Pandemiya müddətində uşaqlarınızın təhsilini davam etdirməsi üçün nə etməli?

Birlikdə rutin planlaşdırın

 

İnternet, televiziya və ya radio vasitəsilə izlənilməsi mümkün olan, yaşa uyğun təhsil proqramlarını da özündə ehtiva edən rutin yaratmağa çalışın. Həmçinin, oyun və oxu vaxtını da rutinə  daxil  edin.  Gündəlik  fəaliyyətlərdən uşaqlarınızın öyrənməsi üçün imkan kimi  istifadə  edin.  Mümkün  hallarda  bu planları  birlikdə  hazırlamağı  unutmayın.

 

Azyaşlılar və uşaqlar üçün rutin və struktur yaratmaq son dərəcə vacib olsa da, bu dövrdə uşaqlarınızın müəyyən qədər dəyişikliyə ehtiyac duyduğunu da müşahidə edə bilərsiniz. Məşğələlərinizi dəyişin. Uşaqlarınızla bərabər hansısa onlayn təhsil proqramını yerinə yetirməyə çalışarkən onların narahat və həyəcanlı göründüyünü görsəniz, daha aktiv bir varianta keçin. Unutmayın ki, ev işlərinin birlikdə və təhlükəsiz şəkildə planlaşdırılması və yerinə yetirilməsi kiçik və böyük motorika funksiyalarının inkişafı üçün çox faydalıdır. Onların ehtiyaclarını mümkün qədər anlamağa çalışın və buna davam edin.

 

Səmimi söhbətlər edin

 

Uşaqlarınızı suallar verməyə və öz hisslərini sizə ifadə etməyə həvəsləndirin. Yadda saxlayın ki, uşaqlarınız stressə  fərqli reaksiyalar verə bilər. Buna görə də, səbirli və anlayışlı olun. Uşağınızı bu məsələ barədə danışmağa dəvət edin. Onların artıq nələri bildiyini öyrənin və söhbəti onların yönləndirməsinə imkan verin. Gigiyenik qaydaları müzakirə edin. Müntəzəm və təmiz əl yuma kimi şeylərin vacibliyini aşılamaq üçün gündəlik məqamlardan istifadə edin. Təhlükəsiz bir mühitdə olduğunuzdan əmin olun və uşağınızın sərbəst danışmasına imkan verin. Rəsm çəkmək, hekayələr danışmaq və digər məşğələlər müzakirə açmağa kömək edə bilər.

 

Onları narahat edən məsələləri kiçiltməməyə və gözardı etməməyə çalışın. Onların  hisslərini  qəbul  edin  və  onları əmin  edin  ki,  bu  cür  şeylərdən  qorxmaq təbiidir. Diqqətinizi onlara tam yönəltməklə, onları dinlədiyinizi nümayiş etdirin  və  onların  istədikləri  vaxt  sizinlə  və öz müəllimləri ilə danışa biləcəklərini başa düşdüklərindən əmin olun. Onları saxta xəbərlər barədə məlumatlandırın və UNICEF-in təlimatları kimi etibarlı informasiya mənbələrindən istifadə etməyə həvəsləndirin və bunu özünüzə də xatırladın.

 

Tələsməyin

 

Qısa məşğələ sessiyaları ilə başlayın və onları tədricən uzadın. Hədəf 30 və ya 45 dəqiqəlik sessiyadırsa, 10 dəqiqəlik sessiyalarla başlayın və tədricən artırın.  Sessiya müddətində onlayn və ya ekran vaxtını qeyri-onlayn məşğələlər və tapşırıqlarla birləşdirin.

 

Uşaqlarınızın onlayn təhlükəsizliyini qoruyun

 

Rəqəmsal platformalar uşaqların öyrənməyə davam etməsi, oyunlarda iştirak etməsi və dostları ilə əlaqədə qalması üçün imkan yaradır. Lakin onlayn mühitdə iştirakın artması uşaqların təhlükəsizliyi, müdafiəsi və şəxsi həyatı ilə bağlı riskləri artırır. Uşaqlarınızla internet barədə söhbət aparın. Bu, onlara internetin necə işlədiyini, nələrə qarşı ehtiyatlı olmalı olduqlarını, istifadə etdikləri platformalarda (məsələn, video zənglər) adekvat davranış qaydalarını öyrənməkdə kömək edəcək.

 

İnternetin necə, nə zaman və harada istifadə edilə biləcəyinə dair qaydalar müəyyən edin. Onlayn riskləri azaltmaq üçün xüsusilə azyaşlı uşaqların istifadə etdiyi cihazlarda valideyn nəzarəti vasitələrini aktivləşdirin. Birlikdə istirahət üçün adekvat onlayn alətləri müəyyən edin. Kiber-bullinq və ya qeyri-adekvat onlayn kontentə gəldikdə, bu hallarla bağlı şikayət etmək üçün məktəb üzrə və digər yerli şikayət/məlumatvermə mexanizmlərindən xəbərdar olun.

 

Unutmayın ki, uşaqların və ya azyaşlıların rəqəmsal təhsil platformasına daxil olmaq üçün özlərinin şəkillərini və ya digər şəxsi məlumatlarını paylaşmaları tələb olunmur.

 

Uşaqlarınızın təhsil aldığı müəssisə ilə əlaqədə olun

 

Mütəmadi olaraq məlumat ala bilmək, suallar vermək və məsləhətlər almaq üçün uşağınızın müəllimi ilə necə əlaqədə qala biləcəyinizi öyrənin. Valideyn qrupları və ya icma qrupları da bir-birinizə evdə təhsillə bağlı dəstək göstərmək üçün faydalı üsul ola bilər.

 

Oruc MUSTAFAYEV

 



11.09.2020 | 15:14