SABAH-ın tələbəsi müəllimlərin işə qəbulu müsabiqəsində də fərqləndi

Fidan Qasımova 58 balla kimya müəlimliyi üzrə müsabiqəyə qatılanlar arasında seçilənlərdəndir. O, sadəcə bu imtahanda yox, hələ tələbəlik vaxtlarından fərqlənməyə başlayıb.

 

Əvvəlcə  2016-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Həmin il 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını seçən abituriyentlərdən olub. 2017-ci ildə imtahan verib və SABAH qruplarına seçilənlərdən olub. Universiteti fərqlənmə diplomu ilə bitirərək təhsilini davam etdirmək üçün növbəti səviyyəyə – magistraturaya qəbul imtahanlarına qatılıb. Bu dəfə də seçilib və 70 balla artıq Gəncə Dövlət Universitetinin Ekoloji biologiya ixtisası üzrə magistrantıdır. Gəncədə yaşayan gənc namizəd növbəti tədris ilindən həm təhsilini davam etdirəcək, həm də müəllim kimi sinfə girəcək: “Hədəfim ixtisasım üzrə yaxsı nəticə göstərmək idi. Hədəfimə nail oldum”.

 

Fidan tərəddüdü yaranan suallarda səhv etdiyini deyir: “Cavabları yazarkən tərəddüd etdiklərim oldu. Ancaq vaxtım qalarsa, üzərində düşünərəm- deyib keçmişdim. Vaxtım qalmadığı üçün yenidən həmin suallara qayıda bilmədim. İmtahandan sonra səhv etdiyimə bir daha əmin oldum”.

 

Buna baxmayaraq, Fidan təəssüflənmir. Maksimum bal olmasa da, qazandığı yaxşı nəticə sayılır və bunu əldə edən tək-tək  namizədlərdəndir. Yaşadığı ərazidə istənilən məktəbdə işləməyə hazırdır.

 

Ruhiyyə

 



03.09.2020 | 12:52