ADU ilə Çin İctimai Elmlər Akademiyası arasında əməkdaşlıq inkişaf edir

Azərbaycan Dillər Universitetində (ADU)  professor-müəllim heyəti və ADU Konfutsi İnstitutunun əməkdaşları ilə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Dinləri İnstitutunu, Çin Fəlsəfə İnstitutunu və Çinin Sərhədyani Ərazilərin Tədqiqatı İnstitutunu təmsil edən alimlərdən ibarət nümayəndə heyətinin görüşü baş tutub. Çin İctimai Elmlər Akademiyasının akademiki Vey Daoju, Fəlsəfə İnstitutunun direktor müavini Tsuy Veyxan ÇİEA institutlarının elmi-tədqiqat fəaliyyətləri barədə danışaraq, Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığa böyük maraq göstərildiyini vurğulayıblar.

 

Görüşdə çıxış edən ADU-nun “Fəlsəfə və ictimai elmlər” kafedrasının professoru Əli Məmmədov, “Regionşünaslıq” kafedrasının müdiri dosent Sevdagül Əliyeva,  Beynəlxalq münasibətlər  departamentinin müdiri Nigar Soltanova fəlsəfə, dinşünaslıq və ictimai elmlərin digər sferası sahəsində elmi işləri barədə danışıblar. Tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çinin "Bir kəmər - bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çin fəlsəfə və tarixinə dair elmi-tələbə seminarlarının mövzusü barədə qonaqlara məlumat verib.

 

Görüşdə iki qurum arasındakı əməkdaşlığın perspektivləri və birgə layihələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Çindən gələn qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi Azəbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli  əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib. 



31.05.2018 | 17:23