700 bal toplayanlar

2020-2021-ci tədris ili üçün  ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, 2 nəfər mümkün olan ən yüksək bal topladı. Onlardan biri - I ixtisas qrupu üzrə imtahan verən Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev, digəri III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimlidir.

 

“Məqsədim Vətənimə xeyir verə biləcək peşəkar kadr olmaqdır”

 

Əslində, I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticə göstərib. Ancaq Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanın I mərhələsində də mümkün olan ən yüksək - 300 bal toplayıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal nəticə əldə edib.

 

Hüseyn Ağsuda anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır. Xırdalan şəhər 1  nömrəli tam orta məktəbin məzunudur. H.Abdullayevin sözlərinə görə, məhz kitablara olan sevgisinin sayəsində intellektuallığını artırıb: “İntellektual oyunlarda iştirak etmişəm. “Əlaçı” televiziya verilişində 2 dəfə diplom qazanmışam, 9-cu mövsümün respublika çempionuyam. “Xəmsə” intellektual oyununda 7-ci çempionatın iştirakçısı olmuşam”.

 

Onun üçün imtahanların birinci mərhələsi daha həyəcanlı olub: “Buraxılış imtahanlarına nisbətən qəbul imtahanı daha az  gərgin  keçdi. 700 balı hədəflədiyim üçün mənə görə ən çətin iş 300 balı toplamaq idi. 400 balı toplayacağıma əmin idim. Texniki fənlərdə özümə daha çox güvənirdim”.

 

 

Maraqlıdır, imtahanların birinci mərhələsində onu qorxudan nə olub? Hüseynin güvəndiyi fənn ingilis dili olub: “Dilimi sevirəm. Əsla həvəssiz yanaşmamışam öyrənməyə. Sadəcə, yeni sistemlə mətnlər də olduğu üçün açıq suallar məni narahat edirdi. İngilis dilinə isə xüsusi güvənirdim. Suallar konkret qoyulur”.

 

H.Abdullayevin gələcəklə bağlı çoxlu planları var. “Məqsədsiz gəmi sahilə çıxa bilməz”, - deyir. Odur ki, qarşısına məqsəd qoyub: “Başlıca məqsədim informasiya təhlükəsizliyi ixtisasında özümü  inkişaf etdirib Vətənimə xeyir verə biləcək qədər peşəkar kadr olmaqdır. Yaxşı mütəxəssis olmaq üçün cızdığım yol Bakı Ali Neft Məktəbindən keçir. Mükəmməl universitetlərdən biri olduğuna və orada yaxşı mütəxəssis kimi yetişəcəyimə şübhəm yoxdur. Məncə, insanda həvəs və zəhmət olandan sonra bütün çətinliklər aradan qalxır. Mən də imtahanlarda olduğu kimi, həyatda - gələcək məqsədlərim yolunda bütün çətinlikləri əzmimlə aradan qaldıracağam”.

 

“Daha bacarıqlı  hüquqşünas olacağıma inanıram”

 

İmtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri, Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimli göstərib. İmtahanın birinci mərhələsində 300 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərən Əziz Kərimli ikinci imtahanda da 400 balla bu uğurunu təkrarlayıb. Bununla da, o, hər iki mərhələnin cəminə görə maksimum nəticə göstərib.

 

700 bal toplayaraq tələbə adını qazanan Əziz Kərimli həm də respublika fənn olimpiadalarının qalibidir. Ötən il  Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-da üçüncü, bu il isə birinci yeri tutub: “Olimpiadaya da, qəbul imtahanlarına da məktəbdə hazırlaşdım. Vaxtı düzgün böldükdən və çox çalışdıqdan sonra uğur qazanmaq çətin olmur”.

 

Əziz ADA Universitetində oxuyacaq: “Hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm. ADA-nı universitetdəki mühitə görə  seçdim.  Bu  mühitdə  təhsil  alsam, daha bacarıqlı hüquqşünas olacağıma inanıram”.

 

 

Ruhiyyə DAŞSALAHLI



11.09.2020 | 11:03