“Bircə sinif mənə müəllim desə, ona da razıyam” | |
Aygün Göyüşova alman dili müəllimliyi üzrə 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 53 bal toplayıb. Onun nəticəsi alman dili imtahanlarında builki ən yüksək baldır. Bu, onun üçün 53 bal toplaması qədər sevindirici olub: “Qazaxda yaşayıram. 12 ildir ki, Azərbaycan Dillər Universitetini Alman dili müəllimliyi ixtisası üzrə bitirmişəm. Ancaq həvəslə seçdiyim və sevərək yiyələndiyim müəllimliklə bir gün belə məşğul ola bilməmişəm. Neçə ildir rayonumuzdan vakansiya çıxarılmır. Mən də bu səbəbdən müsabiqəyə qatılmağa həvəs göstərmirdim”.
Builki hazırlıqlar da A.Göyüşova üçün rahat başa gəlməyib. Hazırlaşdığı son aylarda COVİD-19-a yoluxan müəllimliyə namizəd müəllimlik üçün onu da yenib: “Bir az da koronavirus məni zəiflətdi. Ancaq müəllim olmaq sevgimi o da öldürə bilmədi. Xəstəliyə rəğmən bu imtahanlarda uğur qazanmaqda qərarlıydım. Ancaq bu nəticəni gözləmirdim. 2018-ci ildə bir dəfə müsabiqəyə qatıldım. Tamamilə hazırlıqsız, sadəcə tanışlıq məqsədilə girdiyim həmin imtahandan az bal toplamışdım. Bu il 53 balı görəndə çox sevindim”.
A.Göyüşova 1 ay internetdən yüklədiyi materiallar əsasında gecə-gündüz demədən hazırlaşıb. Hazırlığı nəticə verib: “Kurikulumdan 19 suala düzgün cavab yazdım. Əslində, bu imtahanda 57 bal toplaya bilərdim. İmtahanda bütün suallara cavab yazdım. İmtahan vaxtına hələ qalırdı. Ona görə cavablarımı yoxlamaq üçün yenidən nəzər saldım. O sırada bir neçə sualın cavabını dəyişdim. Etdiyim bu dəyişiklik səhv idi. Doğru cavabı yanlışa çevirdim. Nəticədə 57 deyil, 53 bal topladım”.
Ancaq bu, müəllimliyə namizəd üçün son deyil. Onun həyəcanlı gözləyişi hələ davam edir: “Deyəsən, bu il də vakansiya olmayacaq. Qazax, ya Ağstafa, sərhəd, ya da mərkəz demədən işləməyə hazıram. Dərsin çoxluğu da maraqlandırmır məni. Bircə sinif mənə müəllim desə, ona da razıyam. Təki illərdir arzusunda olduğum peşə nisgilim sona çatsın!”
Ruhiyyə
|
|
02.09.2020 | 17:33 | |
|
|
|