LDU yeni tədris ilini yeniliklərlə qarşılayır

COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə  baxmayaraq, Lənkəran Dövlət Universiteti (LDU) yeni tədris ilinə müsbət yeniliklərlə  qədəm qoyur.

 

Əsas yenilklərdən biri Lənkəran Dövlət Humanitar Kollecinin  LDU-nun  nəzdində  publik hüquqi şəxs statusuna  malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkilidir.  Həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu  kolleci bitirən subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı  ali məktəbi normativ təhsil müddətindən tez bitirməsinə imkan yaradacaq.

 

Universitetdən bildirilib ki, 2020/2021-ci tədris ili üçün LDU-nun prioritet istiqamətini nəzəri biliklərin təcrübi bazasını yaratmaq təşkil edib və  bu istiqamətdə müəyyən addımlar atılıb. Turizm və otelçilik, Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək   məqsədi ilə  universitetin rektoru vəzifəsini həyata keçirən professor Natiq İbrahimovun təşəbbüsü ilə  ölkədə  ilk dəfə olaraq  məhz  LDU-nun nəzdində Turizm tədris mərkəzi - Seside Otel istifadəyə verilib.

 

Həmçinin,  “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası”  laboratoriyaları üçün xaricdən  yeni, modern  avadanlıqlar alınıb. Tələbələrin iştirakı ilə 0,6 hektarda çay, 1,3 hektarda sitrus plantasiyası salınıb, 100 ədəd kivi kolu əkilib. Cənub bölgəsinə xas relikt və endemik  bitki növlərindən  şitillik təsərrüfatının salınması,  modern tipli  oranjeriyanın  inşa olunması  cari tədris ilinin ürəkaçan yeniliklərindəndir. Tədris-təcrübə  bazası nəzdində  bu yay  tövlənin inşa edilməsi, bu  məqsədlə heyvanların alınması   baytarlıq ixtisaslarında təhsil alan tələbələrə  nəzəri biliklərini praktik məşğələlərlə  zənginləşdirmək  imkanı verəcək.

 

Qeyd edək  ki, bu ildən LDU-da ilk dəfə olaraq   Müsiqi müəllimliyi, Coğrafiya müəllimliyi, Beynəlxalq ticarət və loqistika, Bitki mühafizəsi  kimi yeni  ixtisaslarda mütəxəssis hazırlığı  da həyata keçiriləcək.

 

Tələbələrin təhsilə olan maraqlarını artırmaq məqsədilə universitetin gəlirləri hesabına 5 tələbə və magistr üçün universitet təqaüdu müəyyənləşdirilib ki, bu da semestrlər üzrə ÜOMG yüksək olan və heç bir təqaud almayan tələbələrə veriləcək.

 

Bildirilib ki, LDU-da son illərdə  təhsilin modernləşdirilməsi, müasir dünya standartları səviyyəsinə  çatdırılması, professor-müəllim-tələbə heyəti üçün əlverişli iş, dərs şəraitinin yaradılması istiqamətində böyük layihələrə start verilib. 2 il öncə ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilib. Cari tədris ilində  də bu ənənə davam etdirilir və  daha  12 mənzilin  inşa olunaraq   müəllimlərin istifadəsinə verilməsi həyata keçiriləcək. Bu, 45 yerlik keçmiş qızlar yataqxanasının yenidən rekonstruksiya edilərək inşası nəticəsində  reallaşdırılır.

 

Xatırladaq ki, başa çatmaqda olan 2019/2020-ci tədris ili  LDU üçün iki yeni tədris korpusu və 160 yerlik yataqxana binasının istifadəyə verilməsi ilə yaddaqalan olmuşdu. Cari  tədris ilində  LDU-da  daha bir- 1500 yerlik yeni tədris korpusu inşa ediləcək. Yeni tədris binası  II tədris korpusunun ərazisində  inşa olunacaq. Bu  korpusdakı   köhnə tədris binasının yenidən rekonstruksiya olunmaqla 350 yerlik yataqxana binasına çevrilməsi, yeni  korpusun inşası, ərazidə müasir yeməkxana binasının olması  isə   tələbə və müəllimlərə kampus mühiti yaratmağa hesablanıb.

 

LDU-nun elmi kitabxanasının əsaslı təmiri  də cari tədris ilində reallaşacaq. Ötən əsrin 70-ci illərində inşa olunmuş  köhnə  bina müasir tələbləri ödəmədiyindən  fasad hissəsi sökülərək yenidən  rekonstruksiya  olunacaq.  Binanın 1-ci mərtəbəsində modern akt zalı, oxu zalları, 2-ci mərtəbədə isə kitabxananın işçi heyəti,   bölmələri yerləşdiriləcək.

 

Və ən nəhayət- sentyabrın 1-dən LDU-da əmək haqlarının növbəti dəfə artırılması kollektivin yeni tədris ilinə xoş ovqatla başlamasına stimul  yaradıb.

 

Xatırladaq ki, layihə çərçivəsində görülən işlər, reallaşan tədbirlər barədə məlumat almaq, müzakirələrdə iştirak etmək istəyirsinizsə,  müvafiq linkə (https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq Facebook qrupuna qoşula bilərsiniz.

 



09.09.2020 | 13:22