının alınması səviyyəsinə uyğun nizamlanır.

 

OECD ölkələrində ibtidai sinfin orta ölçüsü:16 (Kosta Rika), 21 (orta göstərici), 31 (Çili).

 

8. COVID-19 izolyasiyası zamanı peşə təhsili

 

  • - Orta məktəbin yuxarı sinif şagirdlərinin 42%-i peşə təhsili və peşə hazırlığı sistemində  təhsil alır, onlardan hər üç nəfərdən biri  kombinə edilmiş məktəb və iş proqramları üzrə oxuyur.
  • - peşə hazırlığı sistemində tədris proqramının 25-90%  iş yerində təşkil olunur;
  • - Sosial məsafə və obyektlərin bloklanması bunu çətin və ya qeyri-mümkün edir;
  • - Şirkətlərin iqtisadi bərpa üçün mübarizə aparması səbəbindən, ehtimal ki, peşə hazırlığında əlçatan stajkeçmə daha az olacaq. 

 

Sənədin “Nəticə” hissəsində qeyd olunur ki, COVID-19-dan sonra həyat  bərpa mərhələsinə qədəm qoyduqda, təhsil sistemlərinin və xüsusilə də  həyat qabiliyyətli cəmiyyətlərin möhkəmləndirilməsində peşə təhsilinin rolu barədə düşünmək çox vacib olacaq. Təhsil sistemləri cəmiyyətin gələcəyi üçün zəruri olan bilik və bacarıqların inkişafında planlaşdırmanın mərkəzində olmalıdır.  Real dəyişikliklər tez-tez dərin böhranlarda baş verir və bu məqam özündə hər şeyin “norma”ya qayıdacağı vaxtda status-kvoya qayıda bilməyəcəyimizi əks etdirir. Baxmayaraq ki, bu böhran,  o cümlədən təhsil üçün dərin dağıdıcı nəticələrə malikdir,  onun əvvəlcədən müəyyən edilmiş nəticələri yoxdur. Məhz bu pozuntulara bizim kollektiv və sistemli reaksiyalarımızın xarakteri onların bizə necə təsir edəcəyini müəyyən edəcək. Bu mənada pandemiya da Davamlı İnkişaf Məqsədlərinə sadiqliyi bərpa etməyə çağırışdır. Bütün gənclərin məktəbdə uğur qazanmaq və  cəmiyyətin inkişafına töhfə verəcək bilik, bacarıq, yanaşma və dəyərləri inkişaf etdirmək imkanına malik olmasını təmin etmək qlobal gündəliyin və təhsil vədlərinin əsasını təşkil edir.

 

Oruc MUSTAFAYEV



18.09.2020 | 11:20