Təhsildə yeni çağırışlar | |
Sentyabrın 1-i Azərbaycanın təhsil həyatında çox əhəmiyyətli hadisə ilə yadda qaldı. Ölkəmizdə pandemiya dövründə ilk dəfə “Təhsildə yeni çağırışlar” adlı beynəlxalq forum keçirildi ki, əhatəliliyi, iştirakçı sayı, mötəbərliliyi, gündəmə çıxardığı məsələlərin aktuallığı baxımından yüksək qiymətləndirilə bilər. Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi, TAM - Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarptenin (Kipr Cümhuriyyəti) moderatorluğu ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçirilən forum yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsinə həsr olunmuşdu.
Forumun Təşkilat Komitəsinin sədri, TAM-ın baş direktoru Cəfər Mənsimi belə tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə, Nazirlik yanında İctimai Şuranın üzvlərinə, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürlərini çatdıraraq TAM-ın yaradılması zərurəti və missiyası barədə məlumat verib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov forum iştirakçılarını, xüsusilə forumun əsas məruzəçisi - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şlayxeri salamlayıb və forumun əhəmiyyətindən söz açıb: “Forum təhsildəki yeni çağırışları yerli və əcnəbi qabaqcıl təhsil mütəxəssisləri ilə müzakirə etmək imkanı yaratdığı üçün xüsusi əhəmiyyət kəsb edib. Bizim təhsil işçiləri olaraq əsas vəzifəmiz mənəviyyatı qorumaq və onu inkişaf etdirmək olmalıdır. Bəşəriyyətdə mənəviyyatın getdikcə zəifləməsinin əsas səbəbi təhsilin doktrinasındakı səhvlərdən qaynaqlanır.
Deməli, biz təhsil işçiləri olaraq mənəviyyatın inkişafına töhfə verməliyik. Elə təhsildə yeni çağırış da kamil insanlar yetişdirmək yönündədir. Kamilliyə gedən yolun kriteriyası şəxsi mənafənin ictimai mənafədən üstün olmamasıdır. Təhsil milli və ümumbəşəri dəyərlərin çürüməsinə yol verməməlidir”. Professora görə, təhsilə baxış dəyişməlidir.
Təhsil Nazirliyi ölkədə sanitar-epidemioloji vəziyyəti diqqətdə saxlayır
Forum iştirakçılarını Təhsil naziri Emin Əmrullayev adından salamlayan Təhsil nazirinin müşaviri Elnur Nəsibov tədbirin işinə uğurlar arzulayıb, eləcə də forumun təşkilatçıları olan TAM-a, Təhsil Nazirliyi yanında İctimai Şuraya təşəkkürlərini bildirib. Qeyd edib ki, qlobal pandemiya təkcə Azərbaycan üçün deyil, əksər dünya ölkələrinin təhsil sistemləri üçün yeni çağırışlar yaradıb. “Təsadüfi deyildir ki, bu gün keçirilən beynəlxalq forumun da mövzusu məhz təhsildə yeni çağırışlara həsr olunub. Lakin nəzərə almaq lazımdır ki, pandemiyanın yaratdığı vəziyyət yalnız çağırış deyil, həm də yeni imkanlar təqdim edir”. O əlavə edib ki, forumda 4 mindən artıq iştirakçı qeydiyyatdan keçib, bir neçə min insan isə tədbirin gedişini canlı izləmək imkanı qazanıb. E.Nəsibov bildirib ki, bu cür ənənəvi keçirilən beynəlxalq tədbirlər, əlbəttə, daha böyük maliyyə və insan resursları, təşkilati işlər tələb edir.
Sağlamlıq və təhsil hüquqları qəbul olunan hər bir qərarda öz əksini tapır
E.Nəsibov qeyd edib ki, yaranmış şəraitdə Təhsil Nazirliyi ölkədə olan sanitar-epidemioloju vəziyyəti diqqətdə saxlayır və təhsilin mümkün qədər səmərəli formada təşkili istiqamətində, prosesin əvvəlindən etibarən ciddi tədbirlər görməkdədir. “Təhsil nazirinin və Nazirliyin yüksək vəzifəli şəxslərinin təhsil sisteminin bütün iştirakçıları - ali məktəblərin və peşə məktəblərinin müəllim və tələbələri, məktəb direktorları, müəllimlər, valideynlər, şagirdlərlə görüşləri keçirilir. Ayrıca olaraq ictimai rəy öyrənilir və məlumatlar təhlil olunur. Sağlamlıq və təhsil hüquqları dövlətimiz və nazirliyimiz üçün çox vacibdir və qəbul olunan hər bir qərarda öz əksini tapır. Bu hüquqların təmin olunması istiqamətində bütün kollektivimiz gərgin iş rejimində çalışır. Eyni zamanda, qlobal səviyyədə Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in tövsiyələri nəzərə alınır. Təhsil Nazirliyi tərəfindən ölkə ərazisində mövcud məktəblərin sahəsi, şagird sıxlığı, epidemioloji vəziyyət nəzərə alınaraq diferensial yanaşmanın tətbiq olunması təklif olunub. Nazirlər Kabinetinin 29 avqust 2020-ci il 312 saylı qərarı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyən olunub”.
