LDU-da tədrisin təşkili ilə bağlı yeni qaydalar | |
Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın onlayn iclası keçirilib.
Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2020/2021-ci tədris ilinin başlanması münasibəti ilə ali məktəbin professor-müəllim-tələbə heyətini təbrik edib, iclasın gündəliyinə olduqca vacib məsələlərin salındığını deyərək iştirakçıları müzakirədə aktiv olmağa çağırıb.
Müzakirəyə çıxarılan iki məsələ - “Yenilənmiş təhsil standartları əsasında tərtib olunan universitetin bakalavr və magistratura səviyyələri üzrə “Tədris planları”nın təsdiq edilməsi” və “ Xüsusi karantin rejimində universitetdə tədrisin təşkili” haqqında tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.
Məruzəçi bildirib ki, ənənəvi formada təhsil bərpa olunanadək bakalavriat və magistratura səviyyəsində əyani təhsilalma forması üzrə II və yuxarı tədris ili tələbələrinin dərs prosesi 15 sentyabr 2020-ci il tarixindən distant (məsafədən) təşkil ediləcək və Microsoft Teams platforması üzərindən həyata keçiriləcək. Distant formada dərslər iki növbədə planlaşdırılıb. III və V tədris ili qruplarının dərsləri birinci növbə, II və IV tədris ili qruplarının dərsləri isə ikinci növbə tədris olunacaq.1 akademik saat olaraq 30 dəqiqə nəzərdə tutulub, bütün növ dərslərin müddəti 2 akademik saat, akademik saatlararası fasilə 5 dəqiqə müəyyən edilib. Bakalavriat və magistratura səviyyəsində əyani təhsilama forması üzrə I tədris ili tələbələrinin 1 oktyabr 2020-ci il tarixindən ənənəvi formada təhsil almaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”nın tələblərinə uyğun olaraq təmin ediləcək.
Şura üzvləri, universitetin dekanları, kafedra müdirləri müzakirələrdə fəal iştirak edərək təklif və rəylərini bildiriblər. Səslənən təklif və rəylər nəzərə alınmaqla yeni dərs ili üçün tədris planları təsdiq edilib.
Lənkəran Dövlət Humanitar Kollecinin LDU-nun nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkili də Elmi Şurada müzakirəyə çıxarılıb.
“LDU-nun nəzdində yaranan Sosial və Aqrar Texnoloji kollecin yeni strukturunun təsdiqi haqqında” kollecin direktoru, dosent Ruslan Həmidov məlumat verib. Qeyd edib ki, həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu kolleci bitirən subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı ali məktəbi normativ təhsil müddətindən tez bitirməsinə imkan yaradacaq.
“2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertant hazırlığı üzrə qəbul planı” haqqında tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyevin məlumatı da dinlənilib.
İclasda bir sıra cari məsələlərə də baxılıb.
|
|
15.09.2020 | 12:23 | |
|
|
|