“Əsas hədəfim ən azı bürünc medalçılar arasına düşmək idi” | |
Avqustun 14-21-də virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub.
33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi yarışmada məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər.
Yarışın mükafatçılarından biri Murad Eynizadə “Azərbaycan müəllimi” qəzetinə son nailiyyətindən danışıb. Onun sözlərinə görə ötən il də qatıldığı, ancaq medal ala bilmədiyi builki yarışda hədəfinə nail olub: “Ötən il heç bir medal qazana bilmədiyim üçün bu il əsas hədəfim ən azı bürünc medalçılar arasına düşmək idi. Hədəfimə nail oldum”.
Murad iştirakçısı olduğu beynəlxalq yarışları belə müqayisə edib: “Sualların çətinliyinə görə bu yarışı digər olimpiadalarla müqayisə etmək çətindir. Çünki hamısının özünəməxsus çətinliyi var. Amma formatına görə fərqlənirlər. Olimpiadalar hər gün 3 sual olmaqla 2 gün kecirilir. Bu yarıs yalnız bir gündür. Həmin gün çətinliyi ilə başqa olimpiadalardan fərqlənməyən 3 suala cavab verməliyik. Yəni nəticəmiz yalnız bir gündən asılı olur. Bu yarışda iştirakçı sayına hər hansı məhdudiyyət qoyulmur. Amma hər ölkədən ən yaxsı 6 iştirakçı rəsmi nəticələrdə nəzərə alınır. Bu səbəbdn yarışda rəqabət daha cox olur”.
Bu uğur son deyil. Azərbaycan komandası indi də məktəblilər üçün ən böyük yarışa - İnformatika olimpiadasına (IOI) hazırlaşır. Sentyabrın 13-19-da keçiriləcək növbəti olimpianın da onlayn keciriləcəyi gözlənilir.
“Amma biz yenə də həmişəki kimi hazırlaşırıq”, - deyən M.Eynizadə yarışın onlayn keçiriləcəyinə təəssüflənir: “Onlayn keçirilən yarışda gərginlik nisbətən az olsa da, ənənəvi olimpiadalara üstünlük verirəm. Çünki olimpiadada istirak, sadəcə yarışmaqdan ibarət deyil. Olimpiadanın keçirildiyi ölkələrdə xüsusi proqram hazırlanır. Bizi stresdən çıxartmaq və əyləndirmək üçün maraqlı gəzintilər təşkil olunur. Onlayn keçiriləndə, bu, mümkün olmadığı üçün təəssüflənirəm. Həm də real yarışdan aldığımız enerjini onlayn yarışda ala bilmirik”.
Qeyd edək ki, Murad Eynizadə yuxarıda adıçəkilən liseyin məzunudur və indiyədək IOI, APIO, EJOI, IzHO və s. kimi olimpiadalarda iştirak edərək 2 gümüs və 2 bürünc medal qazanıb.
Növbəti tədris ilindən Cənubi Koreyanın Elm və Texnologiya İnstitutunda (KAIST) Kompüter Elmləri ixtisası üzrə təhsil alacaq. Komanda yoldaşları - Barış Namazov, İbrahim Tağızadə və Hüseyn Hacıyev də artıq tələbədirlər. Digər bürünc medalçı Əziz Hüseynov isə X sinif şagirdidir.
M. Eynizadə təhsilini və bundan sonrakı həyatını texnologiyanın inkişafı yüksək olan ölkələrdə davam etdirmək niyyətindədir: “Amerika, Kanada və Cənubi Koreya kimi texnologiya nəhəngi olan şirkətlərin yerləşdiyi ölkələrdə oxumaq və işləmək istəyirəm. Ümid edirəm ki, böyük şirkətlərin birində, xüsusən “Google”da çalışa bilərəm. Ən böyük arzum isə öz şirkətimi qurmaqdır. Mümkün olsa, Azərbaycan mərkəzli şirkət qurmaq istəyərdim. Amma uğurlu başlanğıc üçün şirkətimin sadaladığım ölkələrdə yerləşməsi daha məqsədəuyğundur”.
Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir və məktəblilərimiz sözügedən yarışa 2019-cu ildən etibarən qatılırlar.
Xatırladaq ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.
Ruhiyyə DAŞSALAHLI
|
|
24.08.2020 | 16:25 | |
|
|
|