Xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş

Avqustun 25-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.

 

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2020-2021-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan Firudin Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

 

Nazir müavini həmçinin pandemiya şəraitində onlayn təhsil formasının gündəmə gəldiyini, bunun əslində zamanın tələbi olduğunu, lakin pandemiyanın bu prosesi sürətləndirdiyini qeyd edib. Bununla yanaşı, tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətinin təbliği və haqq səsinin qorunmasına diqqət yetirilməsi, vətənpərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb.

 

Firudin Qurbanov tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

 

Sonda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb və tələbələrin təqaüd ölkələrinə səfərləri ilə bağlı mümkün imkanların müzakirəsi həyata keçirilib.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə Macarıstanda 193, Latviyada 8, Çində isə 21 nəfər təhsil alacaq. Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.

 

 



25.08.2020 | 16:36