Şagirdlərin yalnız üçdə biri məktəbə qayıdacaq | |
Bu il dünyadakı ibtidai və orta məktəblərdə 900 milyon şagirdin (qlobal səviyyədə 1,5 milyarddan) avqust-oktyabr ayları arasında məktəbə qayıtması planlaşdırılırdı. Lakin YUNESKO-nun məlumatına əsasən, onların yalnız yarısı - 155 ölkədən 433 milyon şagird indiki mərhələdə məktəbə qayıdacaq.
128 milyon şagirdin təhsil ilinin ortasında olması nəzərə alınarsa, bu dövrdə ümumilikdə 561 milyon şagirdin və ya onlardan üçdə birinin dərslərə qatılacağı gözlənilir.
Bir milyard şagird və ya dünya şagird sayının üçdə ikisi hazırda məktəblərin bağlanması, yaxud da qeyri-müəyyənliklə qarşılaşır. Əhalinin ən həssas qrupları, xüsusilə də qızlar yüksək risk altındadır.
YUNESKO yeni tədris ilinə başlayan 900 milyon şagirdin yarıdan çoxunun tamamilə məsafədən təhsil alması və ya məsafədən təhsilin sinif tədrisi ilə uzlaşdırılması şəraitində təhsilə davam edəcəyini vurğulayır.
Bununla belə, bu şagirdlərin əksəriyyəti və onların ailə üzvləri təlimlərin bir neçə həftədən sonra başlanması planlaşdırılsa da, hələ də 2020/2021-ci tədris ili üçün göstəriş gözləyirlər. Bu vəziyyət məsafədən təhsillə bağlı davamlı bərabərsizliklər nəzərə alınmaqla, xüsusilə həssas əhali üçün əhəmiyyətli çətinliklər yaradır.
"Təhsil sahəsində böhran əvvəlki kimi ciddi xarakter daşıyır. Bir neçə nəsil yüz milyonlarla şagirdə təsir edən və aylarla davam edən məktəblərin bağlanması təhlükəsi ilə üzləşir. Bu, qlobal təhsil üçün təcili bir vəziyyətdir ”-deyə YUNESKO-nun baş direktoru Odre Azule bildirib.
Bu günə qədər bütün dünyada şagirdlər karantinin tətbiq olunduğu fevral və mart aylarından üzü bəri orta hesabla 60 günlük məktəb təhsilini itiriblər. Belə bir vəziyyətdə şagirdlərin məktəbdən kənarda qalması, təhsilin keyfiyyətinin aşağı düşməsi , mənfi sosial və iqtisadi nəticələr riski yüksəkdir. Bununla əlaqədar olaraq təhsil orqanlarının şagirdlərin və müəllim heyətinin sağlamlığı, təhlükəsizliyini qorumaqla məktəbə etibarlı bir şəkildə qayıdışını ən yaxşı şəkildə təmin etməsi çox vacibdir.
YUNESKO UNICEF, Ümumdünya Ərzaq Fondu və Dünya Bankı ilə birlikdə, təhsil nazirlikləri ilə sıx əməkdaşlıq edərək ölkələrin planlaşdırma, rejim və yenidən açılma proseslərində kömək mexanizmini inkişaf etdirmişdir.
Bu gün YUNESKO Qlobal Təhsil Koalisiyası daxilində, məktəblərin bağlanması zamanı qızlar üçün ömür boyu təhsil almağı və məktəblər açıldıqda, xüsusən qızların məktəb xaricində qarşılaşdıqları bir çox maneəni nəzərə alaraq məktəbə təhlükəsiz qayıtmalarını təmin etməyi hədəfləyən # Öyrənməyə Davam kampaniyasına başlayıb. Koalisiya ilə tərəfdaşlıq çərçivəsində kommunikasiya dəsti və qızların məktəbə qayıdışı üçün təlimatlar hazırlanaraq bütün maraqlı tərəflərə paylanılıb.
Oruc MUSTAFAYEV
|
|
07.09.2020 | 10:03 | |
|
|
|