Test imtahanları bitdi, vakansiya seçimi başladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Avqustun 14-dən start götürən prosesdə  38705 namizəd iştirak edib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə  keçirilmiş işə qəbul imtahanları  sentyabrın 8-də başa çatıb. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla, ümumilikdə 60 suala cavab vermək üçün 90 dəqiqə vaxt verilib. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılıb.

 

İmtahanlarda ən yüksək nəticəni (60 bal) riyaziyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günel Kərimova, musiqi fənni üzrə Gəncə Dövlət Universitetinin məzunu Rəna Hüseynova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Leyla Ağayeva, ibtidai sinif müəllimliyi üzrə Bakı Qızlar Universitetinin məzunu Leyla Ağayeva əldə edib.

 

Son imtahanların uğurlu namizədləri

 

Test mərhələsinin son günlərində informatika,  tarix, coğrafiya və texnologiya fənləri üzrə müəllimliyə namizədlər imtahan verib. Onların arasında mümkün olan maksimum nəticə - 60 bal toplayan olmayıb.

 

Tarix müəllimliyi üzrə imtahanlara qatılan və 59 bal toplayan Arzu Məmmədova   Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Orta əsrlər tarixi ixtisası üzrə magistratura təhsili alır.

 

Bakıda yaşayan və burada da işləmək istəyən gənc namizəd imtahan suallarından danışıb: “Müəllimlərin işə qəbulu üzrə imtahanda ilk dəfə 2017-ci ildə iştirak etmişdim və 52 bal toplayaraq müvəqqəti müqavilə ilə işə başladım. Bu dəfə imtahanda sualların qoyuluşu çox xoşuma gəldi. Xüsusən, kurikulumdan suallar insana özünü sinifdə, həmin situasiyada hiss etdirirdi. İxtisasla bağlı suallar da düşündürücü idi”.

 

Onu mümkün olan ən yüksək nəticədən məhrum edən hansı sual olduğunu isə bilmir: “59 balı görəndə gözümə heç nə görünmədi. Sevindiyimdən durub imtahan zalını tərk etdim və mənə bunu bilmək üçün yaradılan imkandan yararlanmadım. Ancaq elə düşünürəm ki, ixtisas suallarından birində səhvə yol vermişəm”. 

 

 

 

 

ADPU məzunu Elnurə Bəşirli isə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alıb. 2019-cu ildə  müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və riyaziyyat fənni üzrə test imtahanında 53 bal toplayaraq müddətli müqavilə ilə Bakı şəhəri 308 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. Bu il informatika fənni üzrə imtahan verərək 58 bal toplayıb: “Bu il məntiqlə bağlı suallar olmadığından hazırlıq xeyli asanlaşdı. Düzdür, əvəzində kurikulumla bağlı sualların sayı artdı. Buna baxmayaraq, düşünürəm ki, imtahanlara hazırlaşmaq daha asan oldu. İki suala cavab verərkən yanlışa yol vermişdim. Bir sual ixtisasdan, bir sual da kurikulumdan səhv cavablandırmışam. İmtahanın vaxtna 15 dəqiqə qalmış bitirmişdim. Səhvlərimi görə bilmək üçün 15 dəqiqə gözlədim. Səhv olmaması üçün dəfələrlə yoxlamışdım. Buna baxmayaraq, heç ehtimal vermədiyim halda 2 səhvim oldu”.

 

 

 

10 fənn üzrə vakansiya

 

Beləliklə, sentyabrın 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatdı və apelyasiya mərhələsi yekunlaşan fənlər üzrə namizədlər üçün vakansiya seçiminə start verildi. Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri  Eşqi Bağırovun sözlərinə görə, 10 fənn üzrə namizədlər iki gün davam edən bu mərhələdə 8 vakant yer seçdilər: “Müəllimlərin işə qəbulu müsabiqəsində apelyasiya müraciətləri başa çatan fənlər üzrə keçid balları artıq müəyyən edilərək açıqlanıb. Digər fənlər üzrə də apelyasiya müraciətlərinə baxılma prosesi  başa çatdıqca keçid balları elan ediləcək və vakant yerlərin seçiminə start veriləcək”.

 

Apelyasiya şikayəti suallarla bağlıdır

 

Avqustun 24-dən etibarən namizədlərə şəxsi səhifələrinə daxil olaraq apelyasiya müraciəti etmək imkanı yaradılıb. Apelyasiya ilə bağlı məlumat verən E.Bağırov qeyd edib ki,  şikayətlər əsasən suallarla bağlıdır. Müraciətlərin əksəriyyəti təsdiqini tapmayıb. Əsaslı müraciətlərlə bağlı isə namizədlərin nəticələrində dəyişiklik edilir: “Əsaslı şikayətlər ümumi sualların sayının heç 1 faizini təşkil etmir. Belə müraciətlər dəyərləndirilir və namizədlər yenilənmiş nəticələrlə vakant yerlərin seçiminə qatıla bilirlər”.

 

Namizədlərin  yerləşdirilməsi

 

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatdıqdan sonra keçid balını toplamış namizədlərin  yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək.

 

İmtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək.

 

Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə  ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında  sənədi,  pedaqoji  stajı  və  yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək.

 

Bundan sonrakı mərhələdə  elektron qaydada yerləşdirmə aparılacaq və vakanat yerləri tutmaq hüququ olan namizədlərə məlumat veriləcək.

 

Ruhiyyə DAŞSALAHLI

 



11.09.2020 | 09:05