“Mənim üçün ən çətin iş 300 balı toplamaq idi”

Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak edən abituriyentlərdən I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan biri – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanın I mərhələsində 300 bal toplayıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal nəticəyə - 700 bala nail olub.

 

Ağsuda anadan olan məktəbli hazırda Xırdalan şəhərində yaşayır. Xırdalan şəhər 1 saylı tam orta məktəbin məzunudur. H. Abdullayevin sözlərinə görə, məhz kitablara olan sevgisinin sayəsində intellektuallığını artırıb: “İntellektual oyunlarda iştirak etmişəm. “Əlaçı” televiziya verilişində 2 dəfə diplom qazanmışam, 9-cu mövsümün respublika çempionuyam. “Xəmsə” intellektual oyununda 7-ci çempionatın iştirakçısı olmuşam”.

 

Onun üçün imtahanların birinci mərhələsi daha həyəcanlı olub: “Buraxılış imtahanlarına nisbətən qəbul imtahanı daha az gərgin keçdi. 700 balı hədəflədiyim üçün mənə görə ən çətin iş 300 balı toplamaq idi. 400 balı toplayacağıma əmin idim. Texniki fənlərdə özümə daha çox güvənirdim”.

 

Maraqlıdır, imtahanların birinci mərhələsində onu qorxudan nə olub? Nə qədər təəccüblü də olsa, Hüseynin qorxduğu fənn Azərbaycan dili, güvəndiyi isə ingilis dili olub: “Dilimi sevirəm. Əsla həvəssiz yanaşmamışam öyrənməyə. Sadəcə, yeni sistemlə mətnlər də olduğu üçün açıq suallar məni narahat edirdi. İngilis dilinə isə xüsusi güvənirdim. Suallar konkret qoyulur”.

 

H. Abdullayevin gələcəklə bağlı çoxlu planları var. “Məqsədsiz gəmi sahilə çıxa bilməz”, - deyir. Odur ki, qarşısına məqsəd qoyub: “Başlıca məqsədim İnformasiya Təhlükəsizliyi ixtisasında özümü  inkişaf etdirib vətənimə xeyir verə biləcək qədər peşəkar kadr olmaqdır. Yaxşı mütəxəssis olmaq üçün cızdığım yol Bakı Ali Neft Məktəbindən keçir. Mükəmməl universitetlərdən biri olduğuna və orada yaxşı mütəxəssis kimi yetişəcəyimə şübhəm yoxdur. Məncə, insanda həvəs və zəhmət olandan sonra bütün çətinliklər aradan qalxır. Mən də imtahanlarda olduğu kimi, həyatda - gələcək məqsədlərim yolunda bütün çətinlikləri əzmimlə aradan qaldıracağam”.

 

Ruhiyyə

 

 



03.09.2020 | 13:09