“Gənc yaşdan elmi tədqiqatçı kimi fəaliyyət göstərməyə qərar verdim” | |
Məlumdur ki, müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır. Ölkəmizin gələcək inkişaf prioritetlərini özündə əks etdirən proqram çərçivəsində artıq istedadlı gənclərin xarici universitetlərdə təhsili üzrə seçimi elan olunub və bir qrup tələbə doktorantura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq imkanı qazanan gənclərdən biri də Xəyalə Paşayevadır. O, doktorantura təhsilini Böyük Britaniyanın Uorvik Universitetində alacaq. X. Paşayeva 28 sentyabr 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. 2001-2012-ci illərdə Sumqayıtda 11 və 12 nömrəli tam orta məktəblərdə təhsil alıb. Ali təhsil illəri barədə isə özü danışacaq.
“Vətənini beynəlxalq meydanda təqdim və təmsil etmək”
- 2012-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dili pedaqogikası” fakültəsinə qəbul olaraq ali təhsilimin ilk pilləsinə başladım. 4 illik bakalavr təhsili müddətində qrup rəhbəri olmaqla yanaşı, bir çox universitetdaxili və xarici təhsil layihələrinin təşkilində fəal iştirak etmişəm. 2016-cı ildə ali məktəbi yüksək ortalama ilə bitirdim və ardınca təhsilimi İngiltərədə davam etdirmək qərarına gəldim. İngiltərənin top 10 universitetindən biri - Uorvik Universitetinin (The University of Warwick) “Təhsilin təşkili və idarə edilməsi” bölümünün magistr pilləsinə qəbul oldum və təhsilimi fərqlənmə ilə bitirdim.
Xaricdə yaşamaq hər bir azərbaycanlının üzərinə bir məsuliyyət yükləyir - Vətənini beynəlxalq meydanda təqdim və təmsil etmək. Bu məsuliyyəti layiqincə yerinə yetirdiyimə inanıram. Magistr təhsili dövründən başlayaraq Uorvik Universitetində azərbaycanlı tələbə olaraq aktiv peşəkar fəaliyyətimlə bəzi uğurlara imza atdım. Universitetdə məzun profili dərc olunan, təqdimat video klipi yayımlanan və təhsil ilə əlaqədar müsahibələrə dəvət edilən qabaqcıl azərbaycanlı tələbələrdən biri oldum. Magistr təhsilimi bitirdikdən sonra, 2018-ci ildə Uorvik Universiteti tərəfindən təşkil edilən ilk beynəlxalq xaricdə təhsil konfransına dəvət alaraq, xaricdə təhsil rəhbəri kimi xüsusi proqram keçdim. Həmçinin, universitet tərəfindən keçirilən beynəlxalq tələbələrlə görüş və onlayn vebinarlara hər il aparıcı tələbə kimi dəvət alıram.
Azərbaycana qayıdıb təhsil meneceri olaraq fəaliyyət göstərdim və ardınca məndə lokal və qlobal təhsilə, təhsilin inkişafına təsir edən amilləri araşdırmağa peşəkar maraq yarandı. Beləliklə, gənc yaşdan etibarən artıq elmi tədqiqatçı kimi fəaliyyət göstərməyə qərar verdim. Son olaraq qeyd etmək istərdim ki, bir qədər əvvəl Uorvik Universitetinin Azərbaycandakı rəsmi səfiri təyin edildim.
“Savadlı cəmiyyət hər bir dövlətin əsas gücüdür”
- 2019-2023-cü il Dövlət Proqramına qəbul olundunuz. Proses sizin üçün necə keçdi? - Dövlət Proqramı elan edilən ilk gündən proqram rəhbərlərinin yalnız onlayn formada deyil, eyni zamanda müxtəlif canlı müsahibələrdə iştirak etməsi mənim bütün mümkün suallarıma cavab tapmağıma yardımçı oldu. Bəlkə, bunun nəticəsidir ki, mənə görə proses və qoyulmuş tələblərin hamısı asan və izlənilməsi rahat idi. Ümumilikdə, proses aydın və operativ şəkildə təşkil edilib. Bütün məlumatlar “Dövlət Proqramı” idarə heyəti tərəfindən istifadəsi sadə olan onlayn platformada proqram iştirakçılarına təqdim edilir və onlara şəxsi qeydiyyat proseslərini ardıcıl izləməyə imkan verir.
- Ölkəmiz üçün peşəkar mütəxəssislərin hazırlanmasında Proqramın əhəmiyyətini necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, əgər insan bir dövlətin əsas resursudursa, o zaman savadlı cəmiyyət hər bir dövlətin əsas gücüdür. Əgər bu perspektivdən baxılarsa, təhsilli və elmli cəmiyyət yaratmaq üçün atılan hər bir addım əhəmiyyətlidir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” istedadlı gənclərin dünyanın ən yüksək 500 universitetində təhsil almasını və vətənə qayıdaraq həmin universitetlərin akademik sahədə təhsil sistemi və metodikasını lokal universitetlərdə tətbiq etməsini dəstəkləməklə təhsil sahəsinə uğurlu və dəyərli yatırım edir. Qısa müddətdə bu layihənin Azərbaycan Respublikasının müxtəlif sahələrində sosial-iqtisadi inkişafına sürətli və qlobollaşma prosesinə töhfə verəcəyini düşünürəm.
