MDU-nun "Crisis Heroes" komandasının növbəti uğuru

Mingəçevir Dövlət Universitetinin (MDU) "Crisis Heroes" komandasının cari ilin 3-5 iyul tarixlərində təşkil olunan “Aquahack” ilk virtual yarışmasına təqdim etdiyi layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

 

Təşkilatçılar layihənin reallaşdırılması üçün “Crisis Heroes” komandasının müvafiq texniki avadanlıqlarla təchiz edilməsinə qərar veriblər. Komandanın üzvləri sertifikat və hədiyyələrlə təltif olunublar.

 

Universitetdən bildirilib ki, MDU-nun rektoru Şahin Bayramov komandanın bir qrup üzvü ilə görüşüb, tələbələri uğur münasibətilə təbrik edib və sözügedən layihənin reallaşdırılması istiqamətində zəruri dəstəyin göstəriləcəyini bildirib. Ş.Bayramov MDU tələbələrinin startap fəaliyyətinə daha fəal cəlb olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə bilgi verib.

 

Məlumat üçün bildirək ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "Hackathon Azerbaijan” komandasının birgə təşkilatçılığı ilə keçirilən “Aquahack” hakatonunun məqsədi mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun əhəmiyyətinə dair maarifləndirmə işinə töhfə vermək olub.

 

Yarışmada iştirak üçün müraciət edən 68 komandadan 61-i seçim mərhələsinə buraxılıb. Müsabiqənin meyarlarına cavab verən 49 komanda (180 iştirakçı) yarışda iştirak hüququ qazanıb. MDU-nun "Crisis Heroes" komandası yarışmanın finalına yüksələn 36 komanda arasında yer almağı bacarıb.

 

Komandanın "Artificial Irrigation" (süni suvarma) adlı layihəsinin  məqsədi süni suvarma vasitəsilə artıq su sərfini minimuma endirmək, suvarma zamanı yaranan şoranlaşma və erroziyanın qarşısını almaq və vaxta qənaət etməkdən ibarət olub. Layihə çərçivəsində yaradılacaq mobil tətbiq suvarmanın sahəyə getmədən həyata keçirilməsini nəzərdə tutur.

 



22.08.2020 | 12:13