“Ana dili milli varlığımızın əsas göstəricisidir” | |
Bu mövzuda fevralın 21-də Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib. İnstitutdan verilən məlumata görə, konfransı giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü, professor O.Həsənli açaraq qeyd edib ki, bu gün böyük sürətlə inkişaf edən müstəqil respublikamızda digər sahələrlə yanaşı ana dilinin saflığına, onun qorunmasına və inkişafına da dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir. Hər bir xalqın dili onun milli sərvətidir. Elə bunun nəticəsidir ki, hələ ötən əsrin əvvəlində 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 27 iyul 1918-ci il tarixdə Fətəli xan Xoyskinin imzası ilə verilən qərarda da “Türk dili” dövlət dili elan edilmişdir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində isə qeyd olunub ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. O. Həsənli qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən dilimizin inkişafı üçün bir sıra fərman və sərəncamlar imzalanmışdır. 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident fərmanı, 01 iyul 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təsdiq edilməsi haqqında sərəncam və ondan sonrakı dövrlərdə verilən fərman və sərəncamlar bir daha sübüt edir ki, Azərbaycan dilinin saflığı, qorunması və inkişaf etdirilməsi həmişə dövlətimizin diqqətindədir. Konfransda tədris işləri üzrə prorektor, professor Akif İmanlı “Ana dili gününün təsis edilməsinin əsas səbəbləri”, tərbiyə işləri üzrə prorektor, professor Sədaqət Həsənova “Ana dilinin aktual problemləri” mövzularında çıxışlar etmişlər.
Yusif ƏLİYEV
|
|
25.02.2018 | 13:00 | |
|
|
|