ADNSU-da Xocalı Soyqırımının 26-cı ildönümü anılıb | |
Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımına həsr olunan “Xocalı soyqırımı 1918-ci il azərbaycanlıların soyqırımı kontekstində” adlı anım tədbiri keçirilib. Universitetdən verilən məlumata görə, tədbirdə çıxış edən bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Xocalı faciəsini insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə kimi səciyyələndirərək dinc sakinlərə qarşı törədilmiş soyqırımı aktının mahiyyətindən danışıb. Rektor Xocalı soyqırımının ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi cinayətlərin sırasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edərək bu vandal aktının bütün bəşəriyyətə yönəldilmiş cinayət kimi dünya miqyasında tanıdılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə illərdən bəridir ki, aparılan “Xocalıya ədalət” kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edən professor M.Babanlı bu istiqamətdə fəaliyyətin erməni qəsbkarlarının cinayətkar əməllərinə beynəlxalq hüquqi qiymət verilməsinə nail olunanadək aparılmasının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev azərbaycanlıların soyqırım tarixindən, ermənilərin yüz illərlə Azərbaycan torpaqlarına olan ərazi iddialarından və mənfur niyyətlərindən danışıb. Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. O müdhiş gecədə 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca olmaqla 613 nəfər xüsusi vəhşiliklə və amansızcasına qətlə yetirilib.8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil.
Samirə KƏRİMOVA |
|
26.02.2018 | 10:30 | |
|
|
|