“Təhsil və tədris prosesinin bir çox məsələləri ilə maraqlanıram”
- Doktorant olaraq təhsilin təşkili və idarə edilməsi sahəsində sizi ən çox hansı məsələlər maraqlandırır? - Təhsilin təşkili və idarə edilməsi düzgün liderlik strategiyası, təhsildə qərar qəbuletmə, innovativ yanaşma və insan resurslarının idarə edilməsi kimi vacib bacarıqları özündə birləşdirən bir sahədir. Qeyd etdiyim bu bacarıqlara sahib olmaqla təhsildə davamlı inkişafı təşkil etmək isə bu sahənin əsas məqsədidir.
Doğrusu, təhsil və tədris prosesinin bir çox məsələləri ilə maraqlanıram. Yəqin ki, bu, bir az da peşəkar maraqdan irəli gəlir. Nəticə olaraq, bu zamana kimi həm tələbə motivasiyası, həm müəllim məmnuniyyəti, həm də müasir təhsili idarə etmə modelləri üzrə müxtəlif araşdırmalar etmişəm. Lakin, hal-hazırda məni maraqlandıran və vacib hesab etdiyim əsas məsələ qloballaşmanın təhsil qurumlarına olan təsiri və bu təsirin düzgün dəyərləndirilməsi yolu ilə təhsil sahəsinin inkişafının təmin edilməsidir. Günümüzdə qloballaşan və sürətlə dəyişən mühitdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə təhsil sektoru fövqəladə liderlər tələb edən məsələlərlə üzləşir. Buna görə də təhsil müəssisələrinin davamlı inkişafını təmin etmək üçün peşəkar rəhbər kadr və bu mütəxəssislərin rəhbərlik etdiyi təşkilati struktura sahib olmaq lazımdır. Təbii ki, bu da qeyd etdiyim məsələlərin araşdırılması və müasir həll yollarının yaradılması zərurəti yaradır.
- Konkret olaraq, tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz, nələri araşdırmaq istərdiniz? - Araşdırma mövzum qloballaşma dövründə ali təhsil müəssisələrində idarəetmə sisteminə və təşkilati struktura əsaslanır. Ali təhsil müəssisələri təkcə peşəkarlar üçün təhsil verən təşkilat deyil, həm də hər bir güclü ölkənin müraciət edə biləcəyi ən əhəmiyyətli elmi mənbə, dəyərli insan resursu olan müəssisədir. Bu da həmin müəssisələrin əhəmiyyətini bir daha sübut edir. Nəticədə, ali təhsil müəssisə liderləri başda olaraq bu müəssisələrə rəhbərlik edirlər. Bununla belə, bu idarə etmə prosesi birbaşa deyil, təşkilati struktur vasitəsi və müəssisənin idarə heyəti tərəfindən müəyyənləşdirilən strategiyaya əsasən həyata keçirilir. Sonda, ali təhsil müəssisəsinin inkişaf göstəricisi sadəcə gəlir deyil, həm də davamlı strateji inkişaf, təşkilati struktur, dəyişilən şəraitə uyğunlaşma, davamlı öyrənmə və komanda işidir.
İnanıram ki, Azərbaycan universitetlərində aparacağım bu araşdırma və hazırlayacağım qlokal (glocal) idarəetmə modeli Azərbaycan təhsil sistemini yeniliyə və ali təhsil sistemini yüksək effektivlik səviyyəsinə çatdıracaqdır.
“Əsas istəyim səmərəli təşkilati rəhbərlik modeli yaratmaqdır”
- Tədqiqatlarınız təhsil sistemimiz və xüsusən də tərəfdaş ali təhsil müəssisəsi üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər? - Mənim araşdırmamın ilkin məqsədi az tədqiq edilmiş bir məsələyə diqqət yetirmək və eyni zamanda öz vətənim Azərbaycanda ali təhsil müəssisələrinin missiyası və vizyonları üzrə islahat aparılarkən tətbiq olunan potensial müsbət tövsiyələr planı hazırlamaqdır. Əsas istəyim Azərbaycan kimi sürətlə inkişaf etməkdə olan ölkənin güclü gələcəyi naminə daha uğurlu təhsil sisteminə xidmət edən səmərəli təşkilati rəhbərlik modeli yaratmaqdır.
İnanıram ki, hələ araşdırma dövründə belə tərəfdaş ali təhsil müəssisəsi ilə qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün səmərəli və uğurlu olacaq. Eyni zamanda məqsədim doktorantura pilləsi üzrə təhsilimi bitirdikdən sonra həm tərəfdaş ali təhsil müəssisəsində, həm də Azərbaycanın təhsil sahəsində fəaliyyətimi davam etdirməklə davamlı, keyfiyyətli təhsil və idarəetmə sisteminə akademik və həmçinin bir mütəxəssis kimi töhfə verməkdir.