E.Nəsibov diqqətə çatdırıb ki, məktəbəqədər təhsil müəssisələrinin sentyabrın 15-dən, ümumtəhsil müəssisələrində əvvəl ibtidai, daha sonra isə orta və tam orta təhsil səviyyəsinin mərhələli şəkildə fəaliyyətə başlaması nəzərdə tutulur: “Peşə təhsili müəssisələrində, oktyabrın 1-dən qısamüddətli kursların, oktyabrın 15-dən peşə təhsilinin bütün səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün oktyabrın 1-dən, II və yuxarı kurs tələbələri üçün əsasən məsafədən təhsil barədə qərar verilib. Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin, təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları üzərində çalışır və bu qaydaları 10 gün ərzində Nazirlər Kabinetinə təqdim edəcək. Burada əsas prinsiplərimiz öyrənənlərin və öyrədənlərin sağlamlığı, təhlükəsizliyi və səmərəli iş imkanlarının nəzərə alınması, məsafədən tədrisin təşkili, təhsilin qiymətləndirilməsi prosesinə önəm verməkdir. Eyni zamanda, dəyişən vəziyyətə uyğun olaraq qərarların qəbul edilməsi də Nazirlik tərəfindən daim diqqətdə saxlanılacaq”.
Müəllimlərin yükü çox böyükdür
Forumun əsas məruzəçisi kimi PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Şlayxerin çıxışı maraqla qarşılanıb. A.Şlayxer “Pandemiya və postpandemiya dövründə təhsilin keyfiyyətini yüksəltməyin yolları” mövzusunda geniş təqdimatla çıxış edib. Onun çıxışında “Şagird keçmişdəki ənənələrlə deyil, gələcək zaman üçün hazırlanmalıdır” fikri ana xətt kimi keçib. O, bir daha vurğulayıb ki, müasir təhsilin məqsədi bilik verməkdən daha çox, yaradıcı yanaşmalar, tənqidi düşüncə öyrətməkdir.
“Azərbaycan müəllimi” qəzetinin pandemiya dövrünün fəsadlarının növbəti PISA tədqiqatlarına təsiri və COVID-19 kontekstində müəllimlərin bacarıqlarının qiymətləndirilməsi barədə beynəlxalq tədqiqatın keçirilməsinin mümkünlüyünə dair sualını cavablandıran PISA-nın direktoru Andreas Slayxer qeyd edib ki, hər şey zamandan asılıdır. “Əgər belə bir şey lazım olsa, onun baş tutması mümkündür. Yeni dərs ilində tədrisin ən yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Şagirdlərin tam yüksək səviyyədə təhsil almasına çalışacağıq”. Pandemiya dövründə müəllim hazırlığına dair sualımıza gəlincə, A.Şlayxer bildirib ki, böhran dövründə bir çox müəllim onlayn şəkildə şagirdlərə dərs keçdi. Şagirdlər müəyyən biliklər əldə etdi. Ancaq yeni təhsil ilində müəllimlərə bundan daha artıq işləmək lazım gələcək. Müəllimlərin yükü çox böyükdür. Bu təhsil ilinin yüksək səviyyədə olması müəllimlərin əlindədir.
Daha sonra forumda Əməkdar müəllim Asif Cahangirov, “The Global Prize -2018” müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF-in Azərbaycan üzrə təhsil proqramlarının rəhbəri Leyla Həsənova, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimalı Kıprıs Türk Cümhuriyyətinin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talat, Doğu Akdeniz Universitetininin doktorantı, TAM jurnalının baş redaktoru Arzu Soltan və başqaları çıxış ediblər.
Forumda pandemiya dövrünün təhsil çağırışları bir sıra nüfuzlu təhsil ekspertləri tərəfindən müzakirə olunub, çoxsaylı suallar cavablandırılıb.
Oruc MUSTAFAYEV |
|
04.09.2020 | 10:34 | |
|
|
|