DİM qabiliyyət imtahanlarına hazırlaşan abituriyent və subbakalavrlara müraciət etdi

Bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün abituriyentlər və subbakalavrlar qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

 

Bu barədə  “Azərbaycan müəllimi”nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Ali təhsil müəssisələrinə qəbul üçün 20,21,22,23,24,25,27,28,29,30,31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür.

 

Abituriyentlər buraxılış vərəqələrini https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olaraq çap edə bilərlər.

 

Avqustun 26-dan başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur.

 

DİM-dən o da bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Teatr, kino və xoreoqrafiya sənəti” istiqamətinin 55-Xoreoqrafiya sənəti və 54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də hər iki komissiyada əvvəldən qeydiyyatdan keçən abituriyentin ifaçılıq fənni üzrə komissiyalardan birindən aldığı müsbət qiymət, digər komissiyaya da şamil edilir.

 

54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli¬ və özləri ilə rəqs paltarı gətirməlidirlər.
 

Ruhiyyə



24.08.2020 | 15:02