Daha hazırlıqlı, daha bilikli olanlar qazanır

2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi - test imtahanları davam edir. Avqust ayının 14-dən start götürən prosesdə artıq 20 mindən çox namizəd iştirak edib. Azərbaycan dili və ədəbiyyat üzrə 5029, biologiya üzrə 1151, fizika üzrə 1339, fiziki tərbiyə üzrə 2739, fransız dili üzrə 259, musiqi üzrə 1537, rus dili üzrə 561, rus dili və ədəbiyyat üzrə 228, təsviri incəsənət üzrə 826, ibtidai sinif müəllimliyi üzrə 2392 namizəd imtahan verib.  Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlar davam edir. Müəllimlərin işə qəbulu müsabiqəsi  ingilis dili, alman dili və kimya  fənləri üzrə imtahanlarla davam edəcək. İmtahanlar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlər 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla 60 sualı cavablandırır.

 

“60 bal toplamağı hədəf seçdim”

 

İmtahanlarda indiyədək 2 nəfər 60 bal toplayıb. Ən yüksək nəticəni musiqi fənni üzrə Gəncə Dövlət Universitetinin məzunu Rəna Hüseynova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Leyla Ağayeva əldə edib. Hər iki fənn üzrə fərqlənənlər müəllimliyə vurğun gənclərdir. Onlardan biri - Rəna Hüseynova öz təcrübəsində təsdiq edib ki, insan qarşısına məqsəd qoyanda  heç bir çətinlik ona əngəl ola bilmir. Gəncə Dövlət Universtitetinin musiqi müəllimliyi ixtisası üzrə məzunu bu günlərdə 22 baldan 60 bala qədər yüksəlməyin, sadəcə sevincini yox, həm də qürurunu yaşayır: “Müəllim olmaq istəyənlərin hamısına öz təcrübəmdən irəli gələn bir məsləhət vermək istəyirəm. Onları əmin edirəm ki, insan çalışanda, öz üzərində işləyəndə bəhrəsini mütləq qazanır. Bu gün əldə etdiyim uğur bunu sübut edir. Savadıma güvənib ilk dəfə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılsam da, 22 balla çıxdığım o imtahan mənim üçün xəyal qırıqlığı oldu. Ancaq bu, uzun sürmədi və  qarşıma 22-dən sonra 60 bal toplamağı hədəf seçdim. Əzmim, qətiyyətim bugünkü uğurumun əsl səbəbidir. Bir daha əmin oldum ki, insan qarşısına məqsəd qoyanda  heç bir çətinlik ona əngəl yaratmır”.

 

Rəna Hüseynova ilk uğursuzluğunu belə izah edir: “Müəllimlərin işə qəbulu imtahanına ilk dəfə 2018-ci ildə qatıldım. Qarşıma çıxan məntiqi suallar zəif tərəfimi çox acı təcrübə ilə göstərdi. Hər hansı xüsusi hazırlıq keçmədən yaxşı müəllim olmaq üçün bu və başqa axsayan tərəflərimi inkişaf etdirməyə başladım. Bu yolda əsas bələdçim isə Günel İsmayılova oldu. Gəncədə yaşayan Günel müəllimin “WhatsApp” qrupu var. Müəllimlərə bu yolla məsləhətlər - hansı kitablardan, necə hazırlaşmaqla bağlı tövsiyələr verir. Həmin qrupda mən də öz testlərimi müəllimlərlə paylaşmışam. Hazırlaşarkən, sadəcə hazır test həll etmirdim, həm də özüm suallar hazırlayırdım. Həmin testləri digər hazırlaşanlarla paylaşmaqla işimdən başqalarının da faydalanmasına nail olurdum. Əslində, bununla həm də özümə stimul verirdim. Beləcə, mənə hardan başlayacağıma, necə hazırlaşmalı olduğuma dair məsləhətlər verən Günel müəllimin göstərdiyi istiqamətdə yola çıxdım və nəticəm göz qabağındadır”.

