Rəşad Tağıyev: Təhsilə dövlət qayğısı parlaq gələcəyin təminatıdır | |
Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.
Təhsilə ümumi inkişafın tərkib hissəsi kimi yanaşan ulu öndər Heydər Əliyev deyib: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Təsadüfi deyil ki, bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar göz önündədir. Müstəqil Azərbaycanın gələcəyinin daha etibarlı təminatı üçün təhsil islahatları daim dərinləşdirilir. Müasir təhsil yanaşması məktəb şəbəkəsinin bəlli səviyyəyə çatdırılmasını tələb kimi qarşıya qoyur. Bu məqsədlə ölkəmizdə müvafiq dövlət proqramları həyata keçirilir, məktəblər müasir tədrisin tələblərinə uyğun infrastrukturla təmin olunur. Sözsüz ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, 2020-2021-ci tədris ili ərəfəsində paytaxtdakı yeni inşa olunan və ya əsaslı təmir edilən təhsil müəssisələri artıq istifadəyə hazırdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra təhsil müəssisələrində görülmüş işlərlə şəxsən tanış olub və açılış mərasimlərində iştirak edib. Məlum olduğu kimi, dövlət başçısı sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. 1974-cü ildən fəaliyyətdə olan, ümumilikdə 1700-ə yaxın şagirdin təhsil aldığı məktəb sıxlıq olduğu üçün ikinövbəli fəaliyyət qrafiki ilə işləyirdi. Yeni korpus bu problemi aradan qaldıracaq. 840 şagird yerlik olan yeni korpusda məktəblilərin təhsil almaları üçün hərtərəfli şərait yaradılıb.
Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafındakı rolu bu sahədə çalışan hər kəsə ruh verir. Müxtəlif sosial inkişaf proqramları çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlərin yalnız bir hissəsidir.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib və təhsil ocağında yaradılan şəraitlə tanış olublar. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.
BŞTİ-nin müdiri diqqətə çatdırıb ki, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Təhsil İdarəsinin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılır. Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Görülən bu işlər bir tərəfdən gənclərin yüksək səviyyəli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların daha hərtərəfli yetişməsi, nüfuzlu universitetlərdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Məktəb işi təkcə pedaqoji kollektivin üzərinə düşən vəzifə deyil. Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Təhsilli, vətənpərvər, hər hansı peşəyə sahib olan gənclər yetişdirmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir.
“Hazırda yeni tədris ilinin astanasındayıq. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən tədris planları artıq təsdiq olunub. Ümumi təhsil müəssisələrində dərs məşğələlərinin I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlaması nəzərdə tutulur. Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. Hər bir vətəndaş dövlət tərəfindən mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə bundan sonra da dəstək verməlidir. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da üzüağ çıxacağını söyləməyə əsas verir”,- deyə Rəşad Tağıyev qeyd edib.
Bakı, 9 sentyabr, AZƏRTAC
|
|
10.09.2020 | 11:12 | |
|
|
|