“Cümhuriyyətin 100 illik işığında”

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhər N.Tusi adına 173 nömrəli tamorta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Açıq dərs – açıq fikir” adlı tədbir keçirilib. Kitabxananın direktoru Şəhla Qəmbərova tədbirin şagirdlərdə milli-mənəvi dəyərlər,  xalqımızın müstəqillik uğrunda mübarizəsini gənc nəslə çatdırmaq məqsədilə təşkil edildiyini diqqətə çatdırıb. Foyedə kitabxananın və məktəbin kollektivinin birgə hazırladıqları “Cümhuriyyətin 100 illik işığında” adlı videoçarx və kitab sərgisi nümayiş olunub. Qonaqlar məktəbin tarix müəllimi Vəli Hüseynlinin keçdiyi “Açıq dərs-açıq fikir” adlı dərsdə iştirak ediblər.

 

AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Rəhman Baxşəliyev, Bakı Dövlət Universitetinin müəllimi Rafiq Qurbanov və başqaları “Açıq dərs”i şagirdlərin dəyərli biliklərə yiyələnməsi baxımından yüksək qiymətləndiriblər.

 

Sonda “Açıq dərs”də fəal iştirak edən şagirdlər  diplomla mükafatlandırılıblar.

 

Sifai SƏFƏROVA



30.05.2018 | 18:51