 

Hazırda Yevlax şəhərində yaşayan R.Hüseynova sentyabrda ilk müəllimlik fəaliyyətinə başlayacaq. İndidən çoxlu planları var: “Hər  bir şagirdinə fərdi yanaşan, onların psixoloji xüsusiyyətlərini nəzərə alan, yeri gələndə müəllim, yeri gələndə ən yaxın insan olan xəyalımdakı o ideal müəllim obrazını həyatda da yaratmağa çalışacağam. Şagirdlərimin hər birini qiymətləndirib, nailiyyətlərinin artması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Məntiq ilk girdiyi imtahanda gözünü necə qorxudubsa, builki dəyişiklik onu sevindirib: “Nə gizlədim, məntiqi sualların testdən çıxarılmasına çox sevindim. Özümü inkişaf etdirmək üçün bu istiqamətdə də hazırlaşmışdım, ancaq qorxularım hələ də vardı. Hətta düşünürəm ki, bəlkə məntiqi suallar olsaydı, 60 balı toplaya bilməzdim”.

 

“Nəhayət, bu il ən yüksək nəticə əldə etdim”

 

İmtahanlarda maksimum nəticəyə nail olan Leyla Ağayeva isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 2009-2013-cü illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. İlk dəfə 2013-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb. Həmin nəticə ilə yaşadığı Saatlı rayonundakı Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə işə başlayıb. 2016-cı ildə yerdəyişmə ilə Bakı şəhərindəki məktəblərdən birində fəaliyyətini davam etdirmək istəsə də, əldə etdiyi 54 bal hədəfindəki məktəblər üçün az olub. Sonrakı illərdə keçirilən müsabiqələrdən də uğursuz çıxan L.Ağayevanın balı az olmasa da, daha güclü rəqiblərlə mübarizədə yetərsiz qalıb.

 

Əsl arzusundan - müəllim kimi sinfə girmək, şagirdlərlə ünsiyyət qurmaq, sevib-sevilmək istəyindən isə heç vaz keçməyib: “3 il pedaqoji stajım olsa da, sinfə girə bilmirəm. Nəhayət, bu il ən yüksək nəticə əldə etdim. 60 bal topladığıma çox sevinirəm. Çünki düz 3 ildir, məktəbdə yenidən çalışa biləcəyim günü gözləyirəm.

 

Müəllimlərin işə qəbulu imtahanlarında hər il məntiqdən hazırlaşmadan, 9-10 suala cavab yazırdım. Bu il metodikaya aid daha çox sual olacağı isə o demək idi ki, daha çox hazırlaşmalıyam. Ona görə də 3 ay gecə-gündüz demədən çalışdım. İxtisasa özüm hazırlaşsam da, metodikadan dəstək aldım. Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənovun onlayn qruplarına qoşuldum”.

 

 

Bu hazırlıqlar bəhrəsini verib. O, imtahanda çox çətinə düşməyib: “İxtisas sualları rahat görünsə də, diqqət tələb edirdi. Gördüyümüz standartdan kənar suallar da vardı. Çox maraqlı idi. Metodikadan olan suallar daha çox mahiyyətə əsaslanırdı, situasiya tipli idi”.

 

L.Ağayeva müəllim şərəfini ucaldan, sayılıb-seçilən müəllimlərdən olmaq istəyir: “Müəllimlikdə nəyi keçəcəyimiz yox, şagirdlərimizin nəyi öyrənəcəyi önəmlidir. Düşünürəm ki, hər şagirdə fərdi yanaşmaqla onların ehtiyacını öyrənmək və dərsi daha səmərəli qurmaq olar. Niyyətlərimdən biri budur. Millətimizə, Vətənimizə layiqli insanlar yetişdirmək işində mən də öz üzərimə düşəni etmək istəyirəm”.

 

Daha bir maksimum bal

 

 

Daha bir 60 bala dünən ibtidai sinif müəllimliyi üzrə imtahan verən Leyla Ağayeva nail oldu. 1997-ci ildə Bakıda doğulan Leyla 241 nömrəli tam orta məktəbin məzunudur. 2018-ci ildə Bakı Qızlar Universitetini bitirib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal toplayaraq maksimum nəticəyə imza atıb: “60 bal topladığımı görəndə sevincdən ağladım. O qədər ağlamışdım ki, gözlərim şişmişdi”.

 

3 ildir müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizəd builki imtahbanları belə fərqləndirib: “Bu il düşündürücü suallar olsa da, imtahan çətin deyildi. Keçən il məntiq vardı”.

 

Artıq iki ildir müqavilə ilə müəllim işləyən L.Ağayeva həyəcanla növbəti mərhələni gözləyir: “İmtahanda uğur qazanmaq üçün hazırlıq önəmlidir. Yaxşı hazırlıq üçün isə peşəkar bələdçin və motivasiyan olmalıdır. Mən də, müəllimlərim də əziyyət çəkdik və nəticə əldə etdim. 2 ildir qazandığım təcrübə isə mənə müsahibə mərhələsində və növbəti tədris ilində şagirdlərimlə işləməkdə kömək edəcəyinə əminəm. Bakıda yaşadığım əraziyə yaxın məktəblərin birinin, vakansiya olarsa, məzunu olduğum 241 nömrəli tam orta məktəbin müəllimi olmaq istəyirəm”.