“Liderlik, idarəçilik, təşkilatçılıq...”
- Doktorantura təhsili üçün Britaniyanın Uorvik Universitetini seçmisiniz. Doktorantura təhsilinizdən gözləntiləriniz barədə nə deyə bilərsiniz? - Qeyd edim ki, mən İngiltərə və həmçinin Uorvik Universitetinin tədris strukturu ilə ilk dəfə magistr təhsili alarkən tanış oldum. Bakalavr təhsilini Azərbaycanda alan bir tələbə üçün tamam fərqli bir tədris mühiti idi. Belə ki, tənqidi düşüncə və fərdi tədqiqat bacarıqlarına Uorvik Universitetində yiyələndim. Uorvik Universiteti İngiltərənin öndə gedən tədqiqat universitetlərindən biridir. Bu universitetin əsas özəlliklərindən biri tələbələri araşdırma mövzularında heç bir standard qəlibə salmaması və tam sərbəstlik verməsidir. Həmçinin tələbələrin dərs prosesi müxtəlif növ simulyasiyalı və ya tematik araşdırmalı (case-study) tədris prosesinə əsaslanır.
Universitet tələbələri yalnız təhsilə deyil, eyni zamanda təhsildən kənar fəaliyyətlərə də cəlb edilir. Bu əlavə fəaliyyətlər və üzv olduqları qurumlar tələbələrin liderlik, idarəçilik, təşkilatçılıq və s. kimi bacarıqlar qazanmasına şərait yaradır. Mən öz növbəmdə təhsil almaqla yanaşı UNİCEF kimi təşkilatlara qoşularaq fərqli layihələrdə və beynəlxalq təqdimatlarda iştirak etmişəm.
“Azərbaycan təhsil sisteminin qlobal miqyasda tanınmasını hədəfləyirəm”
- Pandemiya dünyada ali təhsilə də ciddi təsir göstərdi. Necə düşünürsünüz, ali təhsil sistemi, universitetlər pandemiyadan hansı dərsləri çıxarmalıdır? - Öncəliklə, mövcud hal bizə təhsildə düzgün vəziyyəti qiymətləndirmə, sürətli qərar qəbuletmə və həyata keçirmə bacarıqlarının əhəmiyyətini bir daha göstərdi. Mənim fikrimcə, təhsil qurumları müasir texnologiyalara sahib, işçi heyət yeniliyə açıq, idarəetmə həyatı isə öz növbəsində daimi dəyişikliyə və standartdan kənar düşünməyə hazır olmalıdır.
Əlavə olaraq, Uorvik Universitetində araşdırma aparmağım və peşəmlə əlaqədar bir sıra digər xarici universitetlərlə daimi əlaqədə olmağım mənə yalnız öz elmi bacarıqlarımı deyil, eyni zamanda dünyaca məşhur universitetlərin nümunəsini təhlil etməyə şərait yaradır. Bəzi uğurlu və özünü sübut etmiş tədris sistemini bizim ali təhsil müəssisələrinə asanlıqla uyğunlaşdırmaq mümkündür. Buna ən düzgün və aktual nümunə isə təhsilin bir hissəsinin hər zaman online olmasıdır. Qabaqcıl universitetlərdə tələbənin dərs materialları və təqdimatları, tədris proqramı, departament tərəfindən yayımlanan bütün informasiya və digər məlumatlar daim tələbəyə online şəkildə şəxsi profilindən təqdim edilir. Bəzi universitetlər daha da irəliyə gedərək “Flipped Learning” kimi müasir və texnologiyaya əsaslanan tədris metodikasını mənimsəyir və tətbiq edir. Məhz bu səbəbdən belə universitetlərin tam online təhsilə keçmə prosesi daha sürətli və operativ oldu. Düşünürəm ki, biz də belə nümunələrdən bəhrələnərək daha innovativ bir sistemə sahib olmalıyıq. Pandemiya sadəcə bunun vacibliyini bizə göstərdi, lakin, qeyd etdiyim sistem daimi istifadə üçün təşkil olunmalıdır.
- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?. - Qeyd etmək istərdim ki, həm Azərbaycan, həm də Qərb təhsil sistemində təhsil aldığım və işlədiyim üçün gələcəyə dair hədəflərim də qlobal və lokal olmaqla iki hissəyə ayrılır. Öncə hədəfim hər zaman qazandığım və qazanacağım bütün elmi bilikləri gələcəkdə Azərbaycanda tətbiq və tədris etməklə təhsil sisteminin inkişafına dəstək olmaqdır. Son olaraq, Azərbaycan təhsil sisteminin qlobal miqyasda tanınmasını hədəfləyirəm.
Oruc MUSTAFAYEV
|
|
28.08.2020 | 12:00 | |
|
|
|