 

 

“Fənnimi də sevirəm, uşaqları da...”

 

Nurlana Talıbova fiziki tərbiyə müəllimliyinə ən yüksək bal toplayan qadın namizəd olub. O, 52 bal toplayaraq  vakant yer seçimində iştirak etmək hüququ əldə edib. Şəki Pedaqoji Texniki Kollecindən məzun olan N.Talıbovanın müəllimliyə başlaması uzun illər həyat yoldaşının hərbçi olması səbəbindən ləngiyib. Müxtəlif bölgələrdə yaşadıqlarından arzuladığı və yiyələndiyi peşədə özünü sınamağı təxirə salıb. Axır ki, bu il sinfə girmək üçün vəsiqə qazanacaq. Dediyinə görə, bu hüququ əldə edə bilməsində müəllimlərin işə qəbulu imtahanlarına edilən dəyişikliyin rolu az deyil:  “Bəzi suallar vardı ki, variantlar arasında qalırdım. Səhvlərim də elə tərəddüd etdiyim suallarda olub. Bu il səhvlərimizin nədə olduğunu bilmək şansına görə təşkilatçılara təşəkkür edirəm. Yoxsa, səhvimin nədə olduğunu bilməyəcəkdim. Səhvlərimi yoxlayanda onu da anladım ki, imtahan sualları arasından məntiq çıxarılmasaydı,  bu  balı toplamağım mümkün olmayacaqdı. Məntiqdən yanılma ehtimalı daha çoxdur, lakin kurikulum nəzəriyyəni öyrənəndən  sonra  asan  olur.  Sevinirəm ki, suallar məntiqdən yox,kurikulumdan oldu”.

 

N.Talıbovanın sözlərinə görə, yaxşı müəllim olmaq istəyir. Bunun üçün ən önəmlisi uşaqları sevməkdir, o da sevir: “İdeal müəllim peşəsinə vurğun olmalıdır, şagirdlərini sevməlidir. Fənnimi də sevirəm, uşaqları da. Tədrisin normal həyata keçməsi üçün var gücümlə çalışacağam. Şagirdlər fiziki tərbiyədən, demək olar ki, valideyninin üzündən yayınır. Mən bu təsiri azaltmağa çalışacağam. Maraqlı dərs qurmaqla  şagirdlərimin fiziki tərbiyə saatlarını səbirsizliklə gözləməyinə nail olmağa çalışacağam. Bu, onların sağlamlığı üçün çox önəmlidir”.

 

“59 görəndə çox sevindim”

 

İbtidai sinif müəllimliyi üzrə imtahanda 59 bal toplayan Fatimə Qurbanova Şəmkir rayonunun Mahmudlu kəndindəndir. Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai sinif müəllimliyi ixtisası üzrə bu il bitirib. Əsas hədəfi Bakı məktəblərindən birində dərs keçməkdir: “Universitetdə də kurikulum keçdik. Ancaq ona arxayın olmadım. Mart ayından onlayn hazırlıqlara qatıldım. 55 bal toplayacağımı düşünürdüm. 59 görəndə çox sevindim”.

 

Fatimə imtahan üçün ayrılan 90 dəqiqəni son saniyəsinədək istifadə edib: “İmtahan bitmədən çıxmadım Müəllimlərim tapşırmışdı ki, imtahanı bitirməyə tələsməyək. Yazdığımız cavablara bir də nəzər yetirək. Mən də elə etdim”.

 

Fatimə Bakıda işləmək istəyini belə izah edib: “Bakıda məşğuliyyət üçün geniş imkanlar var. Gələcək karyeram üçün məhz Bakıda işləmək istəyirəm”.     

 

 

Apellyasiya müraciətləri başlayıb

 

Bu həftə - avqustun 24-dən etibarən müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə apellyasiya müraciəti etmək imkanı yaradılıb. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq müraciəti edə biləcəklər. Müraciət imtahandan sonra 2 gün ərzində edilməlidir. Müraciətlərə yeni tədris ili başlamazdan öncə baxılacaq.

 

Ruhiyyə DAŞSALAHLI

 



28.08.2020 | 13:28